Məhkəmə qərarları › İş №3(060)-1206/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1206/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1206/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 27058258 saylı X1 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X7 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, DİN BDYPİ Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 27058258 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə 00:30 radələrində yaxın dostu X3 tanımadıqları şəxs tərəfindən mübahisə zamanı bıçaqlanmışdır. O, onu dərhal özünə məxsus olan “Ford Fusion” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirərək Sumqayıt Tibb Mərkəzi PHŞ TTY Xəstəxanasına aparmışdır. Həddindən artıq qan itirdiyi üçün onu təcili xəstəxanaya çatdırmalı idi. Bu səbəbdən də avtomobili yüksək sürətlə idarə etmişdir. Sumqayıt şəhəri, Sülh küçəsi, şəhərə giriş istiqamətində saat 00:35də yolda müəyyən edilmiş hərəkət sürətini 92 km/saat həddində aşdığı üçün radara düşmüşdür. DİN BDYPİ Mərkəzi İnformasiya Sisteminin EQ 27058258 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən İXM-nin 328.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. O, həmin qərarı xx.xx.2025-ci il tarixdə əldə edə bilmişdir. Qeyd olunanlara əsasən DİN BDYPİ Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 27058258 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümjkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 27058258 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 328.4-cü maddəsinə əsasən “Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-üç yüz manat məbləğində cərimə edilir.” - Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” Qanununun: - 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən “mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi “Ford Fusion minik” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Sumqayıt şəhəri, Sülh küçəsi, şəhərə giriş istiqamətində müəyyən edilmiş 60 km/saat sürət həddini aşaraq 92 km/saat sürətlə avtomobili idarə etmiş və qeyd olunan inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Qeyd olunan hal şikayət vermiş şəxs tərəfindən özünün təsdiqedici ifadəsi ilə də təsdiq edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, X7 törətdiyi inzibati xətanı etiraf etmişdir, şikayət ərizəsində və ifadəsində göstərilən hallar onun məsuliyyətdən azad olunması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 27058258 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X4 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X7 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 27058258 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 27058258 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar