Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1144/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şirəli Pirəliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-142/2023 saylı icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Şirəli Pirəliyev bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 31 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq iddiaçı X2 verilməlidir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilməmiş və hazırda 782 manat ödənilməmiş aliment borcu yaranmışdır. Borclu icra sənədi üzrə yığılmış aliment borcundan yalnız 330 manat ödəniş edib. Buna baxmayaraq borclu çağırışlara vaxtı-vaxtında gəlir. Tələbkar rəsmi müraciət etməsə də, telefon vasitəsi ilə əlaqə saxlayaraq aliment borcunun tam ödənilməsini tələb etmişdir. Tələbkarın bank hesab nömrəsi 02 aprel 2023-сü il tarixdə borcluya təqdim edilsə də, borcluya tələbkar tərəfindən bank hesab nömrəsi verilənədək aliment borcunun icra idarəsinin depozit hesabına köçürülməsi ilə bağlı məlumat verilmiş, lakin depozit hesabı təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-142/2023 saylı icra sənədinə əsasən onun tələbkara 782 manat aliment borcu vardır. Öhdəliyinə düşən aliment borcunun ödənilməsindən imtina etmir, ödənişdən yayınmır. İcra məmuru tərəfindən qərarın könüllü icrası barədə bildiriş və qərar ona 24 fevral 2023-cü il tarixdə təqdim edilmiş, həmin vaxt o, icra məmurundan alimentin ödənməsi üçün hesab nömrəsi istəmiş, buna baxmayaraq müvafiq hesab nömrəsi ona 02 aprel 2023-cü il tarixdə təqdim edilmiş, tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aliment borcundan üç yüz manat ödənmişdir. Bugün isə aliment borcundan daha otuz manat ödəniş etmişdir. O, tələbədir, Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin 3-cü kursunda əyani təhsil alır. Rəsmi gəlir iş yeri yoxdur, yalnız dərsdən sonra yeganə övladının saxlanılması xərclərini ödəmək məqsədilə avtoyuma məntəqəsində işləyərək, aliment borcunu ödəyə bilir. İcra məmurunun çağırışları üzrə vaxtlı-vaxtında İcra İdarəsinə gedir. Bundan sonra hər ay mütəmadi olaraq 300-400 manat ödəniş edəcəyinə söz verir. Aliment borcunun yığılmasına görə əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmır, tələbkara məxsus hesab nömrəsi ona təqdim edildikdən sonra bir ay ərzində iki aylıq aliment məbləğində vəsaiti tələbkarın hesabına köçürtmüşdür. Göründüyü kimi aliment borcunun ödənilməsi ilə bağlı borclu tərəfindən heç bir qərəz nümayiş etdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı borclu Şəxs qərəzli olaraq üzərində düşən öhdəliyi yerinə yetirməkdən yayınması faktı aşkar edilməmişdir. Belə ki, o tələbədir və daimi iş yeri yoxdur. O, yalnız dərsdən sonra fərdi əməklə məşğul olaraq 330 manat aliment borcundan ödəmişdir. 24 fevral 2023-cü il tarixdə qərarın könüllü icrası barədə bildiriş və qərar ona təqdim edilsə də, tələbkarın müvafiq hesab nömrəsi ona aprel ayında təqdim edildiyi üçün o, aprel ayı ərzində ödəniş edə bilmişdir. İcra məmuru tərəfindən borcluya alimentin ödənilməsi ilə əlaqədar icra idarəsinin depozit hesabı ilə bağlı məlumat verilsə də, bu faktı təsdiq edəcək heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. İcra məmuru tərəfindən borclunun yaşayış yerinə baxış keçirilməsi qeyd edilsə də, bu faktı təsdiq edən hər hansı akt materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1144/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1144/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver