Məhkəmə qərarları › İş №3(060)-1211/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1211/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1211/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 16 may 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 14.05.2022-ci il tarixində saat 15:00-da Sumqayıt şəhəri, 19-cu məhəllə, Narkoloji Dispanserin qarşısında ucadan nalayiq söyüşlər etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 16 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 14.05.2022-xi il tarixində Novxanı bağları “Murad” marketin yanında dostu Muradla maşınla gələrkən DYPX-nin əməkdaşları onları saxlamış, DYPX-nin əməkdaşları sürücüdən şüphə etdiyindən onları 19-cu məhəllədə yerləşən Narkoloji Dispanserə gətirmişlər. Sürücü İbad tibbi müayinədən keçmək istədiyi zaman o, DYPX-nin əməkdaşlarına nə üçün belə edirsiniz dedikdən sonra onlarla aralarında mübahisə yaranmışdır. Daha sonra o, əsəbləşərək ünvansız nalayiq ifadələr işlətmişdir. DYPX-nin əməkdaşları onu qeyd olunan ərazidən uzaqlaşdırmaq istədikdə o, polis əməkdaşlarını dinləməyərək onların qanuni tələbinə məhəl qoymamışdır. Daha sonra dostu İbad həkim müayinəsindən keçirilmişdir. Bundan sonra isə o, aidiyyəti üzrə Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nə dəvət olunmuş və orada onun izahatı alınmışdır. Hazırda əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid izahatında göstərdi ki, 14.05.2022-ci il tarixdə saat 15:00 radələrində “Volksvagen Tuareg cip” markalı avtomobili saxlayıb Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən Narkoloji Dispanserə gətirərək orada sürücünün yanında olan vətəndaş Şəxs avtomobildən düşərək söyüşlər söyərək xuliqanlıq hərəkətləri etmiş, onu qeyd olunan ərazidən kənarlaşdırmaq istəyərkən onun və postaçı digər polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Daha sonra qeyd olunan əraziyə PPX-dən dəstək istənilmiş və Şəxs ərazi üzrə PB-nə aprılmışdır. İş materialında olan 14.05.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14.05.2022-ci il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuş və 16.05.2022-ci il tarixdə saat 15:00 radələrində azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 100,00 (bir yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar