Məhkəmə qərarları › İş №3(060)-1160/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1160/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1160/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Şəki rayonu, Küngüd kəndində doğulmuş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 11 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20.04.2021-ci il tarixli icra sənədi üzrə Şəxs 8.030,00 manat, Sumqayıt şəhəri Məhkəməsinin 2(060)- 2006/2022 saylı, 02.03.2022-ci il tarixli qərarına əsasən isə 1.333,00 manat borcu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. İcra məmuru Tural İsayev tərəfindən ******* №li inzibati xəta haqqında protokola əlavədə qeyd etmişdir ki, Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Şəxs məhkəmə qərarından xəbərdar olmasına baxmayaraq bu günə kimi borclarını üzürsüz səbəbdən tam olaraq ödəməmişdir. Şəxs borcunu ödəməyi tələb olunmuş və izahatı alınmışdır. Şəxs izahatında hazırda göstərilən 8030 manat və 1333 manat borcu bu gün ödəyə bilməyəcəyini, yalnız 2 aya ödəyəcəyini bildirmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8030 manat pul və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1006/2022 saylı, 02.03.2022-ci il tarixli icra sənədinə əsasən isə Şəxs cəmi 1333 manat pul alınaraq X3 ödənilməlidir. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Şəxs məhkəmə qərarından xəbərdar olmasına baxmayaraq bu günə kimi borclarını üzürsüz səbəbdən tam olaraq ödəməmişdir. Şəxs borcunu ödəməyi tələb olunmuş və izahatı alınmışdır. Şəxs izahatında hazırda göstərilən 8030 manat və 1333 manat borcu bu gün ödəyə bilməyəcəyini, yalnız 2 aya ödəyəcəyini bildirmişdir. Onda olan məlumata əsasən protokol yazılandan sonra borclu 500 manat tələbkara ödəmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsindən nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X5 izahatında göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8030 manat pul və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1006/2022 saylı, 02.03.2022-ci il tarixli icra sənədinə əsasən isə Şəxs cəmi 1333 manat pul alınaraq ona ödənilməlidir. Hal-hazırda Şəxs borcundan 500,00 manat ödəniş etmiş və 26 may 2022-ci il tarixədək qalıq borcundan ödənişlər edəcyini bildirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1669/2021 saylı, 20.04.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 8030 manat pul və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1006/2022 saylı, 02.03.2022-ci il tarixli icra sənədinə əsasən isə ondan cəmi 1333 manat pul alınaraq X3 ödənilməlidir. Hal-hazırda qeyd olunan borcdan icra sənədi üzrə tələbkara 500,00 manat ödəyərək, icra sənədləri üzrə qalıq borcdan 26 may 2022-ci il tarixədək ödənişlər edəcəkdir. Onun icra sənədini üzürsüz səbəbdən icra etməmək məqsədi yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədləri ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 21.02.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. İcraata başlama haqqında qərar 15.04.2021-ci ildə təqdim olunmuş və digər icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 25.04.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. Yalnız inzibati xəta haqqında protokol tərtib edilən gün yəni-11 may 2022-ci ildə borclunun izahatı alınaraq həmin qərar və bildiriş ona təqdim olunmuşdur. İcra məmuru tərəfindən həmin gün, yəni 11 may 2022-ci il tarixdə protokol tərtib edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, borclu qeyd olunan icra sənədləri üzrə borcundan 500,00 manat ödəniş etmiş və icra sənədi üzrə tələbkar iç üzrə icaata xitam verilməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Şəxs sözü gedən icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki bocrlunun qeyd olunan icra sənədləri üzrə borcundan ödəniş etməsi və icra məmuru tələbin könüllü icrası barədə bildirişi 11 may 2022-ci il tarixdə borcluya təqdim edib həmin gün də İXM-nin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi anlamına gələ bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 11 may 2022-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar