Məhkəmə qərarları › İş №3(060)-1183/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1183/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1183/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta hqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP0087306 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. 13 iyun 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi (direktoru) X2 izahatında göstərmişdir ki, səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə onlara Mərkəzi Bankdan sorğu gəlmişdir. Bundan sonra onlar ümumi yığıncağı keçirmişlər və bununla bağlı sənədləri də onun bildiyi qədər Mərkəzi Banka göndərmişlər. Bu barədə işlərlə hüquqşünasları maraqlandığı üçün tam məlumatlı deyil. Ona şərait yaradılarsa həmin sənədləri məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EP0087306 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1136/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il üzrə səhmdarların yığıncağının keçirilib-keçirilməməi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Rafael Əkbərovun dəvət edilməsini təsdiq edən sənəd (poç vasitəsi ilə ünvanlanması barədə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. İş materiallarında olan internet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışından görünür ki, nizamnamə kapitalı 151624.00 AZN olan "xxxx" ASC xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi (direktoru) X1r. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1136/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Rafael Əkbərovun müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində "xxxx" ASC tərəfindən səhmdarların növbəti ümumi yığıncağının keçirilmədiyini bildirmişdir. Bununla əlaqədar zəruri sənədlərin (2022ci il üzrə səhmdarların yığıncağının keçirilib-keçirilməməi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Rafael Əkbərovun dəvət edilməsini təsdiq edən sənəd (poç vasitəsi ilə ünvanlanması barədə) 07 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan poçt sənədindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktub 19 fevral 2024-cü ildə Ağayev soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-2442/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 1136/2024 saylı sorğu məktubu ilə tələb edilmiş sənədlər Mərkəzi Bankda təqdim edilməmişdir. Ona görə də həmin sənədlərin 05 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb edilmişdir. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilcəkləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan teleqramdan görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASCyə ünvanlanmış məktub xx.xx.2024-cü ildə həmin ASC-nin işçisi Ağayev soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Rafael Əkbərovun müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində "xxxx" ASC tərəfindən səhmdarların növbəti ümumi yığıncağının keçirilmədiyini bildirmişdir. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən müvafiq sənədləri təqdim edilməsi barədə "xxxx" ASC-yə sorğu ünvanlanmış və həmin sorğu 19 fevral 2024cü ildə rəsmi qaydada çatıdırılmışdır. Sorğuda məlumatların 07 iş günü ərzində təqdim edilməli olması göstərilsə də, bu müddət ərzində müvafiq məlumatlar Mərkəzi Banka təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixli məktubla həmin sənədlərin 05 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb edilmişdir. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilcəkləri barədə xəbərdarlıq edilmişdir. Qeyd edilən məktub xx.xx.2024-cü ildə "xxxx" ASC-yə rəsmi qaydada çatıdırılmışdır. Bundan sonra da müvafiq sənədlər Mərkəzi Banka təqdim edilmədiyi üçün "xxxx" ASC-nin barəsində 24 may 2024cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC-nin nümayəndəsi (direktoru) 13 iyun 2024-cü il tarixli məhkəmə prosesində iştirak edərək müvafiq məlumatların və sənədlərin Mərkəzi Banka təqdim edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə biləcəyini qeyd etmiş, buna görə məhkəmə prosesi 14 iyun 2024-cü il tarixə təxirə salınsa da, ASC-nin direktoru sonuncu məhkəmə prosesində iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və müvafiq sənədləri Mərkəzi Banka təqdim edilməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş üzrə məsuliyyəti istisna edən və iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilməmişdir. Ona görə də "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar