Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-115/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərarından şikayət verilmiş şəxs – Sumqayıt ŞPİ DYPŞ-nin polis kapitanı X2, Qərardan şikayət vermiş şəxs Butayev Məzahir Çərkəs oğlunun iştirakı ilə Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan X4 Çərkəs oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Çərkəs oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt şəhər X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Butayev Məzahir Çərkəs oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 2009-cu ildən bu günə kimi “STP-AH" zavodunda elektrik vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə gecə saat 00.15 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Tofiq Səlimovla birlikdə işdən çıxıb evə gəlirmişlər. Sumqayıt şəhəri, İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsində işıqforun yaşıl işığında sola tərəf dönmək istədikdə arxadan yüksək sürətlə gələn və üzərində dövlət qeydiyyat nişanı olmayan “BMV-535” minik markalı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sağ qanadını (krılo) və qabaq sağ çarxını vurmuş və sonra da işıqforun dirəyinə çırpılaraq dirəyi aşırmış və yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, onun idarə etdiyi avtomobilin qabaq sağ qanadı (krılosu), qabaq sağ çarxı, qabaq buferi və digər ehtiyyat hissələri əzilməklə yararsız hala düşmüş və ona xeyli miqdarda maddi ziyan dəymişdir. "BMV-535” minik markalı avtomobili idarə edən şəxs - polis əməkdaşı Heydərzadə Heydər mülki formada olmuşdur. Hadisə yerinə gəlmiş Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin əməkdaşı Elnur adlı polis baş leytenantı avtomobilin sənədlərini alıb bildirdi ki, avtomobillər cərimə meydançasına getməlidir. Ona məxsus avtomobili evakuatora yükləyib aparmışlar Xırdalanda yerləşən müvəqqəti duracağa. "BMV-535” minik markalı avtomobili idarə edən Heydərzadə Heydər mobil telefon nömrəsini (***-***-**-**, 050-395- 77-70) ona verib bildirdi ki, narahat olmasın, onun idarə etdiyi avtomobilin sığortası olmadığına görə, onun avtomobilini özü təmir etdirəcək. Ertəsi gün Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin qarşısında Heydərlə görüşəndə, o, polis formasında idi. Onlar bir az söhbət edib ayrılmışlar və xx.xx.2024-cü il tarixdə DYPŞ-də polis kapitanı Niyaməddin Həsənovun qəbulunda olmuşlar. N.Həsənov onun izahatını aldı və təxminən bir saatdan sonra yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə olmağını tapşırmışdır. O, bir saatdan sonra hadisə baş vermiş əraziyə - İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsinə gələndə oraya tanımadığı, sonradan adını və soyadını öyrəndiyi X6 da gəlmişdi. Polis kapitanı N.Həsənov həmin şəxsin yanında ona suallar verib hadisənin necə baş verdiyini soruşmuş və o da hər şeyi olduğu kimi izah etmişdir. Araşdırmanın nəticəsindən belə başa düşmüşdür ki, guya “BMV- 535” minik markalı avtomobili polis əməkdaşı Heydərzadə Heydər deyil, X6 idarə etmişdir. Sonda, N.Həsənov yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsirkar olduğunu bildirmiş və əsassız olaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərarda nə avtomobillərin toqquşması barədə, nə “BMV-535” minik markalı avtomobil barədə, nə də həmin avtomobili idarə edən Heydərzadə Heydər barədə heç bir məlumat qeyd olunmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 00.15 radələrində Sumqayıt şəhəri, İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, idarə etdiyi avtomaşınla heç bir yol hərəkəti qaydasını pozmamışdır. O, işıqforun yaşıl işığında sola tərəf dönmə hərəkəti etmiş, “BMV-535” minik markalı avtomobil isə işıqforla tənzimlənən dörd yol ayrıcında yüksək sürətlə gələrək ötmə hərəkəti etmiş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Hesab edir ki, Sumqayıt şəhər Pİ-nin X10 Şöbəsinin əməkdaşı polis kapitanı N.Həsənovun qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, həm də qərəzlidir. Bu göstərdiklərinin real həqiqətə uyğun olmasını həmin gecə onun yanında olmuş iş yoldaşı Tofiq Səlimov da təsdiq edə bilər. Sumqayıt şəhər Pİ-nin X10 Şöbəsinin əməkdaşı polis kapitanı cənab Niyaməddin Həsənov tərəfindən barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Butayev Məzahir Çərkəs oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində iş yoldaşı ilə birlikdə işdən çıxan zaman İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsində sola dönmə əməliyyatı edən zaman arxadan gələn avtomobil onun avtomobilini vurmuş və daha sonra işıqfora çırpılaraq dayanmışdır. Digər avtomobilin sükanı arxasında əyləşən Heydər adlı şəxs olmuş, sərxoş vəziyyətdə olmuşdur. “BMW” markalı avtomobilin sürücüsü onun sola dönmə əməliyyatını icra etməsini gözləmədən ötmə əməliyyatı edərək hadisənin baş verməsinə səbəb olmuşdur. Məhkəmədən şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli TP ******* №-li qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin polis kapitanı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat gecə 00:15 radələrində Sumqayıt şəhəri, İnşaatçılar və Azərbaycan prospektinin kəsişməsində “BMW” və “Mitsubishi” markalı avtomobillərin toqquşması barədə məlumat daxil olmuş, post patrul xidməti tərəfindən yol polisinə məlumat verilmiş və yol polisləri hadisə yerinə gəlmiş, ilkin hadisə yerinin müayinəsini apararaq sürücülərin sənədlərini alaraq, sənədləşmə aparılması üçün ertəsi gün Sumqayıt ŞPİ-nin X12 Şöbəsinə təqdim etmişlər. Nəticədə material icraatına daxil olmuşdur. Həmin material əsasında hər iki sürücü dəvət olunmuş, izahatları alınmış, yenidən hər iki sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. İzahatlar zamanı müəyyən olunmuşdur ki, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanaraq sola dönmə əməliyyatı etmək üçün yaşıl işığın yanmasını gözləyirmiş. “BMW” markalı avtomobil də arxa tərəfdən gələrək işıqfora yaxınlaşdıqda yaşıl işığın yandığını görərək hərəkətini davam etdirərkən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü sola dönmə əməliyyatını icra edərkən onun qabaq sağ hissəsi ilə toqquşmuşdur. O da zərbədən işıqfora çırpılmışdır. “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ və V bəndinin tələbini pozmuşdur. Məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsi X10 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərara əsasən Butayev Məzahir Çərkəs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, “Mitsubishi Pajero” markalı avtomobilin ön hissəsi yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Həmin Qanunun 51-ci maddəsinin İİ bəndinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ötmə əməliyyatını həyata keçirmək istəyən “BMW” markalı avtomobilin sürücüsünün hansı sürət həddində hərəkət etməsi, işıqforla yolun kəsişmə hissəsi arasındakı məsafə, “BMW” markalı avtomobilin özündən qabaqda gedən nəqliyyat vasitəsinin sola dönmə əməliyyatını icra etməsi üçün siqnal verdiyi halda hərəkətini davam etdirməsi, girmək istədiyi hərəkət zolağının ötmə üçün kifayət edəcək məsafədə boş olması və bu zolaqda gedən nəqliyyat vasitəsi üçün maneə yaratmaması, ötmə əməliyyatının yolun hansı hissəsində həyata keçirilməsi müəyyən edilmədiyi üçün iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Butayev Məzahir Çərkəs oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Butayev Məzahir Çərkəs oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-115/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-115/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver