Məhkəmə qərarları › İş №3(060)-1191/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1191/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1191/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – Sənan Qasımlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən 30 may 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4283/2018 saylı, xx.xx.2018-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şəxs tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşağa 154 manat, iki uşağa görə cəmi 308 manat miqdarında müəyyən edilmişdir. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2600 manat pul tutularaq X2 verilməlidir. Hər iki icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərarlar qəbul edilmişdir. Borclu icra sənədləri üzrə öhdəliyini icra etmədiyindən bir dəfə inzibati məsuliyyətə cəlb edilərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həmçinin borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra idarəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədlərini tam icra etməsi təklif olunmuş, lakin borclu icra sənədlərini tam şəkildə icra etməmişdir. xx.xx.2024-cü il tarixli tələbkarın ərizəsi əsasında borclu yenidən icra idarəsinə dəvət olunaraq izahatı alınmış və arəsində inizbati xəta haqqında protokol tərtib olunmuşdur. Birinci icra sənədi üzrə 6005 manat aliment borcu, ikinci icra sənədi üzrə ayda 100 manatdan ödəniş etmiş, 450 manat borcu qalmışdır. Aliment borcundan 350 manat ödəniş edir, həmin məbləğdən 308 manatı əsas, 42 manatı qalıq borcdan ödəyir. İcra işi onun icraatına daxil olduğu vaxtdan, yəni 2021-ci ildən borclu hər ay ödəniş edir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, hal-hazırda ailəlidir, ikinci nikahdan iki övladı vardır. Aylıq maaşı 172 manatdır, günün ikinci yarısı da digər işlərlə məşğul olaraq pul qazanır. 2021-ci ildən bəri hər ay 350 manatdan ödəniş edir. Aliment kəsilən vaxt bir evdə yaşadıqlarından məlumatı olmamış, daha sonra pandemiya dövründə işi olmadığından ödəniş edə bilməmiş, borc yığılmışdır. Digər icra sənədi avtomobilin bölünməsi isə bağlı olmuşdur, həmin icra sənədi üzrə də 100 manat ödəniş etmiş, 450 manat borcu qalmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, şəxs aliment borcunu hər ay tam ödəyir və borcundan da ödəniş edir. İkinci dəfə ailə qurmuşdur, həmin nikahdan da iki azyaşlı övladı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar X5 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şəxs tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşağa 154 manat, iki uşağa görə cəmi 308 manat miqdarında müəyyən edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2600 manat pul tutularaq X2 verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3911/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-361/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, prosess iştirakçılarının məhkəmə iclasında verikləri məlumata əsasən borclu icra sənədi üzrə müəyyən edilmiş alimenti 2021-ci ildən mütəmadi olraq hər ay tam şəkildə vaxtında ödəyir, borcundan isə qismən ödəniş edir. Aliment borcu izahatlara əsasən tərəflərin birlikdə yaşadığı dövrdə və pandemiya dövründə yığılmış borcdur. Həmçinin borclu ikinci icra sənədi üzrə də ödənişlər etmiş, icra sənədi ilə müəyyən edilmiş məbləğə nisbətdə az miqdarda borcu qalmışdır. Məhkəmə, şəxsin hazırda inzibati məsuliyyətə cəlb edilməsinin aliment alan və ikinci nikahdan olan uşaqların maddi durumuna mənfi təsirini nəzərə alır və hesab edir ki, qanunvericiliyin məqsədi hər bir halda borclu şəxsi cəzalandırmaq deyil, onun icra sənədi üzrə müəyyən edilmiş borcunun vaxtında hər ay ödəməsini təmin etmək və bunun üçün borcluya zəruri şərait yaratmaqdır. Göründüyü ki, Şəxs ödəniş etməsi, onun ödənişlər etməkdən imtina etməməsi qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığına dəlalət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar