Məhkəmə qərarları › İş №3(060)-1194/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1194/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1194/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədovun, X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov tərəfindən 13.05.2022ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30.05.2017-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Rüfət Məmmədov məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4206/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 10.02.2004-cü il təvəllüdlü X4 və 06.09.2007-ci il tarixli X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin 15.11.2012-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan alimentin miqdarı dəyişdirilərək bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında müəyyən edilmişdir. Həmin icra sənədi üzrə borclu borcunu ödəmədiyindən 12000 manat aliment borcu yaranmışdır. Borclu icra sənədinin icrasından və çağırışlardan yayındığına görə barəsində axtarış elan edilmiş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 13.05.2022-ci il tarixdə tutulması mümkün olmuşdur. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4206/2017 saylı, 30.05.2017-ci il tarixli icra vərəqəsinə əsasən 10.02.2004-cü il təvəllüdlü X4 və 06.09.2007-ci il tarixli X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin 15.11.2012-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan alimentin miqdarı dəyişdirilərək bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında müəyyən edilmişdir. Ödəniş etməyə imkanı yoxdur. Aliment borcunu tam ödəməyə imkanı çatmır. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X5 bildirdi ki, borclu 2018-ci ilin mart ayından aliment ödənilməsi üçün axtarışdadır, bu müddət ərzində heç bir ödəniş etməmişdir, o, alimentin tam ödənilməsini tələb edir, əks təqdirdə borclunun qanuna müvafiq qaydada daha ağır tənbeh edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4206/2017 saylı, 30.05.2017ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 10.02.2004-cü il təvəllüdlü X4 və 06.09.2007-ci il tarixli X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin 15.11.2012-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşağa görə 240 (iki yüz qırx) manat miqdarında müəyyən edilərək X3 verilməsi qət edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlı-vaxtında ödəniş etməmiş, 12000 manat aliment borcu yığılmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 13 may 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 13 may 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar