Məhkəmə qərarları › İş №3(060)-1146/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1146/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1146/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 11 may 2022-ci il tarixli MN seriyalı ******* №li və 11 may 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, o 10 may 2022-ciil tarixdə saat 17:50 radələrində Yaşıldərə bağlar ərazisində PPX-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır; 10 may 2022-ci il tarixdə saat 19:00 radələrində Şəxs 5-ci PB-nin inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1146/2022 və 3(060)- 1147/2022 №li işlər bir icraatda 3(060)-1146/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.Sahə rəisi həmçinin bildirdi ki, əvvəllər də Şəxs eyni hərəkətlərə yol verdiyinə görə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 10 may 2022-ciil tarixdə Yaşıldərə bağlar ərazisində yem dükanına daxil olmuşdur. Yem dükanından çıxdıqdan sonra əmioğlusu Rəşad ilə PPX-nin əməkdaşının mübahisə etdiyini görmüş və onlara yaxınlaşmışdır. Hər ikisi spirtli içki təsiri altında polis əməkdaşları ilə mübahisə etmişlər və o, içkili olduğu üçün özündə olmadığından polislərin qanuni tələblərinə əməl etməmişdir. Daha sonra polis əməkdaşları onları ərazi üzrə polis bölməsinə gətirmişlər və polis bölməsində də polis əməkdaşları ilə kobud rəftar edərək söyüşlər söymüşlər. Şəxs əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, 10.05.2022-ci il tarixdə saat 18:15 radələrində 30-31 saylı marşrutda 9179 çağrışlı AP-da postaçı yoldaşı polis kiçik serjantı Murad Baxışlı və manqa komandiri polis baş serjantı Tahir Nəbiyev ilə birlikdə xidmətdə olan zaman 9187 çağrışlı avtopatrul efir vasitəsi ilə kömək istəmiş və dərhal qeyd olunan əraziyə getmişlər. Orada iki nəfərin səs-küy salaraq polisin ünvanına nalayiq küçə söyüşlərindən istifadə etdiyini görmüşlər. Onlar vətəndaşları nizam-intizama dəvət etsələr də onlar polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələr işlətməsinə davam etmişlər. Həmin şəxslərdən kəsgin spirtli içki iyi gəlmişdir. Daha sonra həmin şəxsləri avtopatrula əyləşdirərək ərazi üzrə polis bölməsinə aparmışlar, polis bölməsində olarkən orada, yəni 5-ci PB-nin inzibati binasında həmin şəxslər polis əməkdaşlarının ünvanına əxlaqsız, nalayiq ifadələr işlətmişlər. Onların şəxsiyyətləri müəyyən olunmuş, biri Şəxs idi. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, 10.05.2022-ci il tarixdə saat təxminən 17:50 radələrində postaçı yoldaşı polis serjantı Namiq Vəliyev ilə birlikdə 9187 çağrışlı avtopatrulda Yaşıldərə massivi “Qayalı” marketin yaxınlığında hərəkətdə olarkən vaz 21099 minik markalı, **-GK-*** d.q.n nəqliyyat vasitəsi vətəndaşların sıx olan yerində nəqliyyat vasitəsini sürətlə idarə edərək əhalini özünə cəlb edərək səkinin qırağında dayanan vətəndaşlara təhlükə yaratmış və onların üzərinə yerdə olan çirkab suları sıçratmışdır. Onlar həmin nəqliyyat vasitəsinə saxla işarəsi verərək dayandırıb, sürücüyə yaxınlaşıb özlərini təqdim edərək törətdiyi əməlin qanun pozuntusu olduğunu izah etmək istəyərkən sürücü və həmin hqəliyyat vasitəsindəki sərnişin avtomobildən enərək ona və postaçı yoldaşına vətəndaşların sıx olan yerdə ünvanlarına nalayiq söyüşlər söyərək əl-qol hərəkətləri ilə müqavimət göstərmişlər. Onlar həmin yerə 9170 çağrışlı manqa komandirini köməyə çağırmışlar. Sürücü ilə ünsiyyətdə olarkən kəskin spirtli içki qoxusu açıq-aşkar hiss olunurdu. Onlar həmin şəxsləri manqa komandirinin və 9179 çağrışlı avtopatrulun köməyi ilə aidiyyəti üzrə 5-ci polis bölməsinə gətirmişlər. Bölmədə də onlar polisin ünvanına əxlaqsız küçə söyüşləri ilə xuliqanlıq hərəkətlərini davam etdirmişlər. İş materialında olan 10.05.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10.05.2022-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı baxış keçirilmiş 25.04.2022-ci il tarixdə Şəxs PPX əməkdaşları tərəfindən saxlanılmasını qeydə alınmış video görüntülərdə də şahidlər X3 və X4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/599 №li 10 may 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı görə Şəxs müayinə vaxtı (10 may 2022-ci il saat 20:15) orta dərəcə sərxoş vəziyyətində olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal kimi məhkəmə Şəxs peşimançılığını nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.4-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh edilməlidir. İnzibati həbsin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi nəzərə alınmaqla olunmaqla o, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 may 2022-ci il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar