Məhkəmə qərarları › İş №3(060)-1221/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1221/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1221/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Nümayəndə2 Zərərçəkmiş hüquqi şəxs “Küçə İşıqları” THXS-nin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Nümayəndə2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, Sumqayıt şəhəri, M.Əsədov küçəsində 1 ədəd küçə işıq dirəyinə maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, etibanamə ilə idarə etdiyi Toyota Prius markalı 01AG958 nömrəli maşınla xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə Saray qəsəbəsi istiqamətində gedərkən manevr etmiş, bu zaman yolun sağında olan işıq dirəyini vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Əməlindən peşmandır, ailəlidir, halhazırda ödəniş etməyə imkanı yoxdur, aybaay ödəniş edə bilər, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Nümayəndə2 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Küçə İşıqları” THXS-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi hüquqi şəxsə maddi ziyan vurulmuşdur, Qala sığortaya müraciət etmişlər, Qala sığorta onlara dəymiş zərəri ödəyəcəkdir, bunları nəzərə alaraq məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının 2642 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:20-də alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan “Küçə İşıqları” THXS-nin 5-6-7-2/2-59/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Küçə İşıqları” THXS-nə məxsus işıq dirəyinin "xxxx" ASC-də icbari sığortalanmış “Toyota Prius” markalı 01AG958 nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri M.Əsədov küçəsində sığorta hadisəsi törədərək ziyan vurmuşdur. Hadisə nəticəsində “Küçə İşıqları” THXS-nə 1213,50 manat dəyərində ziyan vurulmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Sumqayıt şəhəri, M.Əsədov küçəsində 1 ədəd küçə işıq dirəyinə maddi zərər dəymişdir. Bu özünün təsdiqedici ifadəsi, tərtib edilmiş protokol və digər sübutlarla təsdiq edilir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmişdir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar