Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1155/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 5ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2003-cü ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonu, Qaradolaq Ərazi Darisəi, Qaradolaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, vət.Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində “Dəmir yolu” vağzalının yaxınlığında PPX və YPX polis əməkdaşlarına nəqliyyat vasitəsinin açarını verməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, polis əməkdaşları vət.Şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün polis bölməsinə gətirmişlər. Belə ki, şəxs yağışlı havada avtomobilinin arxa hissəsi fırlatmış, PPX əməkdaşları ona yaxınlaşmış, nəyə görə avtoxuliqanlıq etdiyini soruşmuş, şəxs avtoxuliqanlıq etmədiyini bildirmiş, daha sonra YPX əməkdaşlarını çağırmışlar. Yol polis əməkdaşı şəxsdən avtomobilinin açarını istəmiş, şəxs də verməmişdir. Buna görə də şəxsin barəsində polisin qanuni tələbinə tabe olmama ilə bağlı protokol tərtib edilmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində taksi fəaliyyəti göstərirdi. Novxanıya müştəri aparmış, “Okean” şadlıq sarayının qarşısında Çerkassi küçəsində geri qayıtmaq üçün dairəvi yolu keçib irəlidən geri qayıtmalı olmuşdur. Həmin vaxt hava yağışlı, yer sürüşkən olduğundan sərt döngə zamanı avtomobilinin arxası bir az sürüşərək dayanmış, bu zaman PPX əməkdaşları ona yaxınlaşaraq avtoxuliqanlıq etdiyini bildirmiş, o da avtoxuliqanlıq etmədiyini demişdir. Daha sonra YPX əməkdaşını çağırmışlar. Yol polis əməkdaşı gəlmiş, normal şəkildə onunla danışaraq qanunları ona izah etmiş, daha sonra evakuator çağıraraq avtomobili duracağa aparacaqlarını bildirmiş, o da etiraz etməmiş, daha sonra ondan avtomobilin açarını istəmişlər, o da qanunsuz hərəkət etmədiyini düşündüyü üçün açarı verməmişdir. İki işdə işləyərək ailəsini dolandırır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X5 bildirmişdir ki, “Okean” şadlıq sarayının qarşısında xidmətdə olan zaman avtomobil təkərinin səsini eşitmiş, nəzər yetirdikdə şəxsin avtomobili həmin ərazidə fırlatdığını görmüşlər. Sonra həmin şəxs özü avtomobili saxlamış, yerə düşmüş, onlar şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, şəxsə törətdiyi əməli bildirdikdə o, boyun qaçırmış, daha sonra oraya yol patrul xidməti inspektorunu dəvət etmişlər. YPX əməkdaşı ondan avtomobilin açarlarını istədikdə verməmiş, tabesizlik göstərmiş, DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan sonra həmin şəxsi polis bölməsinə aparmışlar. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Elvin Məmmədov şahid X5 ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X6 bildirmişdir ki, saat 23 radələrində PPX əməkdaşları kömək istəmiş, həmin əraziyə yaxınlaşan zaman şəxsin avtoxuliqanlıq etdiyini bildirmişlər. O, həmin şəxsə yaxınlaşaraq avtomobilin açarını istəmiş, avtomobilin duracağa, özünün isə bölməyə gedəcəyini bildirmişdir. Şəxs DİN-nin 102 xidmətinə zəng edərək açarı verib-verməməli olduğunu soruşduqda ona verməməsini bildirmişlər, buna görə şəxs də açarı verməmişdir. O, hadisəni görməmiş, PPX əməkdaşlarının məlumatı ilə bağlı şəxsə yaxınlaşmışdır, buna görə avtoxuliqanlıqla bağlı raport tərtib etməmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:25-də inzibati qaydada tutulmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2024-cü il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Belə ki, şəxsdən avtomobilin açarlarını tələb etmək qanuni tələb olmadığı kimi, şəxsin özünə məxsus avtomobilin açarlarını təqdim etməməsi polisin qanuni tələbinə tabe olmama kimi qiymətləndirilə bilməz. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1155/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1155/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver