Məhkəmə qərarları › İş №3(060)-1206/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1206/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1206/2024 31.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs İsmayılova (Şirinova) Günay Şirin qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1975-ci ildə Qubadlı rayonu, Bəxtiyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Bəxtiyarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şirinov X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-62/2023 saylı icra sənədi üzrə 6176 manat aliment borcunu icra etməkdən üzrsüz səbəbdən icra etmir və icra məmurunun çağırışlarından yayınır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-62/2023 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla borclu Şəxs tutularaq tələbkar İsmayılova (Şirinova) Günay Şirin qızına verilməlidir. İş üzə 01 may 2023-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könbüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Lakin, borclu bu günə kimi heç bir ödəniş etməmiş və icra idarəsinə gəlməkdən də yayınmışdır. Bu səbəbdən axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Borclunun izahatı alınmış, izahatında maddi vəziyyətinin pis olmasını və səhhətində ciddi problemlər olmasını qeyd edərək heç bir ödəniş edə bilmədiyini bildirmişdir. Tələbkar isə şikayət edərək ödəniş təmin edilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o məhkəmə qərarının icrasından qərəzli yayınmır. O, iki il əvvəl açıq ürək əməliyyatı olmuş, daim müalicə alır, həmçinin insult keçirmiş və buna görə sərbəst gəzə bilmir, heç sərbəst ayaq üstə də dayana bilmir. O, hazırda sənədlərini toplayaraq tibbi sosial ekspert komissiyasına təqdim etmişdir ki, ona əlillik dərəcəsi verilsin. Əlillik məsələsi həllini tapdıqda və pensiyası düzəldikdə ödənişlər edə bilər. Hazırda onun özünün kənar şəxslərin yardımına ehtiyacı var, yaxın şəxsləri ona yardım etməsə heç dərmanlarını belə ala bilməz. O xəstə olduğu üçün icra idarəsinə gələ bilməmişdir, lakin heç vaxt yayınmamışdır. Telefonda icra məmuruna harada olmasını demiş, səhhəti ilə əlaqədar onların gəlməsini xahiş etmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs İsmayılova (Şirinova) Günay Şirin qızı bildirmişdir ki, borclu həqiqətən də açıq ürək əməliyyatı olmuş və hazırda səhhətində problemlər var. Lakin, o iki uşaqla çox çətin vəziyyətdədir, işləsə də onların tələbatlarını təmin edə bilmir. Ona görə də alimentini tələb edir. Göstərilən halları nəzərə alaraq alimentin ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayımır, səhhətində olan problemlərə görə ödənişlər edə bilmir. Pensiya məsələsi düzələn kimi ödənişlər olacaq. Məhkəmə zalında onun vəziyyəti aşkar şəkildə görünür, heç ayaq üstə dayana bilmir, çəliklə gəzir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-62/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla borclu Şəxs tutularaq tələbkar İsmayılova (Şirinova) Günay Şirin qızına verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-62/2023 saylı sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)- 62/2023 saylı sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildiriş xx.xx.2023cü ildə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli və 06 mart 2024-cü il tarixli qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Tibbi Mərkəzi Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, Şəxs beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-62/2023 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla borclu Şəxs tutularaq tələbkar İsmayılova (Şirinova) Günay Şirin qızına verilməlidir. İş üzə 01 may 2023-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könbüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu bu günə kimi heç bir ödəniş etməmiş və icra idarəsinə gəlməkdən də yayınmışdır. Bu səbəbdən axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Borclu maddi vəziyyətinin pis olmasını və səhhətində ciddi problemlər olmasını qeyd edərək heç bir ödəniş edə bilmədiyini bildirmişdir. Tələbkar isə şikayət edərək ödəniş təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədini icra etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səhhətini məsuliyyətini yüngülləşdirən hal nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar