Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1153/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X2, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Xocahan kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tətib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:15 radələrində Sumqayıt şəhəri DYPŞ-nin qarşısında polisin qanuni tələblərinə tabe olmamış, həmçinin nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində “Mercedes Benz” minik markalı, 99XD629 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs qanunsuz sərnişin daşıdığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra Şəxs polisin qanuni tələbinə tabesizlik göstərdiyi üçün hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmışlar. PPX əməkdaşları Şəxs yaxınlaşmış, özlərini təqdim etmişlər və ona etdiyi qanunsuz əməlləri izah edib xidməti avtomobili əyləşdirib bölməyə aparan zaman sonuncu onlarla mübahisə etməyə başlamış, cibindən kəsici alət çıxardaraq özünə xəsarət yetirməyə başlamışdır. PPX əməkdaşları Şəxs etdiyi hərəkətləri saxlamaq istəyən zaman özünü Şəxs qardaşı kimi təqdim edən şəxs onlara müdaxilə edərək problem yaratmağa başlamışdır. PPX əməkdaşları həmin şəxsləri xidməti avtomobilə əyləşdirib 4-cü bölməyə gətirmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2024cü il tarixdə saat 07:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsindən götürdüyü fəhlələri aparan zaman idarə etdiyi “Mercedes Benz” minik markalı, 99XD629 dövlət qeydiyyat nişanlı avtomobil yol polis əməkdaşları tərəfindən saxlanılmış, yol polis əmməkdaşları ona qanunsuz sərnişin daşıdığı üçün saxlanıldığını bildirmiş, o, əməkdaşlara lisenziyası olduğunu bildirmiş, polis əməkdaşı ona məhəl qoymayaraq onların arxasınca gəlməsini tələb etmiş, o da etiraz etməyərək getmişdir. Daha sonra yol polis əməkdaşları idarə etdiyi “Mercedes Benz” minik markalı, 99XD629 dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq duracağa aparan zaman mübahisə yaranmışdır. O avtomobilin açarını təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən də hadisə yerinə PPX əməkdaşları gəlmiş və onu bölməyə dəvət etmişlər. Həmin vaxt çox əsəbi olduğu üçün uca səslə ünvansız söyüşlər söymüş və bölməyə getməkdən imtina etmişdir. Sonuncu hadisəyə görə özünü təqsirli bilir və peşmandır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin X11 Şöbəsinin YPX inspektoru X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində onun tərəfindən “Mercedes Benz” minik markalı, 99XD629 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs qanunsuz sərnişin daşıdığı üçün saxlanılmışdır. O, Şəxs özünü təqdim edərək saxlanılma səbəbini, daha sonra avtomobilin duracağa getməli olduğunu bildirmişdir. Sürücü avtomobilini sürərək duracağa yox, yol polis şöbəsinin qarşısına gətirmişdir. Həmin zaman Şəxs səs-küy salmağa başlamış və özünə xəsarət yetirmişdir. O, kömək üçün hadisə yerinə PPX əməkdaşlarını çağırmışdır. PPX əməkdaşları çox çətinliklə Şəxs və sonradan oraya gələn qardaşını 4-cü bölməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin PPX əməkdaşı X4 bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə xismət yoldaşı B.Hüseynli ilə xidmətdə olarkən YPX əməkdaşları onları köməyə çağırmışlar. Onlar deyilən yerə gəlmişlər və YPX əməkdaşları bir nəfəri göstərərək həmin şəxsin tabesizlik göstərdiyini bildirmişdir. Onlar həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etdikdən sonra etdiyi qanunsuz əməli izah edib, onlarla birlikdə xidməti maşına əyləşib bölməyə gedilməsini bildirmişlər. Bu zaman həmin şəxs və özünü qardaşı kimi göstərən şəxs onlarla mübahisə etməyə başlamışdır. Həmin Şəxsi bölməyə aparmaq mümkün olmadığı üçün digər PPX əməkdaşlarını da köməyə çağırmışlar. Uzun müddət davam edən tabesizlikdən sonra Şəxs bölməyə gətirmişlər. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi mövcud deyil. Belə ki, Yol polisi əməkdaşının Şəxs tələbinin özü qanunsuz olmuşdur. Qanunsuz sərnişin daşıma halı mövcud olmuş olsa belə bu nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması üçün əsas deyil. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportlardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan diskdə olan video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs uzun müddət ərzində polisin qanuni tələblərinə tabe olmamış və bu səbəbdən əraziyə çoxsaylı polis əməkdaşları cəlb edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs üç azyaşlı uşağı var (xx.xx.2016, xx.xx.2017 və xx.xx.2020 təvəllüdlü). Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi X11 şöbəsi əməkdaşının nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə bağlı tələbinin qanunsuz olduğunu, bu səbəbdən də inzibati xəta tərkibinin olmamasını bildirmişlər. Lakin, müəyyən edilmişdir ki, Şəxs tabesizliyi yalnız X11 şöbəsi əməkdaşına qarşı olmamış, sonradan əraziyə gələn post-patrul xidməti əməkdaşlarına münasibətdə də davam etmiş, həmin vaxt həmçinin ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri də etmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üç azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1153/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1153/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver