Məhkəmə qərarları › İş №3(060)-1171/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1171/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1171/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 10.03.2021-ci il tarixdə, saat 00:00 radələrində Şəxs idarə etdiyi “Opel” markalı, **- UX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman uzaqvuran işıqlardan istifadə edərək nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitənin təsiri altında olduğu məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 tərəfindən 10.03.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 əməkdaşı məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23 aprel 2021-ci il tarixdə məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, inzibati xəta haqqında protokol tərtib olunan tarixdə etibarnamə ilə ona məxsus olan “Opel” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilini “S.Vurğun” küçəsində idarə edərkən yol polisi tərəfindən saxlanılmış, sənədlərin yoxlanılması zamanı ondan şübhələndikləri üçün onu həkim müayinəsinə dəvət etmişlər. Həkim müayinəsindən sonra marixuana çəkdiyi aşkarlanmışdır. O, ümumiyyətlə marixuana istifadəçisi deyil. Həmin vaxt da marixuana istifadə etməmişdir. Ona görə də barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmır. Odur ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. 29 aprel 2021-ci il tarixdə məhkəmə iclasında şahid qismində çıxış edən həkimekspert X2 izahatında göstərdi ki, 09.03.2021-ci il tarixdə vətəndaş Şəxs barəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt onun tərəfindən tərtib olunmuşdur. Müayinə zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. Sonuncudan test üçün sidik nümunəsi götürülmüş, yoxlama zamanı onun narkotik vasitə olan marixuanadan istifadəsi faktı aşkar olunmuşdur. Narkotik vasitələrin qəbulu faktının aşkarlanması test üsulu ilə edilir. Yoxlama nəticəsində testdə bir xəttin aşkarlanması qəbul faktını, iki xətt isə narkotik vasitədən istifadə edilmədiyini göstərir. Test müayinəsi aparılan zaman da vətəndaşa bu barədə məlumat verilmiş, Şəxs heç bir etiraz etməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddələrin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 10.03.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və 09.03.2021-ci il tarixli, 1170 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs işıq cihazından istifadə qaydasını pozduğu üçün saxlanılmış və onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi tam sübuta yetirilir. İnzibati xətaya dair işin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 09.03.2021-ci il tarixli, 1170 nömrəli aktdan görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə faktı aşkarlanmış və sonuncu bununla bağlı akta imza etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar