Məhkəmə qərarları › İş №3(060)-1141/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1141/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1141/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Şikayət vermiş şəxs – Qasımov Elnur Çingiz oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi – X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 Çingiz oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X10 Çingiz oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 may 2024-cü il tarixli qərarına əsasən, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən guya Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfdən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Həmin qərarı qanunsuz və əssasız hesab edir. Belə ki, barəsində tərtib olunmuş 17 may 2024-cü il tarixli, MN ******* nömrəli inzbati xəta haqqında protokola əsasən guya ona məxsus, Sumqayıt şəhəri 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən "Çiçəyim" gül salonunda onun tərəfindən Nuriyev Samir İldırım oğlunun Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərə cəlb edilməsi müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən iş üzrə heç bir araşdırma aparılmamış, protokolda adı çəkilən yalnız Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən göndərilmiş sənədlər əsasında onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməyi ilə bağlı inzibati xəta haqqında protokol, daha sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, inzibati xəta haqqında protokolda adı çəkilən şəxs Nuriyev Samir İldırım oğlu ona məxsus gül salonunda işləməmişdir, S.İ.Nuriyev Sumqayıt Şəhər Polis idarəsində verdiyi izahatında da ona məxsus gül salonunda işləmədiyini göstərmişdir. Beləliklə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 23 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Qasımov Elnur Çingiz oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, dekabr ayında gül salonunu açmışlar. İki ay keçməmişdi ki, polis əməkdaşları gəlib getmişlər. Ayın 4-ü işçisi telefonla ona zəng vuraraq Zöhrə adında qadının gəldiyini, oğlunun işi öyrənməsi üçün onu yanına götürməsini xahiş etdiyini və oğlunun 18 yaşı olduğunu bildirmişdir. O, bildirmişdir ki, qanın oğlu gəlib çöldə dayanıb işlərə baxa bilər, qeydiyyata alınmalı olarsa da şəxsiyyət vəsiqəsini təqdim edər, qeydiyyata alarlar. Üzərindən 1 saat keçməmiş polis əməkdaşları gəlmiş, həmin uşağın 18 yaşı tamam olmadığını və onu qeydiyyata almalı olduğunu bildirmişlər. Daha sonra polis idarəsinə getmişlər, orada həmin uşağı ümumiyyətlə işlətmədiyini, onun yalnız çöldə dayandığını, hər hansı bir günahının olmadığını bildirmiş, polis idarəsindən isə şikayət edəcəklərini bildirmişlər. Təxminən bir- iki ay sonra ona Dövlət Sosial Müdafiə Fondundan məktub gəlmişdir ki, polis idarəsindən onun barəsində şikayət daxil olmuşdur. O, DSMF-na müraciət etmiş, orada vəziyyəti izah etmiş, onun izahatını almışlar. Sonra ona əməlində cinayət tərkibinin olmaması, daha sonra cərimə olunması barədə məktub gəlmişdir. Həmin şəxs işə cəlb olunmamiş, sadəcə kənardan dükana girmədən baxmağa icazə verilmişdir. Çəkilmiş fotoşəkilə gəldikdə, gül alan müştəri mağazadan kənarda düran Samirə buketi saxlamasını xahiş etmiş və həmin məqamda şəkil çəkmişlər, güya Samir müştəriyə xidmət edir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X8 izahatında göstərdi ki, X9 Xidmətinə materiallar polis idarəsindən daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən azyaşlıların əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı reyd keçirilən zaman Çiçəyim gül salonunda Nuriyev Samir adlı azyaşlının olmasını müəyyən etmişlər, onun 17 yaşı vardır. Müəyyən edilmişdir ki, şəxs həmin salonda işlərə cəlb olunub, güllərin buketlənməsi ilə məşğuldur. Polis tərəfindən həmin mağazada işləyən Əlişah adlı şəxsin, mağaza sahibinin və azyaşlının izahtı alınmış, izahatı alınan zaman azyaşlı həmin mağazada xx.xx.2024-cü il tarixdən işlədiyini, onun əsas işinin güllərin, çiçəklərin buketlənməsindən ibarət olduğunu bildirmiş, yeni işlədiyindən aralarında əmək haqqı ilə bağlı hər hansı razılıq əldə olunmamışdır. Bu məsələni həmin mağazada rəsmi işçi olan Əlişah adlı şəxs də etiraf etmişdir. Azyaşlının işə düzəlməsi ilə bağlı müraciət olunan zaman Əlişah zəng edərək mağaza sahibi Elnur adlı şəxsə məlumat vermiş, o, razılıq verdikdən sonra azyaşlı fəaliyyətə başlamışdır. Hesab edirlər ki, inzibati xəta törədilmişdir. Belə ki, həmin şəxsin əmək fəaliyyətinə cəlb olunması üçün müəyyən şərtlər vardır ki, bunlara əməl olunmamışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında dindirilmiş şahid X5 bildirdi ki, kafedə işləyir. Uşağının kafedə işləməsini istəməmiş, bu səbəbdən işlədiyi kafenin yaxınlığında olan gül salonuna yaxınlaşaraq işi öyrənməsi üçün işçidən uşağın orada dayanması üçün icazə verilməsini xahiş etmişdir. Onun məqsədi uşaq işi öyrəndikdən və 18 yaşı tamam olduqdan sonra onu rəsmi şəkildə işə düzəltmək olmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında dindirilmiş şahid X6 bildirdi ki, polis mağazaya yaxınlaşmış, uşaq çöldə dayanmışdır. Həmin uşağı mağazanın içinə çağırmışlar, polis əməkdaşı uşağın adını sistemlə yoxladıqda 18 yaşı tamam olmadığını, azyaşlını əmək fəaliyyətinə cəlb etdiklərini demişdir. O da həmin uşağın orada işçi olmadığını, hər hansı iş görmədiyini bildirmişdir. Daha sonra onları polis idarəsinə dəvət etmişlər, orada izahatları alınmışdır. Bundan sonra əmək müfəttişliyi xidmətindən onları dəvət etmişlər, orada da izahatlarını vermişlər. Həmin uşağın anası axşam saatlarında ona yaxınlaşmış, uşağın 18 yaşının tamam olduğunu, orada dayanaraq işi öyrənməsi üçün icazə verilməsini xahiş etmiş, o da razılıq vermişdir. Bununla bağlı mağazanın sahibinə zəng edərək məlumat vermişdir. Hər hansı işçini işə götürmək üçün 1 ay öncədən sınaq müddəti müəyyən edilir, uyğun olduqda bir ay sonra işə götürülür. O özü də bu şəkildə işə qəbul olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Nuriyev Samir İldırım oğlu bildirdi ki, anası “Zəm-Zəm” adlı kafedə işləyir. xx.xx.2024-cü il tarixdə anası onu kafenin yaxınlığında olan gül salonuna gətirmiş və onu orada işçiyə tapşırmışdır ki, ona nəzarət etsin. Anası saat 09-19:00-dək işləyir. Yaşadıqları ünvan uzaq olduğundan saat 11 radələrində həmin gül salonuna gələrək mağazanın qarşısında anasını gözləyir. Həmin gün saat 11-12 radələrində gül salonuna gəlmiş, günorta radələrində polis əməkdaşları gəlmişdir. Məhkəmə şikayət vermiş şəxsin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Qasımov Elnur Çingiz oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Qasımov Elnur Çingiz oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən 17 may 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və MN ******* saylı, 23 may 2023-cü il tarixli qərarla Qasımov Elnur Çingiz oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İTŞ-nin YYÇ-la PİTB-nin baş inspektoru, polis kapitanı Rəşad Dadaşlı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X7 şəxslərin əməyə cəlb edilməsinin qarşısının alınması ilə bağlı İTŞ-nin YYÇPİTB-nin İnspektoru, polis baş leytenantı Orxan Əlizadə ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhər ərazisində yerləşən ictimai iaşə obyektləri, kafe və mağazalarda keçirilən profilaktiki söhbətlər zamanı Sumqayıt şəhər 2-ci mikrorayon, H.Əliyev prospektində yerləşən “Çiçəyim” adlı gül salonunda yekinlik yaşına çatmayan, 2006-cı il təvəllüdlü Nuriyev Samir İldırım oğlunun əməyə cəlb edilməsi tərəflərindən aşkar edilmişdir. İş materiallarında olan Nuriyev Samir İldırım oğlu tərəfindən Sumqayıt ŞPİ-də verilmiş izahatdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda, Heydər Əliyev küçəsində yerləşən Əli adlı şəxsə məxsus “Çiçəyim” adlı gül salonunda xx.xx.2024-cü il tarixdən etibarən işləyir. Onu həmin salona Əli götürmüşdür. Onun işi salonda gülləri buketləməkdir. O, səhər saat 09:30-dan, axşam saat 19:00-dək işdə olur. O, yeni işə başladığı üçün gördüyü işin qarşılığında əməkhaqqı hələki almamışdır. Əli adlı şəxs onu işə qəbul edərkən valideynindən notarial qaydada razılıq ərizəsi almamışdır. İş materiallarında olan X1 izahatından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Heydər Əliyev prospektində yerləşən gül salonunda xx.xx.2023-cü il tarixdən işləyir. Həmin gül salonu Elnur Qasımovun adındadır. Nuriyev Samir İldırım oğlunun anası xx.xx.2024-cü il tarixdə günorta saatlarında salona yaxınlaşaraq Samiri gül salonuna praktikant kimi qəbul etməyi xahiş etmiş və razılığa gəlinmişdir ki, Samir sabahdan salona gəlib 1 ay ərzində baxıb öyrənsin, işi öyrənəcəyi təqdirdə gül salonuna işçi kimi qəbul ediləcəyi anasına bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs Qasımov Elnur Çingiz oğlunun və şahidlərin izahatlarını dinləyərək onların verdikləri izahatları, şəxsin inzibati məsuliyyətdən yayındırmaqla özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qasımov Elnur Çingiz oğlu Nuriyev Samir İldırım oğlunu əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədə araşdırılan hallarla sübuta yetirilir. Belə ki, X7 şahid Nuriyev Samir İldırım oğlu Sumqayıt ŞPİ-də verdiyi izahatında xx.xx.2024-cü il tarixdən “Çiçəyim” adlı gül salonunda güllərin buketlənməsi ilə məşğul olduğunu, digər şahid X6 hər hansı işçini işə qəbul etməzdən öncə 1 ay sınaq müddəti təyin edildiyini bildirməsi və işdə olan fotoşəkillərdən Nuriyev Samir İldırım oğlunun işə cəlb edildiyi təsdiq olunur. Məhkəmə qeyd edir ki, işçi funksiyasını tam yerinə yetirə bilməyən, hələ peşə vərdişlərini mənimsəməyə və xırda tapşırıqları yerinə yetirilməsinə çalışan, məsələn, dükanda olan müştərini çıxışa qədər müşahidə edən şəxs özlüyündə işə cəlb edilmiş hesab edilir. Hazırki iş üzrə şəxsin daimi işə qəbulu üçün onun öyrənmə bacarığının yoxlanılmasının vacib şərt olduğu şübəhsizdir, yetkinlik yaşına çatmadığından onun sınaq müddəti ilə işə götürülməsi qanunla qadağan edilir, lakin, əmək qanunvericiliyində spesifik işlərin öyrənilməsi, yəni stajkeçmək üçün müəyyən müddətə əmək müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin ç bəndinə əsasən müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Qərardan şikayət vermiş şəxs tərəfindən şikayətin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmə gəldiyi qənaətə görə Qasımov Elnur Çingiz oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin 23 may 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Qasımov Elnur Çingiz oğlunu 3000 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qasımov Elnur Çingiz oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar