Məhkəmə qərarları › İş №3(060)-116/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-116/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-116/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Səlimov Xəyal Vüsal oğlunun inzibati xəta haqqında iş üzrə qərarlardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: Səlimov Xəyal Vüsal oğlu Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ18201867, EQ18201871, EQ18201872, EQ18201873, EQ18201864, EQ18201863, EQ18201862 nömrəli inzibati xəta haqqında iş üzrə qərarlara xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, Səlimov Xəyal Vüsal oğlu daha öncə də şikayətlə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)- 2993/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmənin qərardadında şikayət üzrə çoxsaylı nöqsanların olması Səlimov Xəyal Vüsal oğlunun diqqətinə çatdırılmışdır. Hazırda həmin nöqsanlardan yalnız biri aradan qaldırılsa da digərləri aradan qaldırılmadan təkrar məhkəməyə müraciət edilmişdir. Belə ki, daha öncə protokollardan şikayət yazılsa da bu nöqsan aradan qaldırılaraq hazırda qərarlardan şikayət yazılmışdır. Lakin, qeyd edildiyi kimi digər nöqsanlar aradan qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə şikayət üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd edilən normalarını və həmin normalara müvafiq olaraq şikayətdə diqqət yetirilməli olan halları şikayətçinin diqqətinə təkrar çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Müəyyən edilmişdir ki, iş üzrə yeddi inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmin qərarlar müxtəlif ərazilərdə törədilmiş inzibati xətalara görə qəbul edilmişdir. Bunlardan bir qismi Sumqayıt ərazisində, bir qismi isə digər ərazilərdə törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən isə həmin inzibati tənbeh tətbiq etmə barədə qərarlardan şikayət inizbati xətanın törədilməsi yeri üzrə müvafiq rayon (şəhər) məhkəməsinə verilə bilər. Həmin qərara əsasən həmçinin barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Yəni, şəxs şikayətinə yaşayış yeri üzrə baxılmasını istəyirsə şikayətlə eyni zamanda müvafiq vəsatət də verməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan məhkəməyə veriləcək şikayət də ayrı-ayrılıqda verilməldir. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, şikayətçi yuxarıdakı abzaslarda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək qərarına gələrsə onun həmin qərarlardan 20 gün müddətə şikayət verə biləcəyi, bu müddət ötürüldükdə isə şikayətlə birlikdə müvafiq müddət bərpa barədə vəsatətlə məhkəməyə müraciət edə biləcəyi izah edilməldir. Ona görə də şikayət vermiş şəxsə qeyd edilən natamamlıqlar aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ18201867, EQ18201871, EQ18201872, EQ18201873, EQ18201864, EQ18201863, EQ18201862 nömrəli qərarlarından Səlimov Xəyal Vüsal oğlu tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilən aidiyyət qaydalarına uyğun şikayət etmək hüququnun olması (şikayət verilən tarixdə müddət ötürüldüyü halda isə buraxılmış müddətin bərpasına dair vəsatətlə birlikdə) Səlimov Xəyal Vüsal oğluna izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar