Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1184/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Eyvazov Həsrət Qadir oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 27947719 saylı qərarından Eyvazov Həsrət Qadir oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 27947719 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Həsrət Eyvazov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Həsrət Eyvazov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həsrət Eyvazov şikayətini onunla əsaslandırmışdır ki, EQ 27947719 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 346.4-cü maddələ təqsirli bilinib, 80 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə olunmuşdur. Halbuki o, avtomobillə getdiyi yerdə avtomobili nasaz olduğuna görə dayanmış, bu zaman o, xəbərdarlıq işığını yandırmış və avtomobili saxlamışdır. Nasazlığı aradan qaldırdıqdan sonra avtomobilini təkrar işə salmış hərəkətinə davam etmişdir. Bu vəziyyətdə hesab edir ki, cərimə oluna bilməz. O, EQ 27947719 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Həsrət Eyvazov izahatında bildirdi ki, qeyd edilən tarixdə Nizami küçəsində hərəkətdə olarkən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomobilin “benzin-nasoz” sistemi nasaz olduğundan qəfil avtomobil dayanmışdər. Avtomobili yolun kənarına sürərək qəza işıqlarını yandırmış, avtomobildən yerə enmədən yenidən avtomobili işə salmağa çalışmışdır. Qeyd edir ki, avtomobilin yalnız “benzin-nasos” sistemidə nasazlıq yaranmasından şübhələndiyi üçün avtomobildən yerə enməmişdir. Bir müddətdən sonra avtomobilini işə salmış, hərəkətinə davam etdirmişdir, lakin təxminən 100 metr getdikdən sonra yenidən avtomobil sönmüş, bu səbəbdən yenidən dayanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilin mühərrikində, o cümlədən təkərlərində hər hansı nasazlığın olmasından şübhələnmədiyi üçün avtomobildən yerə enməmişdir. Həmin vaxt yalnız həyat yoldaşı xəstə olduğu üçün avtomobildən düşmüşdür. Qeyd olunanların nəzərə alınmasını və xx.xx.2025-ci il tarixli, EQ 27947719 saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqdim edilmiş fotodan görünür ki, “MERCEDES BENZ C180” minik markalı, **-CJ- *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında 2-ci cərgədə dayanmış, digər hərəkət iştirakıçılarının hərəkətinə ciddi maneə törətmişdir. Fotoşəkildən onu da görmək olur ki, həmin avtomobilin sağ hissəsi avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş hissədədir və həmin sıra ilə çoxlu sayda avtomobil park edilmişdir. Sumqayıt ŞPİ Dövlət YPŞ-dən işçi qaydasında əldə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki ,15 may 2025-ci il tarixdə Nizami küçəsində Həsrət Eyvazov idarə etdiyi MERCEDES BENZ C180 minik markalı **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olarkən qəfildən avtomobili sağa çəkərək avtomobili yolun hərəkət hissəninin kənarında 2-ci cərgədə saxlayır, bu zaman sürücü və avtomobilin arxa sərnişin oturacağından enən sərnişin sol tərəfdə sıra ilə park edilmiş avtomobillərin arasından keçərək harasa gedir, təxminən 6-7 dəqiqədən sonra hər iki şəxs qayıdıb avtomobilə əyləşir, avtomobili yenidən işə salaraq oradan uzaqlaşırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə qərardan şikayət verən şəxs Həsrət Eyvazovun şikayətinin dəlillərini işdə olan və onun tərəfindən təqdim edilmiş, o, cümlədən məhkəmə tərəfindən əldə edilərək tədqiq edilmiş sübutları qiymətləndirib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Həsrət Eyvazovun özünü İXM-nin qeyd edilən maddəsi ilə təqsirli bilməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, sonuncu məhz özünü müdafiə etmək, yəni məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, Həsrət Eyvazov məhkəmə iclasında verdiyi izahatında məhz nasazlıq yarandığından xx.xx.2025-ci il tarixdə Sumqayt şəhəri Nizami küçəsində avtomobilini yolun hərəkət hissəsinin kənarında ikinci cərgəndə saxladığnı, həmin vaxt avtomobildən düşmədiyini, yalnız həyat yoldaşı arxa sərnişin oturacağından düşərək bir müddətdən sonra geri qayıtdığını bildirmişdir. Həmin müddət ərzində o, avtomobili işə salmağa çalışmış, sonda avtomobili işə düşdüyündən və həyat yoldaşı geri qayıtdığından o, avtomobili sürərək oradan uzaqlaşmışdır. Lakin videogörüntüyə baxış keçirilərkən məhkəmə Həsrət Eyvazovun göstərdiklərindən fərqli mənzərənin şahidi olmuşdur. Videogörüntüdən müəyyən edilmişdir ki, Həsrət Eyvazov Sumqayıt şəhəri Nizami küçəsində özünə məxsus Mercedes Benz markalı avtomobillə hərəkətdə olarkən qəfildən avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlayır, o, qəza işıqlarını yandırmaqla avtomobildən düşür, bundan sonra arxa sərnişin oturacağından digər şəxs də düşərək sağ tərəfdə sıra ilə park edilmiş avtomobillərin arasından keçməklə harasa gedirlər. Təxminən 5-6 dəqiqədən sonra hər iki şəxs geri qayıdaraq avtomobilə əyləşib oradan uzaqlaşırlar. Bundan sonra avtomobilin yenidən dayanması müəyyən edilmir. Məhkəmə hesab edir ki, istənilən sürücü avtombilində nasazlıq yarandığı halda bu nasazlığı aradan qaldırmaq üçün avtomobili bir kənarda saxladıqdan sonra onun mühərrikxanasına, təkərlərinə, ətrafına göz gəzdirməklə baxış keçirməli, həmin nasazlığı aradan qaldırmaq üçün cəhdlər etməli və bu aktiv hərəkətlərlə müşayiət olunmalıdır. Lakin məhkəmənin gəldiyi nəticələr videogörüntüdə müəyyən edilməmişdir. Belə ki, sürücü avtomobili yolun hərəkət hissəsinin ikinci cərgəsində saxlayıraq guya qəza baş verməsi görüntüsü yaratmaq məqsədilə qəza işıq siqnallarını işə salaraq həm özü, həm də sərnişin avtomobilin arxa sərnişin oturacağından düşüb harasa gedir, bir müddətdən sonra heç nə olmamış kimi onlar geri qayıdıb avtomobilə əyləşib ərazidən uzaqlaşırlar. “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə görə Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Göründüyü kimi Həsrət Eyvazov avtomobilini qeyd edilən yerdə məcburi dayanmasına səbəb olan hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Həsrət Eyvazovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Eyvazov Həsrət Qadir oğlunun şikayəti təmin edilməsin. Eyvazov Həsrət Qadir oğlunun Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Baş X1 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 27947719 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. 01 ədəd DVD disk və fotoşəkillər iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1184/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1184/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver