Məhkəmə qərarları › İş №3(060)-1159/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1159/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1159/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi X6, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Qubadlı rayonu, Mehrili kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X1 Telman Surxay oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X8 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X5 DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə tanımadığı taksi sürücüsü Şəxs tərəfindən döyülməsini bildirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2024-cü il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aiddiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Həmçinin bildirmişdir ki, tərəfindən X5 barəsində də protokol tərtib edilmişdir, həmin iş də hazırda Sumqayıt Şəhər Məhkəməsində başqa hakimin icraatındadır. Qeyd edilən işdə X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs isə zərərçəkmiş şəxs qismində çıxış edir. Həmin işdə də rəy alınmışdır, lakin Şəxs hər hansı xəsarət aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Onun işlədiyi yerin yaxınlığında gözəllik salonu var. Həmin salonun icarədarı X5 ilə arasında mütəmadi olaraq mübahisələr yaranır. xx.xx.2024-cü il tarixdə o, həmin yerdə duran zaman X5 öz avtomobilini onun avtomobilinin arxasında yer olmasına baxmayaraq yanında saxlamış və avtomobilin qapısını açan zaman onun avtomobilinə toxunmuşdur. O, buna görə X3 irad bildirmiş, sonuncu isə onun avtomobilinin qapısını açaraq avtomobilə əyləşmiş, onu ağır formada təhqir etmiş, üzünə tüpürmüş, həmçinin avtomobilin içərisində olan spirt qabını başına vurmuşdur. Bundan sonra avtomobildən düşmüş, lakin X5 yenə də ondan əl çəkməmiş, üzərinə gəlmişdir. Həmin vaxt əli ilə onu geri itələmiş, lakin vurmamışdır. X4 özündən uzaqlaşdıran zaman ol bilər ki, əli onun saçına yaxud üzünə bilmədən toxunmuş olsun. Lakin, o X4 vurmamış və ona xəsarət yetirməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X5 izahatında bildirmişdir ki, o, 4 ay olar ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində gözəllik salonu icarəyə götürmüşdür. Salonun qarşısında taksi fəaliyyəti ilə məşul olan taksi sürücüləri onunla prinsip aparırlar. xx.xx.2024-cü il tarixdə o, işə gələndə öz avtomobilini salonun qarşısında olan 2-ci yolda saxlamış, bu zaman Şəxs onu təhqir etmiş və vurmuşdur. Həmçinin bildirmişdir ki, Şəxs məhkəmə iclasında yalan izahat verir, o Şəxs vurmamış və ya onu təhqir etməmişdir. Buna görə də hazırda Şəxs şikayətçidir, onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 553 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədəni üzərində olan xəsarətlər: sağ yanağın qançırı, dodağının iç səthinin qan sızması. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müdəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi döyməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar