Məhkəmə qərarları › İş №3(060)-1186/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1186/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1186/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1992-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, X2 qəsəbəsi, SMP-518, Yataqxana 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İCM-nin) 334-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:35-də Sumqayıt şəhəri Sülh və H.Əliyev küçələrinin kəsişməsində nəqliyyat vasitəsini təhlükəsizlik kəməri bağlamadan istifadə etdiyinə görə saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi barədə əsaslı şübhələr yaranmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış və sonuncunun narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis leytenantı X3 bildirdi ki, 1 may 2025-ci il axşam saat 12 radələrində Sülh və H.Əliyev küçələrinin kəsişməsində işıqforda dayanan zaman sürücünün nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə onu saxlamış, sürücülük vəsiqəsi və həmin avtomobilə dair etibarnaməsi olmadığı müəyyən edilmişdir. Həmin vaxt sürücünün əhvalında şübhələri yarandığı üçün o, həkim müayinəsinə aparılmış və onun narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. Müayinədən sonra şəxs polis əməkdaşlarının yanından qaçmış, 15 may tarixində PB-nə təhvil verilmiş və 1 gün PB-də saxlanılmışdır. Qeyd edir ki, barəsində protokol tərtib edilmiş şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir kobud rəftar olmamış, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək hadisə vaxtı idarə etdiyi avtomobilin dostuna məxsus olduğunu, sürücülük vəsiqəsinin ümumiyyətlə olmadığını, Sumqayıta tanışını aparmaq üçün “DAEWOO NEXİA MİNİK” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir. Qeyd edir ki, 2 il öncə narkotik asılığından yaxa qurtarmaq üçün müalicə almış, sonuncu dəfə isə 25 aprel 2025-ci il tarixdə əvvvəldən pencəyinin cibində qalmış olan narkotik vasitədən çəkərək istifadə etmişdir. O, tibbi müayinə zamanı nümunəni özü verdiyini və həkim rəyi ilə tanış olduğunu bildirmişdir. Evlidir, himayəsində 1 azyaşlı övladı var. Əməlindən peşman olduğunu, azyaşlı övladının olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında Şəxs əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq şəxs barəsində aşağı həddə cərimə tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Tibbi müayinəyə göndərilmə barədə” 01 may 2025-ci il tarixli 2663 nömrəli protokoldan görünür ki “DAEWOO NEXİA MİNİK” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün tibbi müayinəyə göndərilmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” 01 may 2025-ci il tarixli akta əsasən Şəxs məxsus avtomobil duracağa qəbul edilmişdir . “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 02 may tarixli 2663 nömrəli akta əsasən Şəxs götürülmüş nümünə ekspress test üsulu ilə yoxlanılmış sonuncunun narkotik vasitə qəbul faktı aşkar edilmişdir. Portaldan çıxarışdan görünür ki, sürücü Şəxs sürücülük vəsiqəsi olmamışdır. “İnzibati qaydada tutma haqqında” 15 may 2025-ci il tarixli 014315 nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il saat 14:15-dən xx.xx.2025-ci il saat 14:30-a qədər inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş inspektoru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir və o, həmin maddə ilə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 2663 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinin “Qeyd”-nə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş, bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 1 azyaşlı övladının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır.. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, Şəxs barəsində protokol tərtib edildikdən sonra hadisə yeyindən yayınmış, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış həmin tarixdə barəsində “İnzibati qaydada tutma haqqında” protokol tərtib edilmiş, xx.xx.2025-cu il tarixdə protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati qaydada tutulduğu bir gün müddəti nəzərə alır və hesab edir ki, sonuncu barəsində İXM-nin 334-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və tutulduğu bir gün müddət nəzərə alınmaqla qəti tənbeh verilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 29 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulduğu 1 gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar