Məhkəmə qərarları › İş №3(060)-1239/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1239/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1239/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, iki azyaşlı uşağı olan, orta təhsilli, “Araz” Marketdə kassir işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 05 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən Araz marketdə X1 təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən Araz marketdə X1 təhqir etmişdir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Çerkassi küçəsində yerləşən Araz marketin yanında ət satan Şakir adlı şəxsi tanıyır, 29 may 2024cü ildə oraya ət almağa gəlmişdir. Bu zaman yaxınlıqda Araz marketdə kassir işləyən Esmira oraya gələrək Şakirlə mağazanın içərisində mübahisə etmişdir. Həmçinin onun ünvanına da əsassız ittihamlar səsləndirmişdir. Həmin vaxt o Esmira ilə mübahisə etməmişdir. Esmira işlədiyi Araz marketə getmiş və təkrar Şakirin mağazasına gəlmişdir. Orada Şakirlə mübahisə edərək yenidən getmişdir. Bütün bunlar mağazanın içərisində baş vermişdir. Esmira getdikdən sonra o da Şakirin mağazasından getmişdir. O, Esmiranın işlədiyi marketə getməmiş, yaxud həmin maretin qarşısında səs-küy salmamışdır. O, yalnız Şakirin mağazasında olmuş, həmin vaxt Esmira özü oraya gəlmiş və Şakirlə mübahisə etmişdir. Mübahisə isə ancaq mağazanın içərisində baş vermişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş X5 bildirmişdir ki, Şəxs evli ola-ola Şakir adlı şəxslə münasibət saxlayır, həmçinin onun barəsində müxtəlif əsassız söhbətlər edir ki, guya onun da Şakirlə münasibəti var. 29 may 2024-cü ildə işlədiyi marketdə olarkən Şakir onu yığaraq Ləmanın gəldiyini bildirmiş, ona görə marketə yaxın olan Şakirin mağazasına getmişdir. X9 mübahisə etməsini görmüşdür. Həmin vaxt onun barəsində əsassız şaiyələr yayan Ləmana öz iradını bildirmiş və işlədiyi Araz marketə qayıtmışdır. Bir az sonra yenə Şakirin mağazasına gedərək sonuncuya bildirmişdir ki, Ləmanla aralarında olan məsələni özləri həll etsinlər və bundan sonra geri qayıtmışdır. Bütün bunlar isə Şakirin mağazasının içərisində baş vermişdir. Həmin vaxt mağazada o, Şakir və Ləman olmuş, başqa kimsə olmamışdır. O mağazadan çıxdıqdan sonra çöldə Ləmanla hər hansı mübahisələri və ya səs-küy olmamışdır. Göstərilən halları nəzərə alaraq onun barəsində əsassız şayələr yayan Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əmllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, işin halları ilə təsdiq edilir ki, mübahisə Şəxs ilə Şakir adlı şəxs arasında sonuncuya aid mağazada şəxsi münasibətlər zəmnində baş vermişdir. Şəxs zərərşəkmiş şəxs Esmira Aslanovanın işlədiyi yerə getməmiş və ya ictimai yerdə ona qarşı hər hansı ifadə işlətməmişdir. Esmira Aslanova özü Şəxs ilə Şakir adlı şəxs arasında olan mübahisəyə görə sonuncunun mağazasına gəlmiş və orada yalnız mağazanın içərisində həmin şəxslər arasında sözlə ifadə olunan (hər hansı zorakılıqla müşaiyət olunmayan) mübahisə baş vermişdir. Zərərçəkmiş şəxsin öz izahatı ilə də bir daha təsdiq edilmişdir ki, Şəxs ona qarşı ictimai yerdə hər hansı təhqir edici söz və ya ifadə işlətməmiş və ictimai yerdə qaydaları pozmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq obyektiv cəhətdən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ifadə olunur. Normanın məzmunundan göründüyü kimi burada ən vacib dispozitiv şərt ictimai qaydanı pozan hərəkətlərin mövcud olmasından ibarətdir. Lakin, indiki halda Şəxs hər hansı ictimai qaydanı pozması müəyyən edilməmiş, sonuncu yalnız şəxsi münasibələr zəmnində Şakir adlı şəxslə mağazanın içərisində mübahisə etmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.5-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.5-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.5-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.5-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar