Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1141/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Vəliyeva (İsmayılova) Sevinc Yusif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4277/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsini üzrsüz səbəbdən tam icra etməmiş, 1400 manat borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(060)-1141/2023 saylı qərarı ilə xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(060)-1141/2023 saylı qərarı ilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(060)-1141/2023 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati cərimə təyin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(060)-1141/202 nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərtib edilmiş protokola uyğun izahat verərək Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Vəliyeva (İsmayılova) Sevinc Yusif qızı izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun pulunu vaxtlı-vaxtında ödəməmiş, ona görə bu qədər borcu yığılıb qalmışdır. O bu pulu almaq üçün çox əzab çəkmişdir. Əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yenidən evlənməsəydi uşaqlarına baxa bilərdi. Evlənibsə, yeni ailəsini saxlaya bilirsə, demək imkanı var, borcu da ödəyə bilər. Pulunun tam olaraq ödənilməsini istəyir, əgər ödəmirsə qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o imkanı daxilində, vaxtlı-vaxtında ödənişlərini edir. Hal-hazırda da 110 manat ödəniş etmişdir. Onun qalıq borcu 1125 manat təşkil edir. Bundan sonra da ödəniş edəcəkdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 bildirdi ki, Şəxs üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, əmək haqqından tutulmalar aparılmış, imkanı olduqca ödəniş etmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs təqsirliliyi sübuta yetmir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarında göstərilən, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarının ləğvinə əsas olmuş halları araşdırdı, həmin halların araşdırılması nəticəsində müəyyən olundu ki, Şəxs imkanı hüdudlarında ödənişlər etmiş və davamlı olaraq ödəniş etməyə davam edir. Məhz bunun nəticəsidir ki, bu günə onun borcu 1125 manatdır. Onun icra sənədi üzrə borcunu bir dəfəyə, tam ödəmək üçün imkanınının olması barədə heç bir sübut təqdim edilmədi, icra işində də belə sübut yoxdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4277/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(060)-6872/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 1300 manat dəyərində 1 ədəd boyunbağı (sep) və klon, dəyəri 600 manat olan 1 ədəd bilərzik (qolbaq), dəyəri 500 manat olan 1 cüt sırğa, dəyəri 400 manat olan 1 ədəd brilyant qaşlı üzük, dəyəri 450 manat olan 1 ədəd brilyant qaşlı üzük və ya onların dəyəri alınaraq dəyəri 350 manat olan 1 ədəd brilyant qaşlı üzüyün iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs müxtəlif vaxtlarda ödənişlər etmişdir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs 1125 manat ödənilməyən borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolla bağlı məhkəmə qeyd edir ki, şəxsin təqsirliliyi sübuta yetirilmir, onun icra vərəqəsini üzrsüz səbəbdən icra etməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vaxtlı-vaxtında ödənişlər etmişdir, halhazırda da 110 manat ödəniş etmişdir, bu icra orqanına da məlumdur. Ona görə də, məhkəmə işin bu hallarını nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində onun təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində onun təqsirliliyi sübuta yetmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şimal Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X5 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1141/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1141/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver