Məhkəmə qərarları › İş №3(060)-1178/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1178/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1178/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayətçi Abasquliyev Asəf Musa oğlunun iştirakı ilə, Bakı şəhər X7 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Abasquliyev Asəf Musa oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Abasquliyev Asəf Musa oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər X7 İdarəsinin YPX-nın inspektoru, polis serjantı X4 tərəfindən Abasquliyev Asəf Musa oğlu barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, vəsatətlə məhkəməyə müraciət edərək hazırki şikayətinə yaşadığı ərazi üzrə Sumqayıt şəhər məhkəməsində baxılmasını xahiş etmişdir. Abasquliyev Asəf Musa oğlu şikayətində göstərmişdir ki, barəsində xx.xx.2023-cü ildə Bakı-Qazax yolunun 281-ci km-də, Yevlax rayonu ərazisində, 722 saylı daimi DYP postunda Azərbaycan Respublikası DİN BDYPİ-nin 7-ci tağımının YPX inspektoru polis serjantı X2 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarla o, AR İXM-nin 353.2-ci maddəsilə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. O həmin qərarı qanunsuz hesab edir. Belə ki, etibarnamə əsasında "xxxx" MMC-yə məxsus “Mersrtdes Benz 3240 yük” markalı 50AE954 nömrə nişanlı avtomaşını idarə etmişdir. xx.xx.2023-cü ildə həmin avtomaşınla Qəbələ rayonundan Sumqayıt şəhərinə buğda gətirərkən Yevlax rayonu ərazisində, DYP daimi postunda ona DYP əməkdaşları dedilər ki, guya normadan artıq yük daşımışdır. İnzibati xəta haqqında protokolda nə qədər artıq yük daşımağı göstərilməmiş, ümumi sözlərlə kifayətlənmişlər. Eyni zamanda ölçmə vasitəsinin, yəni tərəzinin yoxlanılması haqqında şəhadətnamə ona təqdim edilməmişdir. Daşıdığı yük "xxxx" MMC-yə məxsus tərəzidə çəkilərkən yükün çəkisinin norma daxilində olması müəyyən olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 17 may 2023-cü il tarixə təyin edilmiş, lakin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolu tərtib edən şəxs məhkəmə iclasına gəlmədiyindən və sübutların təqdim olunması ilə bağlı məhkəmə işin baxılmasını 05 iyun 2023-cü il tarixə təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Bakı şəhər X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Abasquliyev Asəf Musa oğlu izahatında bildidi ki, xx.xx.2023-cü ildə etibarnamə ilə idarə ediyi avtomaşınla Qəbələ rayonundan Sumqayıt şəhərinə 18770 kq buğda gətirərkən Yevlax rayonu ərazisində, DYP daimi postunda ona DYP əməkdaşları demişlər ki, guya normadan artıq yük daşımışdır. YPX inspektoru X4 onun barəsində AR İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib edilməsinə səbəb kimi, normadan artıq yük daşımağı göstərilmişdir. İnzibati xəta haqqında protokolda nə qədər artıq yük daşımağı göstərilməmiş, ümumiyyətlə ona yükün çəkisini təsdiq edən sənədi təqdim etməmişlər, həmçinin yükü çəkən tərəzinin göstəricisinə də baxmağa imkan verməmişlər. Eyni zamanda ölçmə vasitəsinin, yəni tərəzinin yoxlanılması haqqında şəhadətnamə ona təqdim edilməmişdir. İdarə etdiyi yük maşınına məxsus qeydiyyat şəhadətnaməsində həmin avtomobilin yüksüz kütləsinin 9930 kq, icazə verilmiş maksimal kütlə isə 22070 kq olması qeyd edilmişdir. Onun idarə etdiyi avtomobilə yüklədiyi yükün icazə verilmiş maksimal çəkisi 22070 kq qeyd olunsa da elektron qaimədə avtomobildə 18770 kq həcmində yük olmuşdur. Qeyd olunanlara əsasən barəsindəki xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, Abasquliyev Asəf Musa oğlu barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilərək Abasquliyev Asəf Musa oğlu barəsində İXM-nin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 600,00 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-ə məxsus, “Mercedes Benz 3240 yük” markalı nəqliyyat vasitəsinin icazə verilmiş maksimal kütləsi 22070 kq, yüksüz kütləsi isə 9930 kq-dır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Elektron qaimənin surətindən görünür ki, **-AE-*** nömrəli qeydiyyat vasitəsinə 18770,00 kq buğda yüklənmişdir. İş materialında olan “AZE X6” MMC-nin Ölçmə vasitələrinin yoxlanılması haqqında №02000/3-2022 saylı şəhadətnamənin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus tərəzi xx.xx.2022-ci il tarixdə yoxlanılmış və növbəti yoxlanma xx.xx.2023-cü il tarixi qeyd olunmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Abasquliyev Asəf Musa oğlu Sumqayıt şəhəri ərazisində yerləşən Anadoluqida” MMC-nin balansında yerləşən müvəqqəti yaşayış evində yaşayır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, Abasquliyev Asəf Musa oğlunun İXM-nin 353.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və Abasquliyev Asəf Musa oğlu öz təqsirsizliyini sübuta yetirməli deyil. Mübahisələndirilən qərarı qəbul etmiş orqan tərəfindən həmin qərarın qanuniliyinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “Mercedes Benz 3240 yük” markalı nəqliyyat vasitəsinə icazə verilmiş maksimal yükün 22070 kq, yüksüz kütlənin 9930 kq, qaiməyə əsasən yüklənmiş buğdanın çəkisinin isə 18770.00 kq olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, bu çəki ümumilikdə icazə verilən maksimal həddi (9930 kq+18770.00 kq=28.700kq) aşmır. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhər X7 İdarəsinin Abasquliyev Asəf Musa oğlu barəsindəki xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar