Məhkəmə qərarları › İş №3(060)-12/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-12/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-12/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, İSKO QTSC-nin Bakı Filialının nümayəndəsi Yasin İsmayılovun iştirakları ilə, İSKO QTSC-nin Bakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt səhəri, Ş.Bədəlbəyli küçəsi ev 22 olan İSKO QTSC-nin Bakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 271-ci maddəsinə əsasən 13 oktyabr 2020-ci il tarixli ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Şəhər 53-cü məhəllə ərazisində fəaliyyət göstərən “İsko” QTSC ticarət mərkəzinin ərazisi boyu və ətrafında məişət və digər tullantıların ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq qalaqlanması müəyyən edilmişdir. İnzibati xəta haqqında işə baxılması bir neçə dəfə təxirə salınmış, sonuncu məhkəmə iclası 30.03.2021-ci ildə keçirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak edərkən tərtib etdikləri inzibati protokola uyğun izahat verərək bildirdi ki, Sumqayıt Şəhər 53-cü məhəllədəki geniş ərazidə İSKO QTSC-nin Bakı Filialı tikinti və sair materialların satışını həyata keçirir. Lakin fəaliyyətləri nəticəsində yığılan məişət və digər tullantıları qalaqlayaraq elə həmin ərazidə saxlayırlar. Ərazidə antisanitariya baş verir, vətəndaşlar narazılıq edirlər. Qalaqlanmış tullantıların ərazidən daşınması üçün aidiyyəti təşkilatla müqavilə bağlamırlar. Bunun nəticəsində İSKO QTSC-nin Bakı Filialı tərəfindən ətraf mühitin mühafizəsi tələbləri pozulduğuna görə barələrində inzibati protokol tərtib edilmişdir. İSKO QTSC-nin Bakı Filialının nümayəndəsi Yasin İsmayılov məhkəmə iclaslarında iştirak edərkən izahatında bildirdi ki, İSKO QTSC-nin Bakı Filialı Sumqayıt Şəhər 53-cü məhəllədəki ərazidə əsasən tikinti və sair materialların satışını həyata keçirir. Lakin İSKO QTSC-nin Bakı Filialı həmin ərazidə inşa etdiyi çoxlu sayda maqazinləri başqa fiziki və hüquqi şəxslərə icarəyə vermişdir. Bununla əlaqədar həmin fiziki və hüquqi şəxslərlə İSKO QTSC-nin Bakı Filialı arasında icarə müqavilələri bağlanmışdır. Buna görə də ərazidə yığılan tullantıların daşınmasına cavabdeh İSKO QTSC-nin Bakı Filialı deyil, icarə münasibətlərini həyata keçirən fiziki və hüquqi şəxslər olmalıdır və inzibati protokol da həmin fiziki və hüquqi şəxslər barəsində tərtib edilməli idi. Məhkəmə iclaslarının gedişində İSKO QTSC-nin Bakı Filialının nümayəndəsi Yasin İsmayılov tərəfindən məhkəməyə icarə müqavilələrinin surəti təqdim olunmuşdur. Həmin icarə müqavilələri İSKO QTSC-nin Bakı Filialı ilə digər fiziki və hüquqi şəxslər arasında bağlansa da, müqavilələrin tarixlərində açıq aydın düzəlişlərin olunması müəyyən olduğundan, məhkəmə tərəfindən aidiyyəti vergi orqanına sorğu edilərək Sumqayıt Şəhər 53-cü məhəllədəki ərazidəki maqazinlərin icarəyə verilməsi ilə bağlı İSKO QTSC-nin Bakı Filialı ilə fiziki və hüquqi şəxslər arasındakı icarə müqavilələri istənilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 19 mart 2021-ci ildə məhkəməyə daxil olmuş icarə müqavilələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin icarə müqavilələri İSKO QTSC-nin Bakı Filialının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqavilələri ilə eynilik təşkil etmir və müqavilələr İSKO QTSC-nin Bakı Filialı tərəfindən hazırki inzibati xəta haqqında protokol tərtib ediləndən sonra, yəni 2020-ci ilin noyabr və dekabr aylarında bağlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə İSKO QTSC-nin Bakı Filialının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən icarə müqavilələri vergi orqanında qeydiyyatdan keçmədiyindən, həmin müqavilələrin tarixlərindəki düzəlişlərin açıq aydın sezildiyini nəzərə alaraq qeyd edilən müqavilələrin inzibati xətanın baş verməsini istisna edən sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə qeyd edir ki, İSKO QTSC-nin Bakı Filialı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs “İSKO QTSC Bakı Filialı İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş İSKO QTSC-nin Bakı Filialı barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt səhəri, Ş.Bədəlbəyli küçəsi ev 22 olan İSKO QTSC-nin Bakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6500 (altı min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar