Məhkəmə qərarları › İş №3(060)-1196/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1196/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1196/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Səxavət Şükürov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra bundan sonra mətndə İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Səxavət Şükürov məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Səxavət Şükürov şikayətini onunla əsaslandırmışdır ki, BDYPİ-nin YPX alayının əməkdaşları tərəfindən xx.xx.2025-ci ildə Sumqayıt şəhəri St.Sumqayıt yolunda, BDYPİ Sumqayıt Regional İmtahan-Qeydiyyat şöbəsinin qarşısında barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə barəsində İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə polis polkovniki X8 tərəfındən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 600 manat cərimə edilmişdir. Belə ki, etibarnamə əsasında “Howoyük” markalı, **-BY-*** nömrə nişanlı avtomaşını idarə edir. xx.xx.2025-ci ildə həmin avtomaşınla Sumqayıt şəhəri ərazisində, St.Sumqayıt yolunda yerləşən “Beton zavodundan” yaş beton doldurub yola çıxan zaman YPX əməkdaşları onu saxlamışlar. Heç bir araşdırma aparmadan guya onun normadan artıq yük daşıdığını bildirmişlər. O, onlara zavod ərazisində “Elektron-Tərəzi” ilə ölçülmüş yükün sənədini təqdim etmiş, orada yükün çəkisinin 14.122,18 kiloqram olduğu ona göstərilmişdir. Avtomobilə məxsus qeydiyyat şahətnaməsində avtomobilin yüksüz kütləsinin 16.800 kq., yüklə birlikdə maksimal kütləsi isə 31.800 kq. göstərilmişdi. O, bunu izah edib sənədləri təqdim etsə də, nəticəsi olmamış, onu maşınla birlikdə Bakı şəhərinə gətirmiş, və ona yükü özlərinə məxsus tərəzi ilə çəkəcəklərini bildirmişlər. Yükü maşınla birlikdə tərəzidə çəkdikdən sonra avtomobildə artıq yükün olduğunu ona bildirsələr də, lakin yükün nə qədər artıq olması barədə ona nə yazılı, nə də şifahi məlumat verməmişlər. Eyni zamanda nə inzibati xəta haqqında protokolda, nə də inzibati tənbeh vermə haqqında qərarda nə qədər artıq yük daşıması göstərilməmiş, ümumi sözlərlə kifayətlənmişlər. Ölçmə vasitəsinin, yəni tərəzinin yoxlanılması haqqında şəhadətnamə ona təqdim edilməmişdir. Qeyd edir ki, nəzarət ölçü cihazları, o cümlədən yükün ağırlığını ölçən tərəzilər üçün ölçmələrin vəhdətinin təmin edilməsi məqsədilə hər il dövlət standartlarına uyğunluğu barədə yoxlamadan keçirilərək müvafiq sertifikat alınmalıdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən tərəzinin göstəriciləri və onun müayinədən keçməsi barədə sertifikatlar ona təqdim olunmalı idi. Bu səbəbdən o, inzibati xəta haqqında protokolla və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razılaşmır, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Səxavət Şükürov şikayəti müdafiə edərək bildirdi ki, 18 aprel 2025-ci ildə günorta saatlarında etibarnamə əsasında idarə etdiyi “HOWO ZZ1317N306GE1 YÜK” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili 6 kub beton materialla yükləyərək zavoddan çıxmış, yolda onu BDYPİ-nin əməkdaşları saxlamışlar. Qeyd edir ki, idarə etdiyi yük maşının yüksüz çəkisi 16 ton 800 kq olduğu üçün o, 18 aprel tarixində avtomaşına 14 ton 122 kq yük vurmuşdur. Qeyd edir ki, idarə etdiyi yük maşınına yüklənmiş materialın çəkisi yol verilə bilən normadan artıq olmamışdır. Polis əmkdaşları tərəfindən saxlanıldıqda sonra ondan cərimə meydançasına yaxınlaşması tələb olunmuş, o, Ceyranbatan və Tağıyev qəsəbələri ərazilərində də tərəzi olduğunu bildirmişdir. Qeyd edir ki, cərimə meydançasına gətirilmiş səyyar tərəzi vasitəsilə yük maşınının yüklə birlikdə çəkisinin ümumilikdə 33 ton 700 kq olduğu müəyyən edilmişdir. Həmin vaxt o, tərəziyə dair müvafiq sənədləri təqdim edilməsini tələb etmiş, ona “X5” MMC-nin müvafiq sənədi təqdim edilmişdir ki, o, həmin sənədin fotoşəklini çəkmiş və şikayətinə əlavə etmişdir. Polis əməkdaşlarına idarə etdiyi yük maşınında daşıdığı yükün çəkisinin məhz icazə verilən maksimum çəkidən az olduğunu təstiq edən sənədləri təqdim etsə də, onlar bununla razılaşmamış, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu səbəbdən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən DİN BDYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Səxavət Şükürov TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə olunmuşdur. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnaməyə əsasən Səxavət X1 məxsus “HOWO ZZ1317N306GE1 YÜK” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. HOLCİM MMC tərəfindən təsdiq edilmiş yükə dair Qaimədən görünür ki, sürücü Səxavət adlı şəxsin idarə etdiyi ** BY *** dövlət nömrə nişanlı avtomaşına 6 M3 beton yükü yüklənmiş, yüklənmə tarixi xx.xx.2025-ci il, saat 13:19 dəqiqə olmuşdur. Yükün ümumi çəkisi 14 ton 122 kq təşkil etmişdir. “X4” MMC tərəfindən təqdim edilmiş yükün çəkildiyi tərəziyə dair Kalibrləmə sertifikatından görünür ki, Səxavət Şükürovun idarə etdiyi avtomobildə olan yükün çəkisinin ölçüldüyü tərəzinin növbəti kalibrləmə tarixi xx.xx.2025-ci il tarix olmuşdur. İşçi qaydasında BDYPİ-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan Səxavət Şükürov barəsində İXM-nin 353.2-ci maddəsi ilə protokol tərtib edildiyi qeyd edilmişdir. İşçi qaydasında BDYPİ-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli AKT-dan görünür ki, ** BY *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə xüsusi mühafizə olunan duracağa yerləşdirilmişdir. İşçi qaydasında BDYPİ-dən əldə edilmiş yükün çəkisinin müəyyyən edilməsinə dair qəbzdən diyircəkli qələmlə yükün miqdarının 33.750 kq olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qərardan şikayət verən Səxavət Şükürovun izahatını, ərizəyə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, BDYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı ləğv edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərlə izah edir. İlk növbədə qeyd edilməlidir ki, nə inzibati tənbeh vermə haqqında qərarda, nə də işçi qaydasında BDYPİ-dən əldə edilmiş inzibati xəta haqqında protokolda Səxavət Şükürovun idarə etdiyi avtomaşında yoxlama zamanı hansı miqdarda artıq yükün olması göstərilməmişdır. İXM-nin 100.1-ci maddəsinə göstərilmişdir ki, bu məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda göstərilməli olan xüsusat qismində inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. Həmin məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin məcəllənin 81.3-cü madəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin məhkəmə araşdırması zamanı həm inzibati xəta haqqında protokolda, həm də inzibati tənbeh vermə haqqında qərarda Səxavət Şükürovun idarə etdiyi avtomaşında beton yükünü ölçən tərəzinin göstəriciləri, onun tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə hər hansı məlumat qeyd edilməmişdir. Məhkəmə iclasında Səxavət Şükürov tərəfindən təqdim edilən və həmin sənədin ona məhz DYPŞ-nin inspektoru tərəfindən ölçmə işi aparıldıqdan sonra təqdim edildiyini bildirdiyi sənəddən müəyyən edilmişdir ki, əslində beton yükünün çəkisi “X4” MMC tərəfindən kalibrləmə sertifakı verilmiş AzAK xüsusi texniki vasitəsilə ölçülmüşdür ki, həmin xüsusi texniki vasitənin növbəti kalibrləmə vaxtı xx.xx.2025-ci il tarix göstərilmişdir. Eyni zamanda həmin vasitənin hansı tarixdə müqayisəli dövlət yoxlamasından keçdiyi tarix də göstərilməmişdir. Göründüyü kimi yükün çəkisinin ölçüldüyü xüsusi texniki vasitə növbəti kalibrləmədən keçmədən inzibati orqan həmin texniki vasitədən qanunsuz və əsasız, yəni qanunun tələbinə riayət etmədən yükün çəkisini müəyyən etmişdir. Məhkəmə bir halı da vurğulayır ki, yükün daşındığı HOWO ZZ1317N306GE1 YÜK” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qeydiyyat şəhadətnaməsində avtomobilin yüksüz kütləsinin 16800 kq, yüklə birlikdə çəkisinin 31000 kq olduğu göstərilmişdir. X10 MMC-də xx.xx.2025-ci il tarixdə avtomobilə yüklədiyi yükün çəkisinin 14122,18 kq olduğunu nəzərə alaraq həmin yüklə avtomobilin yüksüz çəkisini toplasaq yəni 14122,18+16800=30.922.18 kq-a bərabər olduğunu, yəni qeydiyyat şəhadətnaməsində icazə verilə bilən maksimumum çəkini keçmədiyini müəyyən edə bilərik. Səxavət Şükürovun belə olan halda İXM-nin 353.2-ci maddəsinin tələblərini pozmadığı müəyyən edilmişdir. Bundan başqa işçi qaydasında BDYPİ-dən əldə edilmiş Səxavət Şükürova məxsus həmin yükün miqdarına dair qəbzdən yükün əslində hansı çəkidə olduğunu müəyyən etmək də mümkün olmamışdır. Belə ki, əldə edilmiş həmin qəbzdə diyircəkli qələmlə yükün miqdarının 33750 kq olması müəyyən edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunun göstərilən normalarını və məhkəmənin yuxarıda qeyd etdiklərini nəzərə alaraq BDYPİ-nin Səxavət Şükürovu həmin maddə ilə təqsirli bilmələri üçün əsas verən qəbzi, yəni yükün çəkisini müəyyən edən diyircəkli qələmlə yazılmış sənədi sübut növü kimi qəbul etmir. Məhkəmə yükün miqdarının bu şəkildə yazılmasını Səxavət Şükürovu qəsdən həmin maddə ilə inzibati məsuliyyətə cəlb etmək cəhdi kimi qiymətləndirir və hesab edir ki, bu halda sonuncunun təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Səxavət Şükürov öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, qərar qəbul edilərkən Səxavət Şükürovun İXM-nin 353.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmiş, əksinə məhkəmə iclasında onun həmin inzibati xətanın törədilməsində təqsirsiz olması, əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilə bilən qərarlardan biri kimi bu məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi göstərilmişdir. İXM-nin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması göstərilmişdir. Odur ki, yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Səxavət Şükürovun hərəkətlərində inzibati xəta tərkibi olmamışdır bu səbəbdən şikayət əsaslı olduğu üçün təmin edilməli və X12 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilərək İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53 və 134.1.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar