Məhkəmə qərarları › İş №3(060)-1220/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1220/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1220/2023 10.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Fərman Hüseynzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində səs-küy salaraq polis bölməsinə getməyə narazılıq etmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Fərman Hüseynzadə tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində vətəndaş X3 şikayəti əsasında saxlanımış, ona özlərini təqdim etdikdən sonra müvafiq izahat verməsi üçün bölməyə getməli olduğu bildirilsə də o səs-küy salaraq qəti surətdə polis bölməsinə getməkdən imtina etmiş, narazıçılıq etmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş, lakin Polis əməkdaşlarının israrlı tələblərindən sonra Şəxs Polis bölməsinə aparılması mümkün olmuşdur. O, elə həmin tarixdə saat 22:00 radələrində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Lakin növbətçi polis əməkdaşı tərəfindən texniki səhv olaraq şəxsin saxlanılması tarixi tutma protokolunda 09 may 2023-cü il olaraq qeyd edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, o, yaxın münasibətdə olduğu xanımı Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində gözləyərkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb tanışı İsazadə Türkanın onun barəsində şikayət ərizəsi yazdığını və izahatının alınması üçün PB-nə getməli olduğunu bildirmişlər. O, Türkan İsazadənin şikayətindən dolayı əsəbləşərək, səs-küy salmağa başlamış və polis əməkdaşlarının tələblərinə tabe olmayaraq, Polis bölməsinə getməkdən qəti surətdə imtina etmişdir. Daha sonra polis əməkdaşları onu nizam intizama dəvət etmiş və onu polis bölməsinə gətirmişlər. Əməlindən peşmandır, anasının xərçəng xəstəsi olmasını bildirərək bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Mikayıl Əsgərov bildirdi ki, Sumqayıt ŞPİ 1-ci PB-nin CAŞ üzrə əməliyyat müvəkkilidir vəzifəsinə çalışır, polis baş leytenantıdır. Sumqayıt şəhəri 12-ci mikrorayon ev 12 mənzil 45-də yaşayan X2 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ 1-ci PB-nə ərizə verərək telefonla tanış olduğu Şəxs onu və ailəsini öldürməklə hədələdiyini bildirməsi faktına görə toplanmış material üzrə o, və 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1 ilə birlikdə keçirilən əməliyyat tədbirləri nəticəsində Şəxs Şəmkir rayonu Zəyəm kənd sakini olduğu müəyyən olunmuş və Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılaraq ona təhqiqata izahat verməsi üçün tapşırıq verildiyi bildirilərək bölməyə dəvət olunmuşdur. Lakin Şəxs bölməyə gəlməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. O, və digər polis əməkdaşı Şəxs nizam intizama dəvət etsələrdə o, öz qanunsuz hərəkətlərini davam edərək nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs bölməyə gətilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 08 may 2023-cü il tarixdə, saat 23:00-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 16:30 dəqiqədə azad edilmişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-i tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:00-da tutularaq, xx.xx.2023-cü il tarixə saat 16:30-a dək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar