Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1215/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonu, Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, Daşkəsən rayonu, Quşçu ərazi dairəsi, Quşçu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1 maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1 maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7129496 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs idarə etdiyi avtomobilin işıq cihazları nasaz olduğundan saxlanılmışdır. Yoxlama zamanı narkotik vasitə qəbulu və sərxoşluq vəziyyəti aşkarlanmışdır. Həmçinin, yol polis şöbəsində sistemə baxarkən onun sürücülük hüququnun da olmadığı, məhdudlaşdırıldığı müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, idarə etdiyi avtomobilin sahibi onun əmisi oğlu olmuş və o, da avtomobildə olmuşdur. Belə ki, o, həmin gün bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra, əmisi oğlu özünü yaxşı hiss etmədiyi üçün avtomobili o, idarə etmişdir. O, xx.xx.2025-ci il tarixdə gecə saatlarında yol polisi tərəfindən saxlanılmışdır. Müayinə zamanı sərxoşluq vəziyyəti və narkotik vasitə qəbulu faktı aşkarlanmışdır. O, narkotik vasitəni xx.xx.2025-ci il tarixdə toyda qəbul etmiş, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmçinin, onun sürücülük hüququnun məhdudlaşdırılması barədə qərardan məlumatı olmamışdır. O, X4 iştirakçısı olduğunu və törətdiyi xətaya görə məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, nəzərə alaraq protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP7129496 nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 334.1 və 334-1.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli 2987 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs götürülmüş nümunədə onun narkotik vasitə olan marixuana qəbulu (THC+) faktı, həmçinin alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə akta əsasən “RAVON NEXİA R3 CDX MİNİK” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə duracağa qəbul edilmişdir. Beləliklə də məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə, yəni inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı və iş materiallarında olan digər sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1 maddələri ilə birgə həmin Məcəllənin 329.3-cü maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 334.1 və 334-1.1 maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 20 may 2025-ci il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi xidmətə görə təqdim etdiyi hesabata əsasən müvafiq məbləğ hesablaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334-1.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1 maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibait həbsdə saxlama müddətinin əvvəli 20 may 2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1215/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1215/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver