Məhkəmə qərarları › İş №3(060)-1217/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1217/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1217/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3 iştirakı ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati xəta haqqında 19 may 2025-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə "xxxx" MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2025-ci il saat 11:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dalğa küçəsi, 1-döngə "xxxx" MMC-yə məxsus yük daşıma yerinə yetirən FAW markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin nəqliyyat vasitəsinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilən 19 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin direktoru X4 bildirdi ki, nəqliyyat vasitəsi 2 ton 800 kq yük götürmə qabiliyyətinə malik kiçik maşındır, öz anbarlarından kiçik müəssisələrə mal daşıyırlar. Protokolda reysqabağı yoxlanılma nəzərdə tutulur, lakin onlar nəqliyyat vasitəsi ilə anbarın ətrafında olan sexlərə mal daşıyırlar. Burada reysdən söhbət gedə bilməz. Həmçinin protokol akt əsasında tərtib olunmalıdır, lakin akt yoxdur. O, ayın 16-sı onlayn qaydada müraciət etmiş, protokol isə ayın 19-u tərtib olunmuşdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X4 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, "xxxx" MMC barəsində şirkətə məxsus “FAW” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin reysqabağı texniki baxışdan keçirilməməsi ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən İXM-nin 326-cı maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində ******* nömrəli protokol tərtib edilmiş və cərimə tətbiqi məqsədilə iş məhkəməyə göndərilmişdir. İnzibati xətanın törədilməsi ilk dəfədir baş verir və şirkət olaraq balanslarında olan nəqliyyat vasitələrinin texniki vəziyyətinə daim nəzarət etməyə çalışırlar. Belə ki, inzibati xətanın törədilməsi davamlı xarakter daşımır, bu vəziyyət qəsdən deyil texniki gecikmə səbəbindən yaranmışdır. Bu halın gələcəkdə təkrarlanmaması üçün artıq müvafiq addımlar atılmışdır və növbəti aylarda baxışın vaxtında keçirilməsi təmin olunacaqdır. Belə olan halda hesab edirlər ki, şirkətə xəbərdarlıq edilmədən birbaşa cərimə tətbiq olunması üçün müvafiq qurumun məhkəməyə müraciəti məqsədəuyğun deyildir. İnzibati tənbehin məqsədinin cəzalandırmaq deyil, tərbiyə etmək olduğunu nəzərə alsaq hazırki halda, qeyd olunan məsələ ilə bağlı ilk dəfə məsuliyyətə cəlb olunan hüquqi şəxs barədə xəbərdarlıq olunmadan dərhal cərimə tətbiqinin istənilməsi X1 prinsiplərinə və 21-ci maddənin tələblərinə uyğun deyildir. Yuxarıda qeyd olunanları, inzibati xətanın ilk dəfə baş verdiyini nəzərə alaraq "xxxx" MMC barəsində Protokolda göstərilmiş inzibati pozuntuya cərimə deyil, xəbərdarlıq tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsi tərəfindən avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında 19 may 2025-ci il tarixli akt tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin direktoru X4 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində hüquqi şəxs barəsində xəbərdarlıq tədbirinin tətbiq edilməsinə dair qeyd edir ki, hüquqi şəxs tərəfindən törədilməsi istinad olunan İXM-nin 326-cı maddəsinin sanksiyasında xəbərdarlıq növündə tənbeh tədbiri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 326-cı maddəsinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. - 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC (VÖEN **********) barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ 5001, ünvan 1 ünvanında olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar