Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1138/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə2, "xxxx" MMCnin nümayəndəsi X2 iştirakları ilə xx.xx.1956-cı ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda Bakı Kommersiya Məhkəməsinin 16(113)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs MMC-ə icarəyə verilmiş qeyri yaşayış sahəsindən istifadəsinə maneə yaradılması "xxxx" MMC-nin vəzifəli şəxslərinə qadağan edildiyi, protokola əlavədə isə zəruri icra tədbirləri görülsə də, icra məmurunun qanuni tələbinin yerinə yetirilmədiyi qeyd edilmişdir. Protokolu tərtib etmiş icra məmuru Cahid Qasımov izahatında bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-217/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi Zərərçəkmiş şəxs MMC-yə icarəyə verilmiş Sumqayıt şəhəri Bakı-Quba yolunun 27-ci km-də yerləşən cəmi 13734,4 m2 sahədən ibarət qeyri-yaşayış sahəsindən ərizəçinin icarəçi kimi istifadəsinə maneə yaradılması cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxslərinə və digər şəxslərə qadağan edilmişdir. Məhkəmənin həmin icra sənədinin dərhal icra olunmasını nəzərə alaraq xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvana gedilmiş və icra sənədinin məzmunu tərəflərə izah olunaraq onların iştirakı ilə tərəfindən akt tərtib edilmişdir. Sonradan "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs MMC-yə maneə yaradılması barədə Sumqayıt şəhər üzrə İcra İdarəsinə şifahi məlumat verilmiş. Bu səəbdən qərardadın icrası üçün xx.xx.2024-cü il tarixdə təkrarən göstərilən ünvana gedərək yenidən tərəflərə məsuliyyətləri izah olunmuş və müvafiq akt tərtib edilmişdir. Lakin "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən Zərərçəkmiş şəxs MMC-yə maneələrin yaradılması davam etdirildiyindən sonuncunun direktoru Nümayəndə2 Əliğa oğlu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Belə ki, zəruri icra tədbirləri görsə də, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs onun qanuni tələbini yerinə yetirməmişdir. Odur ki, vəzifəli şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra məmuru Cahid Qasımov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 01 yun 2021-ci il tarixli icarə müqaviləsində borclu tərəfindən tələbkara icrayə verilən ərazi və obyektlər göstərilmişdir. Qeyd edir ki, həmin müqavilədə sadalanan qeyri-yaşayış sahələrindən tələbkarın bildirdiyinə görə yalnız 3-də mübahisə var. Bunlar 1. Elektrik yarımstansiya binası (71 KV.m), 2. Nəzarət məntəqəsi (24 kv.m), 3. Avtodayanacaq sahəsidir. (Tırparkı 10000 m2). Bildirir ki, tələbkarın qeyd etdiyi xüsusatlar əsasında protokol tərtib etmişdir. Yerli baxış zamanı “siz də mübahisəli əraziyə baxışı məhkəmənin keçirdiyi qaydada etmişdiniz” - sualına icra məmuru tərəfindən “xeyir biz bu qaydada baxış keçirməmişdik” deyə cavab verilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs müdafiəçisi Nümayəndə1 bildirdi ki, 01 iyun 2021-ci il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Sumqayıt şəhəri Bakı-Quba yolunun 27-ci km-də yerləşən təsərrüfat obyektinin 13734.4 m2 hissəsi icarəyə verilmişdir. Obyekt özlüyündə 13734.4 kv metr deyil, 5 hektara yaxın bir ərazidən ibarətdir. İcarəyə verilən 10000 m2 ərazidən başqa həmin yerdə "xxxx" MMC-nin mülkiyyətində 1.5 hektardan artıq ərazi vadır ki, həmin ərazidən hazırda istifadə edilir, belə ki, həmin ərazi başqa şirkətə icarəyə verilmişdir. Obyektin bir giriş çıxışı vardır. "xxxx" MMC və onun rəhbərliyi tərəfindən "xxxx" MMC-nə nəzarət məntəqəsi, avtodayanacaq sahəsi ilə bağlı hər hansı maneə yaradılmamış, icarəçi icarə müqaviləsində göstərilən sahələrdən heç bir maneə olmadan sərbəst surətdə istifadə edir. O ki, qaldı elektrik yarımstansıyası binasına təhüləksizlik baxımından həmin binanın açarı özlərindədir, lakin icarəyə verilmiş təmir sexləri və digər ofis binalarına elektrikin verilməsində heç bir fasilə və problem yoxdur. Bildirir ki, adı çəkilən obyektin ümumi istifadədə olan bir girişi vardır. Həmin giriş-yəni nəzarət buraxılış məntəqəsi qarşı tərəfin istifadəsindədir, "xxxx" MMC tərəfindən zəbt olunmamış, həmin qapıdan Zərərçəkmiş şəxs MMC-ə məxsus bütün nəqliyyat vasitələri rahatlıqda girib-çıxa bilirlər. Odur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və əsassız protokol tərtib edən icra məmuru barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə2 bildirdi ki, rəhbəri olduğu Zərərçəkmiş şəxs MMC ilə "xxxx" MMC arasında 01 iyun 2021-ci il tarixli bağlanılmış icarə müqaviləsinə əsasən Bakı-Quba yolunun 27-ci km-də yerləşən təsərrüfat obyektinin ümumilikdə 13734.4 m2 hissəsi icarəyə götürülmüşdür. Qeyd edir ki, həmin icarə müqaviləsində göstərilən 71 m2 elektrik yarımstansiya binası, 24 m2 nəzarət məntəqəsi və 10000 m2 olan Tırparkından istifadə zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən maneələr törədilmişdir. Belə ki, onlar tərəfindən elektrik yarımstansiya binasına vurulmuş qıfıl icarəyə verən "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən sındırılmış, əvəzində onlar tərəfindən yeni qıfıl qoyulmuşdur. Bundan başqa "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən nəzarət buraxılış məntəqəsi nəzarətə götürülmüş, müştərilərinə təzyiqlər edilmişdir. "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən nəzarət buraxılış məntəqəsindən onlara məxsus Tırların içəri keçməsi üçün pul tələb edilmiş, əks halda Tırların buraxılmayacağını, elektrik enerjisinin kəsiləcəyi bildirilmişdir. "xxxx" MMC-nin vəzifəli şəxslərinin onlara məxsus Tırların giriş-çıxışına maneə olması, dayanacaqda saxlanılması üçün pul tələb etməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə şikayət etmişdir. 01 iyun 2021-ci il tarixli icarə müqaviləsində 24 m2 nəzarət məntəqəsinin onlara icarə verildiyi qeyd olunsa da, faktiki olaraq həmin ərazidə "xxxx" MMC-nin vəzifələri şəxsləri tərəfindən təyin edilmiş işçilər əyləşirlər. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin direktoru Ağaqulu Mahmudov barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, obyektə girişdə yerləşən nəzarət buraxılış məntəqəsi subicarə müqaviləsi əsasında onlar tərəfindən "xxxx" MMC-yə 200 manata icarəyə verilmişdir. Məhkəmə iclasında Nahid-299” MMC-nin nümayəndəsi X4 Nümayəndə2 izahatı ilə eyniməzmunlu izahat verərək "xxxx" MMC-nin direktoru Ağaqulu Mahmudov barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-217/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “Akt”-lardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədi ilə "xxxx" MMC-nin vəzifəli şəxslərinə icra vərəqəsinin mahiyyəti izah edilmişdir. 01 iyun 2021-ci il tarixli “İcarə müqaviləsindən” görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs ilə Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahnaz Almuradova arasında icarə müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Bakı-Quba yolunun 27-ci km-də yerləşən təsərrüfat obyektinin ümumilikdə 13734.4 m2 hissəsi Zərərçəkmiş şəxs MMC-ə icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təsdiq edilmiş eksplikasiyada Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci km-də yerləşən bir mərtəbəli qeyri-yaşayış binasının baş planı əks olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən əldə edilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci km-də yerləşən torpaq sahəsi "xxxx" MMC-ə məxsusdur. xx.xx.2024-cü il tarixli “Yerli baxış” prokolundan görünür ki, mülkiyyət hüququ əsasında "xxxx" MMC-ə məxsus olan torpaq sahəsi daş hasarla əhatəyə alınıb və həmin əraziyə giriş magistral yoldan sağa dönməklə bir hissədəndir. Giriş hissəsi dəmir arkadan ibarət olmaqla, iki qapılıdır. Əraziyə daxil olduqda sağ tərəfdə nəzarət buraxılış məntəqəsi, sol tərəfdə mühafizəçi otağı kimi təqdim edilən tikili mövcuddur. Girişin sağ tərəfində yerləşən nəzarət buraxılış məntəqəsi Nümayəndə2 Əliağa oğlunun bildirdiyinə görə Zərərçəkmiş şəxs MMC tərəfindən subicarə müqaviləsi əsasında "xxxx" MMC-ə 200 manata subicarəyə verilmişdir. Əraziyə daxil olduqda ərazinin kifayət qədər geniş sahəyə malik olduğu müəyyən edildi. Əraziyə giriş hissədən daxil olub sağa doğru hərəkət etdikdə 1 mərtəbəli 13 bokslu təmir sexi, ardınca sanitar qovşaq, hamam, yeməkxana, yenidən 1 mərtəbəli 18 bokslu təmir sexləri və həmin sexlərin qarşısında iri tutumlu yük avtomobillərinin həm hərəkəti həm də park edilməsi üçün dayanacaq sahəsi müəyyən edildi. Girişdən sol tərəfdə elektrik yarımstansiya yerləşir. 18 bokslu təmir sexi ilə elektrik yarımstansiyasının arxasında yerləşən daş hasaradək olan təxminən 3 hektara yaxın ərazidə çoxlu sayda (təxminən 100 və ya 100 ədəddən artıq) TİR-ların olduğu müəyyən edildi. Təmir sexlərinin həm içərisində həm də qarşısında çoxlu sayda yük avtomobillərinin park edildiyi, təmir edildiyi, işçilərin (usta və fələlərinin) təmir bərpa işləri ilə məşğul olduqları müəyyən edildi. Baxış zamanı təmir sexlərinin fasiləsiz enerji ilə təmin edildiyi, yəni sexlərdə işıqların yandığı müəyyən edildi. Baxış zamanı yük avtomobillərinin heç bir maneə yaradılmadan əraziyə daxil olub çıxdığı müəyyən edildi. Təmir sexlərinin qarşısında deyil, bir qədər kənarda yerləşən TİR-ların yerləşdiyi ərazinin kimə məxsusluğu soruşulduqda "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs müdafiəçisi Nümayəndə1 həmin ərazinin təxminən 1 hektar yarım olmaqla "xxxx" MMC-nin mülkiyyətində olduğunu, həmin ərazini digər şirkətə icrayə verdiklərini, bu ərazinin "xxxx" MMC-yə heç bir aidiyyətinin olmadığını bildirdi. Əlavə olaraq bildirildi ki, onlar tərəfindən "xxxx" MMC-yə ərazidən istifadə ilə bağlı heç bir maneə yaradılmır. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs VÖEN ********** nömrə ilə vergi ödəyicisi kimi qeydiyyatdadır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Maddənin “Qeyd” hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin, tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, vəzifəli şəxs Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi həyata keçirdiyi icra tədbirlərinə baxmayaraq qanuni tələbinin yerinə yetirilməməsi qənaətinə gələn icra məmuru Cahid Qasımov "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin (vəzifəli şəxsin) hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda, nə də ona aləvədə borclu tərəfindən icra məmurunun məhz hansı qanuni tələbinin yerinə yetirilmədiyi öz əksini tapmamışdır. Halbuki, icra məmuru məhkəmə iclaslarında etdiyi çıxışlar zamanı məhz tələbkarın müraciəti əsasında Elektrik yarımstansiya binası, nəzarət məntəqəsi, avtodayanacaq sahəsindən (Tırparkı 10000 m2) sonuncuların istifadələrinə tələbkarın maneə yaratdığını bildirdikləri üçün protokol tərtib etdiyini bildirmişdir. Halbuki, qeyd olunanlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən mübahisə predmeti olan və protokolun tərtib edilməsi üçün əsas olan qeyd olunan həmin 3 obyektə tələbkar tərəfindən maneənin yaradılıb-yaradılmamasına məhkəmə ayrılıqda hər birinə münasibət bildirməyi və nəticəni təsvir etməyi zəruri hesab edir. İlk öncə istifadəsinə maneə yaradıldığı bildirilən elektrik yarımstansiyana münasibətdə məhkəmə bildirir ki, bu hal protokolu tərtib edən icra məmuru tərəfindən sübuta yetirilməmiş, yerli baxış zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, yerli baxış zamanı məlum olmuşdur ki, Bakı-Quba yolunun 27-ci km-də yerləşən, icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs MMC-nin istifadəsinə verilmiş 1 mərtəbəli 13 bokslu təmir sexləri və 1 mərtəbəli 18 bokslu təmir sexləri, yeməkxana, sanitariya qovşağı, inzibati ofis binası fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Belə ki, bu hal bütün sexlərdə təmirdə olan TİR-ların maneəsiz təmir olunması, sexlərdə və icarəyə verilmiş digər obyektlərdə işığın fasiləsiz yanması ilə öz təsdiqi tapmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən elektrik yarımstansiya binasının fəaliyyətinə hər hansı maneəçilik törədilmiş olsaydı, təmir sexləri fasiləsiz enerji ilə təmin edilməz, sexlərdə işıq olmadığından iş rejimi pozulmaqla hər hansı fəaliyyət aparmaq qeyri-mümkün olardı. Mübahisə predmetinə çevrilmiş və tərəflər arasında fikir ayrılığına səbəb olmuş, nəzarət buraxılış məntəqəsinə münasibətdə məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən borclunun nəzarət buraxılış məntəqəsindən tələbkarın istifadəsinə yaradılmış maneə sübuta yetirilməmiş, bu hal da iş materialları ilə öz təsdini tapmamışdır. Halbuki, yerli baxış zamanı qeyd olunanların tam əksi müəyyən edilmişdir. Belə ki, yerli baxış zamanı icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs MMC-nin istifadəsinə verilmiş nəzarət məntəqəsinin istifadəsində sonuncuya heç bir maneə yaradılmadığı əksinə nəzarət buraxılış məntəqəsinin Zərərçəkmiş şəxs MMC tərəfindən "xxxx" MMC-ə 200 manata subicarəyə verildiyi müəyyən edilmiş, bu hal şirkətin rəhbəri Nümayəndə2 tərəfindən etiraf edilmişdir. Nəzarət məntəqəsi tələbkarların qeyd etdikləri kimi zəbt olunmuş olsa idi və yük avtomobillərinin əraziyə giriş-çıxışına maneə yaradılmış olmuş olsa idi nə sexlərdə, nə də sexlərin önündə təmir edilən və təmir növbəsi gözləyən hər hansı avtomobili aşkar etmək qeyri-mümkün olardı. Məhkəmə tərəflərin arasında mübahisənin yaranmasına əsas olan 10000 m2 Tırparkına münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd edir ki, bu halın özü də nə tərtib edilmiş, protokol, nə də iş materilları ilə öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan ünvana baxış keçirilən zaman həm təmir sexlərinin içərisində, həm də sexlərin qarşısında təmir olunan və təmir növbəsi gözləyən çoxlu sayda Tırların olduğu müəyyən edilməklə, iri tutumlu həmin yük avtomobillərinin dayandıqları ərazinin məhz "xxxx" MMC-yə icarəyə verilən 1 hektar ərazi olduğunu müəyyən edilmişdir. Belə ki, həmin ərazi kifayət qədər geniş olmaqla Tırların sərbəst sürətdə hərəkət etməsi, sexlərə sərbəst və maneəsiz girib-çıxması üçün tam uyğunluğu müəyyən ediımişdir. Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə2 və nümayəndəsi nümayəndəsi Zahit Karayolun "xxxx" MMC-nin rəhbərliyi tərəfindən elektrik yarımstansiya binası, nəzarət məntəqəsi və Tır parkından istifadə zamanı onlara maneəçilik törətməsi ilə bağlı verdiyi izahatları məhkəmə tərəfindən araşdırılsa da, öz əksini tapmamışdır. İş materiallarından məlum olmuşdur ki, vəzifəli şəxs Şəxs törətdiyi ehtimal edilən inzibati xəta ilə bağlı İcra İdarəsinə dəvət edilərək izahatı alınmamış, bu hissədə hər hansı araşdırma aparılmamışdır. Göründüyü kimi icra məmuru formal mülahizələrə əsaslanmaqla, "xxxx" MMC-nin vəzifəli şəxsləri və ya digər şəxslərin hərəkətlərində inzibati xəta tərkibinin əlamətlərinin həqiqətən də olub-olmamasını araşdırmadan, bu barədə sübut toplamadan, icra məmurunun məhz hansı qanuni tələbini müəyyən etmədən, o cümlədən “İcra Haqqında” qanunun tələblərinə tam riayət etmədən borclu barəsində inzibati tənbeh tədbirlərin görülməsi üçün protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda vəzifəli şəxs Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Cahid Qasımovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin vəzifəli şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya təqdim etməmişdir, o cümlədən “İcra haqqında” qanunun tələbinə yuxarıda qeyd edilən hissədə riayət etmədən protokol tərtib etmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1138/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1138/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver