Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1144/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 12-ci mikrorayon, qaçqın şəhərciyi, ev 8, mən 34 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 11 may 2022-ci il tarixli, MN seriyalı ******* №li və 11 may 2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 10 may 2022-ci il tarixdə, saat 18:15 radələrində Yaşıldərə bağlar ərazisində PPX-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan başqa o, 10 may 2022-ci il tarixdə, saat 19:00 radələrində 5-ci PB-nin inzibati binasında polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1144/2022 və 3(060)- 1145/2022 №li işlər bir icraatda 3(060)-1144/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 10 may 2022-ci il tarixdə günorta saatlarında əmisi oğlu Şahid ilə birlikdə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən kafelərdən birində oturub yemək yemiş və spirtli içki qəbul etmişlər. Sonra isə Yaşıl dərə bağlarına gəlmişlər. Hərəkətdə olarkən PPX əməkdaşlarının onların arxasınca gəldiyini görmüş, maşın saxlandıqda özü dərhal polis əməkdaşlarına yaxınlaşmış və əvvəllər özünün də polis əməkdaşı kimi işlədiyini bildirmiş və onları əmin etmək üçün digər iş yoldaşı olmuş polis əməkdaşına zəng etmişdir. Bundan sonra hər ikisi içkili vəziyyətdə olduqları üçün polis əməkdaşları ilə mübahisə etmişlər. Daha sonra polis əməkdaşları onları ərazi üzrə polis bölməsinə gətirmiş və polis bölməsində də polis əməkdaşları ilə kobud rəftar etmişdir. Onun xuliqanlıq və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmək kimi niyyəti olmamışdır. Lakin baş verənlərə görə təssüf hissi keçirir və polis əməkdaşlarından üzr istəyir. Odur ki, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 10.05.2022-ci il tarixdə, saat 18:15 radələrində 30-31 saylı marşrutda 9179 çağrışlı AP-da postaçı yoldaşı polis kiçik serjantı Murad Baxışlı və manqa komandiri polis baş serjantı Tahir Nəbiyev ilə birlikdə xidmətdə olan zaman 9187 çağrışlı avtopatrul efir vasitəsi ilə kömək istəmiş və dərhal qeyd olunan əraziyə getmişlər. Orada bir neçə vətəndaşın səs-küy salaraq polisin ünvanına nəlayiq küçə söyüşlərindən istifadə etdiyini görmüşlər. Onlar vətəndaşı nizamintizama dəvət etsələr də vətəndaş Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq nəlayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra onu avtopatrula əyləşdirərək ərazi üzrə polis bölməsinə aparmış, polis bölməsində olarkən orada, yəni 5-ci PB-nin inzibati binasında polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətməkdə davam etmişdir. Həmin şəxsin spirtli içki qəbul etməsini hiss etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 10.05.2022-ci il tarixdə, saat 17:50 radələrində postaçı yoldaşı polis serjantı Namiq Vəliyev ilə birlikdə 9187 çağrışlı avtopatrulda Yaşıldərə massivi “Qayalı” marketin yaxınlığında hərəkətdə olarkən VAZ 21099 minik markalı, **-GK-*** d.q.n nəqliyyat vasitəsi vətəndaşların sıx olan yerində nəqliyyat vasitəsini sürətlə idarə edərək əhalini özünə cəlb edərək səkinin qırağında dayanan vətəndaşlara təhlükə yaratdığını və onların üzərində yerdə olan çirkab suları sıçratdığını görmüşlər. Onlar həmin nəqliyyat vasitəsinə saxla işarəsi verərək dayandırıb, sürücüyə yaxınlaşıb özlərini təqdim edərək törətdiyi əməlin qanun pozuntusu olduğunu izah etmək istəyərkən sürücü və həmin nəliyyat vasitəsindəki sərnişin avtomobildən enərək ona və postaçı yoldaşına vətəndaşların sıx olduğu yerdə ünvanlarına nəlayiq söyüşlər söyərək əl-qol hərəkətləri etmişlər. Onlar həmin yerə 9170 çağrışlı manqa komandirini köməyə çağırmışlar. Sürücü ilə ünsiyyətdə olarkən kəskin spirtli içki qoxusu açıq-aşkar hiss olunmuşdur. Onlar həmin şəxsləri manqa komandirinin və 9179 çağrışlı avtopatrulun köməyi ilə aidiyyəti üzrə 5-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində də o, dəhlizdə aidiyyəti üzrə raport yazarkən vətəndaş Şəxs onu və digər polis əməkdaşlarını ağır söyüşlərlə söyüb təhqir etmişdir. İş materialında olan 10.05.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10.05.2022-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan A/598 №li, 10 may 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna görə Şəxs müayinə vaxtı (10 may 2022-ci il, saat 19:40) orta dərəcə sərxoş vəziyyətində olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alır, məsuliyyəti yüngülləşdirən hal isə müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.4-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və inzibati həbsin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmalıdır. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq olunmaqla o, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 may 2022-ci il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18(on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1144/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1144/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver