Məhkəmə qərarları › İş №3(060)-1220/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1220/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1220/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 02:15 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, “Sağlam ailə” klinikasının qarşısında saxlanılarkən üzərində marixuana olduğunu bildirmiş və polis bölməsində baxış zamanı 2.227 marixuana aşkar edilmişdir, müayinə zamanı istifadə etdiyi aşkar olunmuşdur. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 02:15 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, “Sağlam ailə” klinikasının qarşısında qəsdən polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 20 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X4 izahatında bildirdi ki, hər iki protokol təhqiqat qərarı əsasında tərtib olunmuşdur. Qərara əsasən Şəxs 20 may 2025-ci il tarixdə gecə saat 02:15 radələrində səs-küy saldıqlarına görə PPX əməkdaşları tərəfindən saxlanılmış, vətəndaş tabesizlik göstərmiş, vətəndaşı avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis bölməsində özü etiraf etmişdir ki, siqaret qutusunun içərisində marixuana olmuş, təqdim etmişdir və hər iki inzibati xəta ilə bağlı protokol tərtib etmişlər. Protokol təhqiqat qərarı, raport və vətəndaşın izahatı əsasında tərtib olunmuşdur. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, dünən Novxanı istiqamətindən Sumqayıta gələrkən 1-ci mikroraryon, “Sağlam ailə” klinikasının qarşısında taksi gözləyirdi, orada dostundan pul almalı idi. Bir az səs-küy saldıqlarına görə PPX əməkdaşları yaxınlaşmış, nə baş verdiyini soruşmuş, bu zaman o, tabesizlik göstərmiş, onu şübhəli şəxs kimi polis bölməsinə dəvət etmişlər, o da avtomobilə əyləşməmişdir. İdarəyə gəldikdən sonra üzərinə baxış keçirilmiş, özünə məxsus, istifadə etmək məqsədi ilə əldə etdiyi 2 qram marixuana aşkar olunmuş, onu da təqdim etmişdir. 6 aydır ki, narkotik vasitə istifadə etməyə başlamışdır, əməliyyat olunduğuna görə ağrıları olur. Əməlindən peşmandır, bir daha təkrarlanmayacaqdır. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şəxsin əməlindən peşman olmasını, gənc olmasını nəzərə alaraq protokolun ləğv olunmasını Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmiş, Şəxs üzərindən götürülmüş maddi sübut Sumqayıt ŞPİ-nin Təchizat qrupuna təhvil verilmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şəxs Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20/349 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd “Winston” adlı siqaret qutusunda təmiz çəkisi 2,227 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 2,207 qram marixuana qalıq qalmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir,işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs xidməti fəaliyyətini həyata keçirən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq maneə yaratmışdır. Eyni zamanda müayinə zamanı Şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, müayinə zamanı da narkotik vasitələrin bir növündən istifadə etməsi aşkar olunmuş, qeyd olunan hal özünün ifadəsi və iş materialları ilə təsdiqini tapmışdır. Başqa sözlə narkotik vasitələrin istifadə növləri kateqoriya üzrə opioidlər, kannabinoidlər və psixostimulyatorlar sinfinə bölünür və Şəxs bir sinfə aid narkotik vasitələrin qəbulu nəticəsində aslılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həbsetmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə qeyd edir ki, Şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,207 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1 və 34.4-cü maddəsinə əsasən tətbiq edilən inzibati tənbeh tədbiri toplanmaqla Şəxs ümumilikdə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin Təchizat Qrupunda saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,207 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar