Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-120/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1 maddələri ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:45 radələrində Bədəlbəyli küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün saxlanılmış və yoxlama zamanı narkotik sərxoşluğu olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən X1 barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən göndərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli protokol Sumqayıt Şəhər Məhkəməsinin icraatına götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X4 Şöbəsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 09:45 radələrində Bədəlbəyli küçəsində hərəkətdə olarkən heç bir qayda pozuntusu törətmədən polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobilin arxası aşağı olduğu bildirilmiş, o isə avtomobilin arxa hissəsində yük olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ondan bu yaxınlarda əməliyyat olunduğunu və ya dərman qəbul etdiyini soruşmuşlar. O, isə coxdan əməliyyat olunduğunu və yalnız ürək dərmanı qəbul etdiyini bildirmişdir. YPX əməkdaşları onu müayinədən keçirmək üçün Sumqayıt RND-ə aparmışlar, orada ondan sidik analizi götürülmüş və guya onun narkotik vasitə olan marixuana qəbul etdiyi aşkar olunmuşdur. O, narkotik vasitə qəbul etmədiyini, digər səhiyyə müəssisəsində yenidən müayinədən keçirilməsini polis əməkdaşlarına bildirsə də, onlar bunu etməmiş və o, DİNnin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə özü “Liman” klinikasına müraciət etmiş, müayinədən keçmiş və klinikadan narkotik vasitə qəbul etmədiyi barədə test nəticəsinə dair məktub almışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 7188 №-li aktdan müəyyən olunur ki, Şəxs (saat 10:05 radələrində) müayinə vaxtı marixuana qəbulu faktı aşkarlanmışdır. İş materiallarında olan “Liman” klinikası tərəfindən verilmiş ********* nömrəli, xx.xx.2022-ci il tarixli test nəticələrinə dair məktubdan görünür ki, Şəxs narkotik vasitələr qəbul etməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materiallarından olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib olunan protokoldan və “Liman” klinikası tərəfindən verilmiş ********* nömrəli, xx.xx.2022-ci il tarixli test nəticələrinə dair məktubdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:45 radələrində saxlanılmış, Sumqayıt RND-də nüayinədən keçirilmiş və Şəxs (saat 10:05 radələrində) müayinə vaxtı marixuana qəbulu faktı aşkarlanmışdır. Lakin həmin gün, yəni xx.xx.2022-ci il tarixdə “Liman” klinikasında muayinədən keçmiş və onun narkotik vasitələr qəbul etmədiyi məlum olmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar arasında ziddiyətlər olduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi sübuta yetirilmir. Eyni zamanda İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-120/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-120/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver