Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-115/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Sitalçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən 09 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, borclu Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5331/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsindən icraatına daxil olmuşdur. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, borclu şəxsin izahatı alınmış, hüquq və vəzifələri izah olunmuş, barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Borclunun faktiki olaraq Sumqayıt şəhərində yaşadığı və işlədiyini müəyyən edərək icra sənədini aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərmişlər. İcra sənədi onun icraatına daxil olduqdan sonra borclu şəxsi dəvət edib izahatını almış, tələbin könüllü icrası haqqında bildiriş təkrar xx.xx.2024-cü il tarixdə borcluya təqdim olunmuş və həmin tarixdə izahatı alınmışdır. Hazırda borclunun xx.xx.2025-ci il tarixədək hesablanan 9636 manat aliment borcu vardır. Ödənişi təsdiqləyən və qarşı tərəfin də təsdiq etdiyi cəmi iki dəfə 200 manat ödəniş olmuş, sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə olmuşdur. Borclu izahatlarında borcunun olmadığını, ona artıq məbləğ hesablandığını bildirmişdir, uşaqlar müəyyən müddət onun yanında yaşamışlar. Tələbkar şəxs bankdan çıxarışlar təqdim etmiş, orada eyniləşdirmə aparmaq istəsələr də mümkün olmamışdır, borclu tərəf də kart nömrəsi ilə bağlı çıxarış təqdim edə bilməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Borclunun iş yerinə - P.A MMC-yə Yasamal rayon İcra Şöbəsi tərəfindən oktyabr ayında yönəldilmişdir, həmin hüquqi şəxsin direktoru ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, direktor borclunun əmək haqqından ümumiyyətlə tutulma olmadığını, hazırda işdən azad edildiyini bildirmiş, lakin borclunun işdən azad olunması ilə bağlı əmri təqdim edə bilməmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, uşaqlar iki il ərzində onun yanında olmuş, uşaqlara o baxmışdır. 2022-ci ilin noyabr ayında boşanmışlar, aliment kəsilmişdir. Həmin vaxt aralarında anlaşılmazlıq olmuşdur. Ona işgəncə verib döyüb evdən qovmuşlar, o, bacısının evinə gəlmiş, uşaqları da o vaxt 9 nömrəli məktəbə qoymuşdur. Balaca qızını anası aparmış, lakin iki-üç aydan sonra qıza baxa bilmədiyini bildirib ona qaytarmışdır. 2024-cü ilin avqustun 25-nə kimi uşaqlara o baxmış, bütün xərclərini o çəkmişdir. 2024-cü ilin avqustun 25-də bildirmişdir ki, uşaqları iki günlük aparır, lakin ondan sonra uşaqları verməmiş, onu söyüb təhqir etmişdir. O da uşaqların ona verilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etmişdir, halhazırda da iş məhkəmədədir. O vaxta kimi də hər ay, ayda üç dəfə olmaqla xanımın kartına 800-850 manat pul göndərmişdir. Kapital banka müraciət etmiş, ona kart nömrəsini verməmişlər, 196 qaynar xəttə də müraciət etmiş, ona məhkəmə tərəfindən rəsmi şəkildə müraciət olunduğu halda məlumat verilə biləcəyini bildirmişlər. 200 manat ödənişi də aliment borcu kimi deyil, uşaqlar istədiyi üçün göndərmişdir. Onun aliment borcu yoxdur, uşaqlara özü baxmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, borclu yalan danışır, uşaqlar onun yanında olmuş və özü uşaqlara baxmışdır. “Bolt” taksidə sürücü işləyir, uşağı özü Sumqayıt şəhərinə məktəbə aparıb gətirir. Borclu bu günə kimi heç bir aliment ödənişi etməmişdir. Məhkəmədən borclu şəxsin həbs olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsi, barəsində protokol tərtib olunmuş şəxsi, zərərçəkmiş şəxsi və müdafiəçini dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5331/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 03 noyabr 2022-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. - Leobanka məxsus ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 5239****0698 nömrəli kart hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, hazırda inzibati məsuliyyətə cəlb edilməsi əsası onun məhkəmə qərarının qəsdən icra edilməməsi ilə bağlıdır. Məhkəmə alimentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, aliment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılanmasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. İcra sənədi üzrə aliment borcunun yaranması borclunun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq lazımi qaydada ödəniş etmədiyini, məhkəmə qərarı ilə şəxsdən tutulan alimentə nisbətdə borcun kifayət qədər yüksək olduğunu, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-115/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-115/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver