Məhkəmə qərarları › İş №3(060)-1163/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1163/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1163/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 13 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs qalıq 5441 manat borcu üzrsüz səbəbdən ödəməkdən yayınır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 6441 manat pulun alınaraq X4 ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə icra idarəsinə daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və məlumat üçün məhkəməyə göndərilmişdir. Bundan sonrakı dövrdə borclu borcu könüllü ödəmədiyinə görə məcburi icra tədbirlərinə başlanılmış, borclunun əmlakı barəsində axtarış elan olunmuş, borclunun adına nəqliyyat avsitəsi aşkar edilmişdir. Bununla bağlı məhkəməyə təqdimat verilmiş, üzərinə həbs qoyulsa da borclu tərəfindən təqdim olunmadığına görə həmin əmlakla bağlı hər hansı bir tədbir görülə bilməmişdir. Bundan sonrakı dövrdə borclunun ünavnına baxış keçirilmiş, ünvanda yaşamadığı üçün barəsində axtarış verilmiş, xx.xx.2025-ci il tarixdə polis vasitəsi ilə idarəyə təhvil verilmiş, həmin tarixdə izahatı alınmış, həmin tarixdə də borclu tərəfindən tələbkara 1000 manat ödəniş olunmuşdur. Bundan sonrakı dövr ərzində yenidən ödəniş olunmadığına görə yenidən idarəyə dəvət olunmuş, izahatı alınmış və borcun tam ödənilməsi tələb olunsa da tam qaydada ödəyə bilmədiyinə görə, qarşı tərəf də narazı olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Tələbkarla telefon vasitəsilə əlaqə saxlanılmış, hazırda ona 1000 manat ödənildiyini, qalan borcun da ödəniləcəyi bildirilmiş, tələbkar heç bir etirazının olmadığını, lakin borcun tez bir zamanda ödənilməsini bildirmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, avtomobili bu işdən də əvvəl tanımadığı şəxsə satmışdır. Hal-hazırda 1000 manat ödəniş edir, qalan borcu da tezliklə ödəyəcəkdir, tam şəkildə ödəməyə imkanı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə isə 6391 manat məbləğində pul tutularaq X4 ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs məxsus avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs məxsus Range Rover markalı 10RR064 dövlət qeydiyyat nişanlı avtomaşına mərkəzi informasiya sistemində həbs qoyulmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bəhruz Əli oğlu barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2024-cü il tarixdə 737206 saylı axtarış işi açılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-70/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu Şəxs məxsus “Range Rover minik” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən xx.xx.2025ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə 1000 manat ödəniş edilmişdir. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs hazırda borcundan qismən ödəniş etməsi, qalan məbləği ödəməsi barədə öhdəlik götürməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. -53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar