Məhkəmə qərarları › İş №3(060)-117/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-117/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-117/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində “VAZ 21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Bakı küçəsində hərəkətdə olan zaman işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli, 6979 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi tam sübuta yetirilir. Belə ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 6979 nömrəli aktdan görünür ki, Şəxs sidik götürülmüş, ekspert üsulu ilə yoxlanılma aparılmış, marixuana və opiod qrupuna aid narkotik vasitələrin qəbulu faktı aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 xx.xx.2022-ci il tarixli, AP ******* saylı protokola Şəxs tanış olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 6089 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, ev 102, mənzil 7-də yaşayan 1972-ci il təvəllüdlü Şəxs 08.2007-ci il tarixdən “opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu ilə dispanser qeydiyyatındadır və 2020-ci il tarixdən “metadonla əvəzedici müalicə proqarmı”nın üzvüdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə qeyd edir ki, Şəxs tibbi müayinəsi zamanı sidiyində marixuana və opiot qrupuna aid narkotik vasitələridən istifadə etməsi izi müəyyən olunmuşdur. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, o, yalnız opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə qeyd edir ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçrilərkən onun sidiyində kannobioidlər və opioidlər qrupuna, yəni hər iki qrupa aid narkotik vasitələrin qəbulu aşkarlanmışdır. Bundan başqa səbəbindən aslı olmayaraq hər bir halda şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə avtomobilin idarə edilməsi qanunaziddir və inzibati məsuliyyətə səbəb olur. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar