Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1223/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Müsabi Cabbarov, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil Allahveri oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir rayonunda anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Müsabi Cabbarov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Müsabi Cabbarov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, materilla əlavə edilmiş diskdə olan görüntüləri elə ilk dəfə burada yəni məhkəmə iclasında görmüş, əvvəlcədən həmin diskə baxış keçirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, zərərçəkmiş şəxslə onun arasında avtomobilin saxlanması ilə bağlı mübahisə yaranmış, lakin o, o, zərərçəkmiş şəxsi söyməmiş, təhqir etməmişdir. Həmin vaxt ətrafda Şahid və Valeh adlı şəxs olmuşdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs materiala əlavə edilmiş diskə baxış keçirdikdən sonra ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, görüntüdə səs küy salaraq, zərəçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədən qadının 02 sentyabr 1958-ci il təvəlldülü, ünvan 4 ünvanında yaşayan anası X2r. Anası əsəb xəstəliyindən əziyət çəkdiyini, yaşlı olduğundan belə hərəkətə yol verdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, uzun illərdir ki, Şəxs hal-hazırda icarə əsasında işlətdiyi gözəllik salonunun qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 30 may 2024-cü il tarixdə sonuncu ilə aralarında baş verən mübahisənin araşdırılması ilə bağlı Sumqayıt şəhər məhkəməsindən qatıdqdan sonra o, Firəndiz və anası onu küçədə hər kəsin yanında təhqir etmiş, ucadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı ətrafda çoxlu sayda kənar şəxs olmuş, baş verənlərin şahidi olmuşlar. Məhkəmədə Zərərçəkmiş şəxs ilkin ərizəsində həm Şəxs, həm də onun anasının onun ünvanına nalayiq ifadələr işlətdiyini, həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etdiyini bidirmişdir. Eyni zamanda bildirmişdir ki, qanunsuz hərəkətləri özü öz mobil telefonu vasitəsilə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, hadisə baş verən zaman o, gözəllik salonunda olmuş, səs-küyə çölə çıxmış, bu zaman Firəngizin Telmana qarşı hər hansı nalayiq ifadə işlətdiyini görməmişdir. Mübahisə zamanı Firəngiz Telmanı onu təhqir etməmiş, əksinə Zərərçəkmiş şəxs Firəngizi təhqir etmiş, Firəngiz isə ona cavab verməyərək, sadəcə “ayıb olsun” demişdir. İş materiallarında olan ərizədən görünür ki, 30 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Firəngiz adlı şəxs və onun anasının onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlə ərizə ilə Sumqayıt ŞPİ 1-ci PB-ə müraciət etmişdir. İlkin araşdırma zamanı Şəxs və Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu izahatlarına uyğun izahatlar vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı DVD diskə baxış keçirilən zaman məlum olur ki, yol kənarında hərəkətin sıx olduğu yerdə ətrafda olan çoxlu sayda kənar şəxslərin yanında bəstəboylu, qara paltarlı, qəhvəyi saçlı qadının kənarda dayanmış kişi cinsindən olan şəxsin, o cümlədən adını konkret olaraq çəkmədiyi məhkəmənin ünvanına ucadan qışqıraraq, ətrafdakilərin diqqətini özünə çəkməklə müxtəlif nalayiq və təhqiramiz ifadələr işlədir, uzun müddət bu hərəkətlərindən əl çəkməyərək bu hərəkətlərini davam etdirir, hündür boylu, qara paltarlı, qara saçlı qadının, həmçinin kənarda olan kişi cinsindən olan şəxslərin onu sakitləşdirməyə çalışır. Diskə baxış keçirilərkən hündür boylu, qara paltarlı, qara saçlı qadının (Firəngiz Ərəbovcanın) hər hansı qayda pozuntusu və ya qanunazid hərəkət etdiyi müşahidə edilədi. DVD diskə baxış keçirildikdən sonra proses iştirakçılarına verilmiş suallardan sonra ünvansız nalayiq küçə söyüşləri söyən bəstəboylu, qara paltarlı, qəhvəyi saçlı qadının hazırkı iş üzrə barəsində protokol tərtib edilən şəxsin anası 02 sentyabr 1958-ci il təvəllüdlü X3, hündür boylu, qara paltarlı, qara saçlı qadının isə hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu məlum olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş sahə inspektorunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materialına əlavə olunmuş baş verməsi iddia edilən inzibati xətanın əks olunduğu protokol, sənədlər və DVD diskə qiymət verərək hesab edir ki, Şəxs barəsində İXMnin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Sahə inspektoru raportda qeyd olunan hallarla bağlı əsaslı araşdırma aparmadan, şəxsin təqsirli olması barədə sübutlar toplamadan, formal mülahizərə əsaslanmaqla, özünün də qeyd etdiyi kimi şikayət edən şəxsin tədqim etdiyi diskə baxış keçirmədən Şəxs xırda xuliqanlıq əməli törətməsi qənaətinə gələrək sonuncu barəsində İXM-nin həmin maddəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilən DVD diskə baxış zamanı nalayiq ifadələr işlədən şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs deyil, sonuncunun anası X1 olduğu məlum olmuşdur “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Müsabi Cabbarovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil Allahveri oğluna həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, iş üzrə icraata xitam verilməli, xx.xx.1958-ci ildə anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan X1 hərəkətlərinə inzibati xəta tərkibinin olub-olmamasının araşdırılması Sumqayıt ŞPİ-nin 1-ci PBnə tapşırılmalıdır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. xx.xx.1958-ci ildə anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan X1 hərəkətlərində inzibati xəta tərkibinin olub-olmaması hissəsində araşdırılma aparılması Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə tapşırılsın. Vəkil Allahveri oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1223/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1223/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver