Məhkəmə qərarları › İş №3(060)-1207/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1207/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1207/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27887711 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27887711 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ27887711 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 10:45-də etibarnamə üzrə istifadəsində olan 77GS360 dövlət qeydiyyat nişanlı, “MAN” yük markalı betonqarışdıran maşınla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmışdır. Belə ki, həmin qərarda idarə etdiyi betonqarışdıran maşında ümumi çəki 37000 kq qeydə alınmışdır. Həmin elektron tərəzi xəta ilə işləmiş, hər hansı texniki nasazlıqdan maşının çəkisi xeyli yuxarı göstərilmişdir. İdarə etdiyi 77GS360 dövlət qeydiyyat nişanlı, “MAN” yük markalı betonqarışdıran maşınla göstərilən tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin beton istehsalı sexindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tikinti işləri aparan "xxxx" MMC-yə В 25 sinifli 6 m3 beton aparmışdır. Bunu təsdiq edən sənədlər olan hər iki MMC-lər arasında olan təhvil-təslim aktını, malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura və hesab-fakturanının kserosurətlərini ərizəsinə əlavə edir. Tikinti normalarına uyğun olaraq 1 m3 betonun xüsusi çəkisi 2380 kq olur. Belə olan halda apardığı betonun cəmi çəkisi 14280 kq təşkil edir. Ərizəsinə əlavə etdiyi tərəzi çekindən maşının boş çəkisi 14910 kq təşkil etdiyi görünür. Maşının boş çəkisinin üzərinə apardığı 6 m3 betonun çəkisi olan 14280 kq gəldikdə isə ümumi kütlə 29190 kq təşkil edir. Buradan da elektron tərəzinin doğru işləmədiyini, texniki nasazlıqdan maşının kütləsinin yuxarı göstərildiyi görünür. ** GS *** dövlət qeydiyyat nişanlı, “MAN” yük markalı nəqliyyat vasitəsinin çəkilməsi və protokol tərtib olunan zaman qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27887711 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27887711 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Man yük” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 10:45:10-da Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində Quba istiqamətidə (M-1 44.6-cı km-də) hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün sürücü X4 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmişdir. Çəki limiti 32.000 kq olsa da, avtomobilin faktiki çəkisi 37.000 kq olmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, 77GS360 dövlət qeydiyyat nişanlı, “MAN” yük markalı nəqliyyat vasitəsinin 04 il 05 gün müddətinə, yəni xx.xx.2029-cu il tarixədək idarə edilməsi üçün X5 tərəfindən X1 verilmişdir. İş materiallarına əlavə edilmiş və xx.xx.2025-ci il tarixdə dövlət vergi xidmətinin elektron sistemində elektron imza ilə təsdiq edilmiş MT seriyalı 10836263 nömrəli elektron qaimə-fakturandan görünür ki, həmin tarixdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə В 25 sinifli 6 m3 betonun göndərilməsi barədə elektron qaimə-faktura tərtib edilmişdir. Elektron qaimə-fakturada həmçinin göstərilmişdir ki, qeyd edilən beton 77GS360 dövlət qeydiyyat nişanlı beton qarışdıran yük maşını ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki tikinti obyektinə göndərilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, alıcı "xxxx" MMC ilə satıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya “Man yük” markalı, **-GS-*** dövlət nömrə nişanlı betonqarışdıran avtomobillə 6 m3 B-25 sinifli betonun çatdırılmasını təmin etmişdir. İş materiallarında olan BA276857 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsinin surətindən görünür ki, “Man yük” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 13.370 kq, maksimal kütləsi isə 37.000 kq təşkil edir. İş materiallarında olan tərəzi qəbzindən görünür ki, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tarası 14.910 kq təşkil edir. İnternet informasiya ehtiyyatlarında 1 m3 betonun çəkisi ilə bağlı axtarış edildikdə, 1 3 m betonun çəkisinin onun markasından asılı olaraq 2298 kiloqramdan 2496 kiloqrama qədər olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmiş və “Man yük” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki çəkisinin 37.000 kq olması qeyd edilmişdir. Xətanın qeydə alındığı yolda isə çəki limiti maksimum 32.000 kq müəyyən edilmişdir. Lakin, həmin vaxt və “Man yük” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və təqdim edilmiş sənədlərə əsasən ona yüklənmiş yükün ümumi maksimum çəkisinin 29.886 kq olması müəyyən edilir. Nəqliyyat vasitəsinin çəkisi 14.910 kq + 14.976 kq yük (6 m3 beton, 1 m3 beton 2496 kq olmaqla) = 29.886 kq. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi qeydə alınarkən nəqliyyat vasitəsində sənədlərdə göstəriləndən əlavə yükün olması, yəni faktiki kütlənin yuxarıdakı abzasda qeyd edilən çəkidən artıq olması istisna edilmir. Lakin, xüsusi texniki vasitənin göstəricilərindən görünür ki, nəqliyyat vasitəsinin faktiki kütləsi həmin vaxt 37.000 kq təşkil etmiş, bu çəki isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsində onun maksimal kütləsi kimi göstərilmiş çəki ilə eynilik təşkil edir. Bu baxımdan qeyd edilməlidir ki, nəqliyyat vasitəsinin faktiki kütləsinin həmin vaxt 37.000 kq olmasının qeyd edilməsi nəzəri baxımdan inkar edilməsə də, faktiki olaraq bu qədər yuvarlaq bir çəkidə ifadə olunması, həmin çəkinin isə nəqliyyat vasitəsinin maksimal kütləsi ilə eynilik təşkil etməsi, həmçinin təqdim edilmiş yük sənədlərinə əsasən nəqliyyat vasitəsinin çəkisinin yüklə birlikdə maksimum çəkisinin 29.886 kq olması inzibati xəta hadisəsi qeydə alınarkən hərəkət halında çəki ölçmə nəzarət sisteminin avtomatik rejimdə nəqliyyat vasitəsinin maksimal kütləsini qeyd etməsi qənaətinə gəlinməsinə kifayət əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27887711 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27887711 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar