Məhkəmə qərarları › İş №3(060)-1170/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1170/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1170/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1979-cu ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Sərin hosteldə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 15:40 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən dayanacaqda idarə etdiyi avtomobili saxlamış və daha sonra polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 15:40 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən dayanacaqda YPX əməkdaşları tərəfindən saxlanılmış və sərnişin daşıma ilə əlaqədar ondan yol vərəqəsi tələb edilmişdir. Lakin, Şəxs avtomobilin ona aid olmamasını, avtomobilin sahibinin şəhid ailəsi üzvü olmasını bildirmiş, həmçinin müvafiq sənədləri təqdim etmədən, araşdırma aparılmasına şərait yaratmadan avtomobilə əyləşərək ərazidən uzaqlaşmağa çalışmışdır. YPX əməkdaşları onu təqib edərək təkrar saxlamışlar, Şəxs bu zaman da YPX əməkdaşlarına tabesizlik göstərərək səs-küy salmış, hər hansı sənəd təqdim etməmiş və yenə icazəsiz oradan getməyə çalışmışdır. Buna görə PPX əməkdaşları əraziəyə çağırılmış və Şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilmişdir. Şəxs YPX əməkdaşlarına tabesizlik göstərsə də, sonradan sakitləşmiş, bölmədə olarkən hər hansı qanunsuz hərəkətlərə yol verməmiş və törətdiyi əməli qismən etiraf etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, idarə etdiyi “Mercedes Vito” minik markalı, 50FB135 dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma ilə məşğul olur. xx.xx.2025-ci il tarixində saat 15:40 radələrində onu YPX əməkdaşı saxlamış, yol vərəqəsi olmadan sərnişindaşıma xidməti ilə məşğul olduğunu bildirmişdir. O, polis əməkdaşına avtomobilin şəhid ailəsi üzvünün adına olduğunu bildirmiş, daha sonra avtomobilə əyləşib getmişdir. Həmin vaxt polisə tabesizlik niyyəti olmamışdır. Az sonra polis əməkdaşları onu təkrar saxlamışlar. O isə həmin vaxt yenidən hər hansı sənəd təqdim edə bilməyəcəyini, bu məsələnin avtomobil sahibinə aid olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun bu əməli tabesizlik kimi qiymətlənidirilmişdir. Göstərilən hallarınəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs polis əməkdaşlarının hər hansı qanuni tələblərinə tabesizlik göstərməmişdir. Yalnız, araşdırma prosesi ilə bağlı öz etirazlarını bildirmişdir. Bu hal isə onun hüququdur. Göstərilən halları nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində xidmətdə olan zaman qeyri-qanuni sərnişindaşşıma ilə məşğul olan “Mercedes Vito” minik markalı, 50FB135 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs saxlanılmış, ona yol verdiyi qayda pozuntusu barəsində məlumat verilmişdir. Lakin, sürücü Şəxs uca səslə qışqırmış, avtomobilin sahibi ilə bu baradə maraqlanmalı olduqlarını demiş, özünü təqdim etmədən, araşdırmanın aparılmasına şərait yaratmadan onların qanuni tələblərinə əməl etməyərək özbaşına avtomobilinə əyləşib ərazidən uzaqlaşmağa çalışmışdır. O və digər polis əməkdaşı onun arxasınca xidməti avtomobili sürərək səs gücləndirici ilə ona “saxla” əmri vermişlər. Lakin, sürücü bu qanuni tələblərə məhəl qoymayaraq öz hərərkətlərini davam etdirmişdir. Daha sonra onlar YPX avtomobilini həmin avtomobilin qarşına verərək onu saxlamağa nail olmuşlar. Bundan sonra Şəxs avtmobildən düşərək yenidən səs-küy salaraq araşdırma aparılmasına mane olmuş və ətrafa çoxsaylı insanlar toplaşmışdır. Bu səbəbdən də məcbur olub əraziyə PPX əməkdaşlarını dəvət etmişlər. Yalnız bundan sonra Şəxs sakitləşmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində xidmətdə olan polis əməkdaşı tərəfindən qeyri-qanuni sərnişindaşşıma ilə məşğul olan “Mercedes Vito” minik markalı, 50FB135 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılmış, ona yol verdiyi qayda pozuntusu barəsində məlumat verilmişdir. Daha sonra sürücü uca səslə qışqırmış və polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomobilinə əyləşib getmişdir. Polis əməkdaşları onun arxasıncaxidməti avtomobili sürərək səs gücləndirici ilə ona “saxla” əmri vermişlər. Lakin sürücü bu qanuni tələblərə məhəl qoymayaraq öz hərərkətlərinidavam etdirmişdir. Daha sonra polis əməkdaşları süni tıxac yaradaraq avtomobili saxlatmışlar. Ərazi üzrə PPX əməkdaşlarıhadisə yerinə çağırılmış, sürücü bölməyə gəririlmiş və həmin sürücünün Şəxs olması müəyyən edillmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu xx.xx.2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə 14:00-da azad olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş digər sənədlərə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli onun inzibati qaydada tutulğu vaxtdan, yəni 13 may 2025-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 13 may 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar