Məhkəmə qərarları › İş №3(060)-120/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-120/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-120/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-681/2022 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 2364/2022 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)- 3102/2020 nömrəli icra sənədlərini üzrlü səbəb olmadan icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs barəsidə axtarış elan olunmuşdur. O, ödənişdən yayınır. Qeyd edilənlərə əsasən icra məmuru protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, aliment borcunun ödənilməsindən yayınmır, aliment borcunu ödəyir. Bununla bağlı qarşı tərəfin şikayəti yoxdur. O, icra məmuru tərəfindən idarəyə yalnız aliment ödənişi ilə bağlı bir dəfə dəvət edilib. Bu gün polis əməkdaşları onu idarəyə gətirdikdə ona aliment borcu ilə ödənişlərin edilmədiyi bildirilmiş, o isə aliment ödənişlərini həyata keçirdiyini, uşaqlardan birinin onun yanında qalmasına baxmayaraq alimenti vaxtında ödəməsini bildirmişdir. Qeyd edilən halla bağlı tələbkarla telefon vasitəsilə əlaqə saxlanılmış və sonuncu alimentin vaxtında ödənildiyini bildirmişdir. Daha sonra ona barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2364/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, 1 (060)-681/2022 nömrəli icra sənədləri olmasına dair məlumat verilmişdir. Həmin icra sənədləri barədə onun məlumatı olmamış, o, Cəzaçəkmə Müəssisəsində olmuş, 2023-cü ilin oktyabrında cəzasını çəkib qurtardığı vaxtdan bu günədək ona həmin icra sənədlərinə dair heç bir məlumat verilməmişdir. Ona icra sənədinin könüllü ödənilməsinə dair bildiriş və ya icra sənədi ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-681/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2364/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs 2106.52 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-681/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1 (060)- 681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra edilməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Lakin, qeyd edilən bildirişin təqdim edilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2364/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2364/2022 nömrəli icra sənədi üzrə tələbin könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilməsinə bildiriş tərtib edilmiş, lakin qeyd edilən bildirişin təqdim edilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, e- 2(060)-2364/2022 nömrəli və xx.xx.2020-ci il tarixli, 3(060)-3102/2020 nömrəli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-681/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 114 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlama haqqında qərar qəbul edilmiş, lakin tələbin könüllü icrası haqqında bildirişin borcluya rəsmi qaydada təqdim edilməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2364/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs 2106.52 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2364/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmış, lakin tələbin könüllü icrası haqqında bildirişin borcluya rəsmi qaydada təqdim edilməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, borcluya icra sənədi barədə qanunamüvafiq qaydada məlumat verilmədən, onun borcunu üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə də təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclunun icra sənədləri barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən nə tələbkar, nə də borclu İcra İdarəsinə dəvət edilərək izahatları alınmamış, borcun ödənilib-ödənilməməsi, borcun ödənilməsindən qərəzli olaraq yayınma halları araşdırılmamış, İcra haqqında Qanunun 43-cü maddəsində nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiq edilməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar