Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1195/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıxova (Əliyeva) Afaq Sabir qızının, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1989-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Sadıxova (Əliyeva) Afaq Sabir qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 13 may 2022-ci il tarixdə Sadıxova (Əliyeva) Afaq Sabir qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7419/2021 saylı, 19.10.2021-ci il tarixli icra sənədinə əsasən borclu Sadıxova (Əliyeva) Afaq Sabir qızından 4.213,00 manat alınaraq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs verilməli olsa da icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yetirməmiş, ödəniş etməkdən imtina etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7419/2021 saylı, 19.10.2021-ci il tarixli icra sənədinə əsasən borclu Sadıxova (Əliyeva) Afaq Sabir qızından 4.213,00 manat alınaraq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Sadıxova (Əliyeva) Afaq Sabir qızına bu gün icra idarəsinə dəvət olnub, izahatı alınıb və icraata başlama haqqında qərarın surəti ona təqdim edilmişdir. Borclu qeyd olunan borcunu üzrüsüz səbəbdən icra etməmişdir. Göstərilənlərə əsasən borclu Sadıxova (Əliyeva) Afaq Sabir qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7419/2021 saylı, 19.10.2021-ci il tarixli icra sənədinə əsasən borclu Sadıxova (Əliyeva) Afaq Sabir qızından 4.213,00 manat tutlaraq ona verilməlidir. İcra sənədi üzrə borcdan heç bir ödəniş olmamışdır. Qeyd olunanlara əsasən Sadıxova (Əliyeva) Afaq Sabir qızı barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıxova (Əliyeva) Afaq Sabir qızı inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7419/2021 saylı, 19.10.2021-ci il tarixli icra sənədinə əsasən ondan 4.213,00 manat alınaraq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan məhkəmə qətnaməsindən və icra vərəqəsindən ümumiyyətlə məlumatı olmamışdır. O, icra idarəsində olarkən, icra məmuru tərəfindən izahatı alınarkən ona icraata başlama haqqında qərarın surəti təqdim olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Sadıxova (Əliyeva) Afaq Sabir qızının barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədləri ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 14.12.2021-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. İcraata başlama haqqında qərar 13 may 2022-ci ildə borcluya təqdim olunmuşdur. Yalnız inzibati xəta haqqında protokol tərtib edilən gün yəni-13 may 2022-ci ildə borclunun izahatı alınaraq həmin qərar və bildiriş ona təqdim olunmuşdur. İcra məmuru tərəfindən həmin gün, yəni 13 may 2022-ci il tarixdə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Sadıxova (Əliyeva) Afaq Sabir qızının sözü gedən icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki icra məmuru tələbin könüllü icrası barədə bildirişi 13 may 2022-ci il tarixdə borcluya təqdim edib həmin gün də İXM-nin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi anlamına gələ bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Sadıxova (Əliyeva) Afaq Sabir qızının əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 13 may 2022-ci il tarixdə Sadıxova (Əliyeva) Afaq Sabir qızı barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1195/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1195/2022
13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver