Məhkəmə qərarları › İş №3(060)-1177/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1177/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1177/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2023-cü ildə Bakı-Qazax yolunun 281-ci km-də Yevlax rayonu ərazisində 722 saylı daimi DYP postunda AR DİN BDYPİ-nin 7-ci tağımın YPX inspektoru polis serjantı X4 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı qanunsuz hesab edir. Belə ki, həmin qərarla o AR İXM-nin 353.2-ci maddəsilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilmişdir. Etibarnamə əsasında "xxxx" MMC-yə məxsus “Mersedes Benz AXOR 3240 yük” markalı 50AB237 nömrə nişanlı avtomaşını idarə edir. Həmin avtomaşınla xx.xx.2023-cü il tarixdə Qəbələ rayonundan Sumqayıt şəhərinə buğda gətirən zaman Yevlax rayonu ərazisində DYP daimi postunda onu yol polis əməkdaşları saxlamış idarə etdiyi avtomobilin yüklə birlikdə çəkisini müəyyən etmək üçün Postda quraşdırılmış tərəzinin üzərinə çıxmışlar. Bundan sonra ona normadan artıq yük daşıdığını bildirmiş və barəsində AR İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilməsinə səbəb kimi, normadan artıq yük daşıması göstərilmişdir. İnzibati xəta haqqında protokolda və qərarda normadan artıq nə qədər artıq yük daşımağı göstərilməmişdir. O, inspektordan bu barədə soruşduqda ona apardığı yükün tərəzidə çəkildikdən sonra hansı miqdarda olması barədə hər hansı cavab verilməmiş, ümumi sözlərlə kifayətlənməklə protokol tərtib edilmişdir. Eyni zamanda ölçmə vasitəsinin , yəni tərəzinin yoxlanılması haqqında şəhadətnamə ona təqdim edilməmişdir. O, sözsüz ki, inzibati xəta haqqında protokolla razılaşmır. Daşıdığı yük "xxxx" MMC-yə məxsus tərəzidə çəkilərkən tam normaya uyğun olması müəyyən olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İzahatında bildirdi ki, etibarnamə ilə etdiyi yük maşınına məxsus qeydiyyat şəhadətnaməsində həmin avtomobilin yüksüz kütləsinin 16000 kq, yüklə birlikdə maksimal kütləsinin 40000 kq olması qeyd edilmişdir. Onun idarə etdiyi avtomobildə yüklədiyi yükün çəkisi 22340.0 kq, avtomobilin isə 16000 kq olduğunu nəzərə alaraq ümumi çəkisi 38340.0 kq olmuşdur. Bu səbəbdən özünün heç bir qayda pozmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Elektron qaimədən” görünür ki, yola salınmış buğda məhsulunun miqdarı 22340.00 kq-dır. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-ə məxsus, “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin maksimal kütləsi 40000 kq, yüksüz kütləsi isə 16000 kq-dır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X3 tərəfindən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi kimi hərəkətlərə yol verildiyi halda məsuliyyət yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilən Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-ə məxsus, “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin maksimal kütləsi 40000 kq, yüksüz kütləsi isə 16000 kq, yola salınmış buğda məhsulunun miqdarı isə 22340.00 kq-dır. Belə olan halda avtomobilin yüksüz kütləsi ilə, daşıdığı məhsulun miqdarı onun maksimal kütləsindən çox deyildir. (22340+16000=38.340). Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi yoxdur, işdə olan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, X3 barəsində Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar