Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1180/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inzibati xəta haqqında 27 aprel 2023-cü il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.1-ci maddəsinə əsasən 27 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus anbarda planlı yanğın texniki müayinə zamanı “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Hüquqi şəxs Şəxs MMC-nin barəsində başlanılmış İXM-nin 469.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə materialları baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 469.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yanğın təhlükəzisliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 37-ci maddəsinə əsasən mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan - Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir. Həmin Qaydaların 1.9.4-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək vəzifələrini yerinə yetirməlidirlər. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enerjisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Şəxs MMC tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmaqla hüquqi şəxsə məxsus olan anbar icbari qaydada sığortalanmamamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 469.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1180/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1180/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver