Məhkəmə qərarları › İş №3(060)-1181/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1181/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1181/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 04 may 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 04 may 2023-cü il tarixdə saat 15:05 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Elegance Avto” sahibkarlıq obyektində açıq məkanda icazə sənədi olmadan ümumi ölçüsü 14.92 kvadrat metr reklam qurğuları yerləşdirilmiş və yayımlanmaqdadır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli, 1472 nömrəli fərmanı ilə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin, çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirjiabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəyə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsinə nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-2.2-ci maddəyə görə reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” AR qanunun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 3.2-ci bəndinə görə müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 1.5-ci bəndə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1 -ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 3.3-cü bəndə görə reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum poztunların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. 3.7-ci bəndə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əməlləri olduqda isə aidiyyəti ürə çəlumat verir.Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları Tamerlan Ağayev və Elvin Quliyev tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən və Şəxs fəalliyyət göstərdiyi Elegance Avto” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 14,92 kvadrat metr fasad reklamı yerləşdirilməsi müəyyən olunmuş və xəbərdarlıq edilərək, müvafiq icazə almalı olduğu bildirilmişdir.Bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Elegance Avto” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib olunaraq, xx.xx.2023-cü il tarixdə yazılı göstərişlə göndərilmiş və ona icrası məcburi olan Göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdərəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırmağı tələb olunmuş, lakin, sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra, 28 aprel 2023-cü il tarixli bildirişlə sahibkara barəsində İXM- nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 04 may 2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsində yerləşən “Elegance Avto” sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən Şəxs iştirak etsədə, protokolu imzalamaqdan imtina etmişdir. Protokolun surəti xx.xx.2023-cü il tarixli, 11-3-2/2-986/2023 nömrəli məktubla ünvana göndərilmişdir. Babək Həsənov məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı icazələrin verilməsi, yoxlamaların aparılması kimi məsələlər Sumqayıt Regional Reklam İdarəsi tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələblərinə əsasən yerləşdirilmiş reklamın ölçüsü 01 kv metrdən böyükdürsə bu zaman Dövlət Reklam Agentliyinə müraciət edilməli və müvafiq icazə alınmalıdır. Şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il müddət ərzində reklam yerləşdirmək üçün müvafiq icazəni almışdır. Şəxs tərəfindən 27 yanvar 2023-cü il tarixdə yenidən ərizə ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən başlayaraq növbəti 06 ay müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsini xahiş etmişdir. İdarə tərəfindən Şəxs vermiş olduğu xx.xx.2023-cü il tarixli ərizəyə rəsmi cavab verilməmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 2012-ci ildən fərdi sahibkar olaraq fəaliyyət göstərir. Qanunvericiliklə üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirir, heç bir qanuni ödənişdən yayınmır. Fəaliyyət göstərdiyi müddət ərzində hər altı aydan bir Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən reklam yerləşdirmək ilə bağlı müvafiq icazəni alaraq, dövlət rüsumunu ödəyir. 2022-ci ilin 25 iyul tarixində yenidən Sumqayıt Regional Reklam İdarəsi ilə müqavilə imzalamış və 6 aylıq icazə üçün dövlət rüsumunu da ödəmişdir. 27 yanvar 2023cü il tarixdə müvafiq icazə verilməsi üçün Sumqayıt Regional Reklam İdarəsinə müraciət edilmişdir. Buna baxmayaraq may ayında Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən obyektə gələrək müvafiq protokol tərtib etmişlər. O, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşlarına öz iradını bildirmişdir. Tərtib edilmiş protokol üzrə özünü təqsirli bilmir, qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Şəxs tərəfindən 27 yanvar 2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət olunaraq 25 yanvar 2023-cü il tarixdən başlayaraq 06 ay müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsini xahiş etmişdir. Lakin Sumqayıt Regional Reklam İdarəsi tərəfindən vətəndaşın müraciətinə müsbət və ya mənfi məzmunda hər hansı cavab verilmədən, 04 may 2023-cü il tarixdə yoxlama keçirilmişdir. “İnzibati icraat haqqında” AR qanunun 52.1-ci maddəsinə əsasən Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.3-cü maddəsinə əsasən İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Həmin Qanunun 52.4-cü maddəsinə əsasən Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə görə Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. Şəxs öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2. Bu hərəkətlərin zərəli nəticələrini qabaqcadan görməsi. 3. Bu nəticələri arzu etməsi 4. Belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Lakin Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Belə ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair ərizə ilə Sumqayıt Regional Reklam İdarəsinə müraciət edilmişdir. O, qanunvericiliyin tələblərindən yayınmamış, ödənişləri vaxtı-vaxtında ödəmək istəyini öz iradəsi ilə bəyan etmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 öz izahatında “İnzibati icraat haqqında” AR qanunun 29 və 30-cu maddələrinə istinad etmiş, bundan başqa özü Şəxs 27 yanvar 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən başlayaraq 06 ay müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə istəməsini bildirsə də, “İnzibati icraat haqqında” AR qanunun tələblərinə riayət edilmədən idarə tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmiş, Şəxs ərizəsinə heç bir cavab verilməmiş, bunun əksinə olaraq 04 may 2023-cü il tarixdə sözügedən ünvanda yoxlama aparılmışdır. X3 öz izahatında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib olunduğunu, xx.xx.2023-cü il tarixdə yazılı göstəriş göndərildiyini və ona icrası məcburi olan Göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdərəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırmağı tələb olunduğunu, lakin, sahibkarın buna heç bir əhəmiyyət vermədiyini bildirsə də, iş materialları ilə məlum olur ki, Şəxs tərəfindən 27 yanvar 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət olunsa da, sahibkara heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar