Məhkəmə qərarları › İş №3(060)-1213/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1213/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1213/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişməsində tərtib edilmiş qərarsız İXP70524163 nömrəli protokola əsasən AR İXM 327.2-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Belə ki, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis serjantı İsmayılov Samir Nazim oğlu tərəfindən qanunsuz və əsassız olaraq protokol tərtib olunmuşdur. O, həmin polis əməkdaşına həmin inzibati xətanın onun törətməməsini başa salmış, lakin polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə TP7229842 nömrəli inzibati xəta haqqında qərar verilsə də, lakin həmin qərar onun şəxsi kabinetinə yerləşdirilməmişdir. Həmin qərar əsasında o, 3 bal və 100 AZN məbləğində cərimələnmişdir. Həmin protokol və onun əsasında verilmiş qərarın qanunsuz və əsassız olduğunu hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən X1 şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş verilmiş video görüntülərdən onun inzibati xəta törətməsi aydın görünmür. Video görüntüdə olan avtomobilin onun avtomobili olmasına əsaslı şübhəli mövcuddur. Çünki, video görüntüdə avtomobilin qeydiyyat nişanı görünmür. Buna görədə mübahisənin tam həll olunması üçün səlahiyyətli orqan tərəfindən aydın video görüntülərin təqdim olunması zəruridir. Belə ki, polis əməkdaşının xidməti avtomobili hərəkət edərkən sayrışan işıqlar işlək vəziyyətddə olmalı, avtomobilin özündə video görüntü qeydə alınmalı, polis əməkdaşının üzərində video registor və səs yazan vasitə olmalıdır. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Guya hadisə yerinin uzaqdan görüntüsü var. Orada qara rəngli avtomobilin polis tərəfindən saxlanıldığı görünür. Lakin, video görüntüdə nə avtomobilin markası, nə də qeydiyyat nişanı görünür. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə şikayətə etiraz göndərərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs Nizami İbrahimov şikayətlə məhkəməyə müraciət edərək haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı Nizami İbrahimov DİN-nin rəhbərliyinə müraciət etmiş, lakin araşdırma zamanı onun tərəfindən 17 aprel 2025-ci il tarixində saat 11:08 radələrində Bakı şəhəri S.Vurğun küçəsində yolayrıcını keçmə qaydasını pozduğuna görə barəsində tədbir görülməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi YPX inspektoru tərəfindən İXM-nin 99.1.1-ci maddənin tələbinə uyğun olaraq Nizami İbrahimovun törətdiyi qayda pozuntusu bilavasitə vizual qaydada aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 11:08 radələrində “Hyundai Equus” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, S.Vurğun küçəsi ilə S.Əsgərova küçələrinin kəsişməsində idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, qara rəngli sedan avtomobil Bakı şəhəri, S.Əsgərova küçəsi ilə hərəkət edərək sola S.Vurğun küçəsinə dönərkən qarşıdan hərəkət edərək sağa S.Vurğun küçəsinə dönən digər avtomobilə yol vermədiyi üçün YPX avtomobili tərəfindən saxlanılır. Müəyyən edilir ki, video görüntülər xx.xx.2025-ci il tarixdə saat 11:05-11:06 radələrində qeydə alınmışdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X1nun mülkiyyətində olan “Hyundai Equus” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rənglidir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə “Hyundai Equus” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, S.Əsgərova küçəsi ilə idarə edərək sola S.Vurğun küçəsinə dönərkən qarşıdan hərəkət edərək sağa S.Vurğun küçəsinə dönən digər avtomobilə yol vermədiyi üçün ərazidə xidmət aparan YPX əməkdaşı tərəfindən saxlanılmış, X3 yerində törətdiyi inzibati xəta hadisəsi ilə razılaşmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X3 həmin qərardan şikayət verərək heç bir inzibati xəta törətmədiyini qeyd etmiş və ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi həmçinin bildirmişdir ki, təqdim edilmiş video görüntülərdə olan avtomobilin markası və dövlət qeydiyyat nişanı görünmür, ona görə də qərar qəbul etmiş orqan daha aydın video görüntülər təqdim etməlidir. Məhkəmə şikayətçinin həmin dəillərinə münasibətdə qeyd edir ki, təqdim edilmiş video görüntülərin vaxtı və yeri ilə inzibati xətanın qeydə alınması vaxtı və yeri üst-üstə düşür (video görüntülər saat 11:05-11:06 radələrində qeydə alınmış, protokol isə bundan iki dəqiqə sonra saat 11:08-də tərtib edilmişdir), həmçinin video görüntülərdə olan avtomobilin əlamətləri ilə (sedan tipli və qara rəngli olması) şikayətçinin idarə etdiyi avtomobil bir-biri ilə uyğunluq təşkil edir. Qeyd edilən hallar isə məhkəməyə təqdim edilmiş video görüntülərdə olan avtomobilin X1nun idarə etdiyi “Hyundai Equus” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil olması qənaətinə gəlinməsi üçün kifayət edir. Beləliklə də, X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-cu maddəsinin İV hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar