Məhkəmə qərarları › İş №3(060)-1190/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1190/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1190/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 inspektoru, polis serjantı X2 iştirakları ilə xx.xx.1978-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında AP seriyalı ******* N-li, 13.03.2021-ci il tarixli protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən göndərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* N-li, 13.03.2021-ci il tarixli protokol Sumqayıt Şəhər Məhkəməsinin icraatına götürülmüşdür. Protokoldan görünür ki, sürücü Şəxs 13.03.2021-ci il tarixdə saat 22:40 radələrində Çerkassi küçəsində işıq cihazından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X7 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs bildirmişdir ki, onun barəsində AR İXM-nin 333.1 və 327.1-ci maddələrinə əsasən AP ******* nömrəli protokol tərtib olunmuşdur. Ona məxsus Toyota markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə 13.03.2021-ci il tarixdə saat 20-22 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yolun qıraq hissəsində dayanaraq avtomobilini idarə etmək üçün ayıq sürücü gözlədiyi vaxt YPX əməkdaşları ona yaxınlaşaraq sənədlərini təqdim etməyi tələb etmiş, o, da YPX əməkdaşlarından nəyə görə sənəd tələb etdiyinin səbəbini soruşmuşdur. Ona avtomobili içkili vəziyyətdə idarə etdiyi bildirilmişdir. O, YPX əməkdaşlarına həmin avtomobili idarə etmədiyini bildirərək onların avtomaşınına əyləşmiş və sərxoşluq vəziyyətini müəyyən etmək üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmışdır. Müayinə zamanı onun sərxoş olması müəyyən olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserinin həkimi tərəfindən 1256 nömrəli, 13.03.2021-ci il tarixli akt tərtib olunmuşdur. O, içkili olsa da, avtomobili idarə etməmiş, ayıq sürücü gözləmək üçün yolun kənarında avtomobildə oturmuş və Çerkassi küçəsinə qədər avtomobil həyat yoldaşı tərəfindən idarə olunmuşdur. Bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 inspektoru, polis serjantı X4 bildirmişdir ki, 13.03.2021-ci il tarixdə ərazi üzrə xidmət apararkən Sumqayıt şəhəri Çerkassi küçəsində hərəkət edərkən Toyota markalı avtomobil YPX avtomobilini görərək avtomobili yolun kənarında saxladı. O, həmin avtomobilin yanına gələrək sükan arxasında oturmuş sürücü Şəxs sənədləri təqdim etməyini tələb etmiş və surucunun sərxoş olduğunu görmüşdür. Bundan sonra onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış və müayinə zamanı onun sərxoş olduğu müəyyən edilmiş və 1256 saylı, 13.03.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib edilmişdir. Bunları nəzərə alaraq Şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İnzibati iş üzrə şahid qısmində dindirilmiş X1 bildirmişdir ki, 13.03.2021-ci il tarixdə həyat yoldaşı Şəxs içkili spirtli içki qəbul etdiyi üçün 6688 nömrəsinə zəng edərək evə getmək üçün ayıq sürücü sifariş etmiş, lakin ayıq sürücü onlar olan yeri tapa bilmədiyindən məcbur olub avtomobillə Serkassi küçəsinə gəlmişlər. Həmin zaman avtomobili o idarə etmişdir. Çerkassi küçəsində avtomobili yolun kənarında saxlamış və sükan arxasından düşərək arxa oturacağa keçmişdir. Bu zaman YPX əməkdaşları avtomobilə yaxınlaşmış və həyat yoldaşından sənədləri təqdim etməyi tələb etmişlər, həyat yoldaşı nə səbəblə sənəd təqdim etməyi soruşduqda isə YPX əməkdaşları ona içkili avtomobil idarə etdiyini dedilər və onu sərxoşluq müayinəsindən keçirmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserə apardılar. İş materillarından olan 13.03.2021-ci il tarixli, 1256 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs saat 22:45-də müayinə vaxtı 0.65 % promil alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. İş materiallarından olan arayışdan görünür ki, Şəxs hərbi qulluqçudu və 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 73-cü maddəsinin İİİ bəndinin 1-ci yarımbəndində göstərilmişdir ki, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: təchizatından asılı olaraq nəqliyyat vasitələrindəfaraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə-faralar və ya fənərlər, at arabalarında-fənərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 inspektorunun və şahidin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş olduğu müəyyən olunsa da, onun avtomobili sərxoş halda idarə etməsi barədə YPX əməkdaşları tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin məcəllənin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar