Məhkəmə qərarları › İş №3(060)-1138/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1138/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1138/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun Vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 1, otaq 35 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 02 may 2023-cü il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə saxlanılaraq, narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PB-nə dəvət olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə saxlanılaraq, narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PB-nə dəvət olunmuşdur. Araşdırma zamanı Şəxs özü narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Daha sonra onun Sumqayıt RND-nə aparılmış müayinə olunaraq A/653 saylı protokol ilə narkotik vasitə olan “marixuana” istifadə etməsi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olduğu zaman 3-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli şəxs olduğu üçün onu araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağı bildirildikdə o, etiraz etməyərək polislərlə birlikdə PB-nə gəlmişdir. Daha sonra onu Sumqayıt RND-nin onudan analiz götürülmüş, müayinə zamanı o narkotik vasitə olan marixuana istifadə etməsi aşkar olunmuşdur. Hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxs Ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 2542 saylı rəyində göstərilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan A/653 saylı, xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il saat 18:45) narkotik maddə olan marixuana qəbul etməsi faktı aşkar olunmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarxidə saat 08:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, Vətən müharibəsi iştirakçısı olmasını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, “Vətən müharibəsi iştirakçısı” olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 150,00 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar