Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1136/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də dalandar işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:20 radələrində qohumlarının yaşadığı ünvan 2 ünvanına ictimai yerdə nəlayiq ifadələr işlətmiş barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Tural Kazımov məhkəmə iclasında izahatında bildirmişdir ki, Şəxs Səbinə adlı qadınla evli olmuş, daha sonra boşanmışlar. Boşandıqdan sonra Səbinə qardaşı Teymur və qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən ata evində yaşaçışlar. Belə ki, İlkin övladını görmək məqsədilə sərxoş halda xx.xx.2025-ci il tarixdə həmin ünvana getmiş, Zərərçəkmiş şəxs həyat yoldaşı Teymura ona zəng edərək İlkinin yenidən yaşadıqları ünavana gəldiyini bildirmişlər. Bildirir ki, daha öncə, yəni xx.xx.2025-ci il tarixdə Şəxs barəsində eyni məzmunlu protokol tərtib edilmiş, 50 manat məbləğində cərimə edilmişdir. Şəxs Zərərçəkmiş şəxs ünvanına ictimai yerdə söyüş söydüyü üçün Zərərçəkmiş şəxs ərizə ilə 1-ci PB-ə müraciət etmişdir. Məhkəmədən inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, Natəvan onun anasına zəng etmiş, anasını söyərək təhqir etmişdir. Həmin vaxt o, evə getmiş, anası ona bu barədə məlumat vermişdir. Daha sonra o, bacısının uşaqlarını götürmək üçün “Səda Store” marketin arxasında, fərdi evdə yaşayan bacısıgilə getmişdir. Yolu keçərkən Natəvanın onu söyərək videoya çəkdiyini görmüş, o da Natəvanı söymüşdür. Hadisədən sonra keçmiş qaynı Teymur ona zəng edərək “sənin boğazını kəsib həbsdə yataram” demişdir. Keçmiş həyat yoldaşı Səbinənin ailəsi mütəmadi olaraq onlarla münaqişə edir. Hətta 1 dəfə yolda hərəkət edərkən Səbinə, Gülnar və Natəvan onun bacısını döymüş və uşağın arabasını yola atmışlar. Bildirir ki, keçmiş qaynı Teymur onun burnunu qırdığı üçün sonuncu cinayət məsuliyyətinə cəlb edilmişdir. Buna görə də Teymur onunla ədavət aparır. Hər dəfə uşağını görməkdə ona maneə yaradıb, onu özündən çıxardırlar. O söyüş söyərkən səsini yazır, 102 Xidmətinə zəng vururlar. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq Şəxs bildirmişdir ki, hadisə vaxtı küçədə olan qonşu səsə çıxmış ondan “sakitliyə riayət etməsini” tələb etmiş, o isə qonşuya “ get işinlə məşğul ol” cavabını vermişdir. Təqsirini etiraf edir, əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Himayəsində xəstə anasının olmasını, həmçinin İİİ qrup əlil olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam radələrində İlkin sərxoş vəziyyətdə onların yaşadıqları mənzilə gəlmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman səsə qonşular çıxmışdır. Hadisə vaxtı evdə özü və qaynanası olmuş, baldızı Səbinə həmin vaxt işdə olmuşdur. İlkinin səsindən uşaqlar çox qorxmuşdur. O, İlkini söyməmiş, lakin onun hərəkətlərini videoya çəkmişdir. Məhkəmədən barəsində icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil onun ata olaraq uşaqla ünsiyyət hüququ pozulduğu üçün bu kimi hərəkətlər etdiyini, şəxsin xəstə olmasını, psixoloji problemlərinin olduğunu nəzərə alaraq onun barəsində yüngül cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı 08 may 2025-ci il tarixdə ərizə ilə 1-ci PB-nə müraciət ünvanlamışdır. 08 may 2025-ci il tarixli raportdan görünür ki, X2 102 XZMS-nə zəng vuraraq Şəxs yoldaşını təhqir etməsi barədə məlumat vermişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, xx.xx.2023-cü il təvəllüdlü Əminə Səmədl adlı bir övladı var. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs ABİ-ə görə 393.33 manat məbləğində pensiya alır. Məhkəmə iclasında 01 ədəd DVD diskə baxış keçirilərkən Şəxs həqiqətən də Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında onu yüksək səslə müxtəlif təhqiramiz, küçə söyüşləri söyüb təhqir etdiyi, həmin vaxt binanın həyətində yeniyetmə uşaqların keçdiyi, bundan başqa bi nəfər ahıl yaşlı kişinin ona “söyüş söymə” sözünə “işinlə məşğul ol” cavabını verməsi öz əksini tapmışdır. Elektron məhkəmə informasoya sistemindən görünür ki, Şəxs Sumqayt şəhər məhkəməsinin 3(060)-1012/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesdab edilir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək günün gönorta vaxtı ətrafdaki insanların gözü qarşısında, hətta ona etdiyi hərəkətə görə narahatlıqlarını və iradını bildirmələrinə baxmayaraq öz qanunazid hərəkətlərini davam etdirmiş, Əliyevanı söyüb təhqir edərək hamı tərəfindən qəbul edilmiş, insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati qaydada həbsetmənin əvvəli 12 may 2025-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 may 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1136/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1136/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver