Məhkəmə qərarları › İş №3(060)-1241/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1241/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1241/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Ehtiram Məmmədov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat təxminən 11:00 radələrində Novxanı yolu "VAZ" dairəsi adlanan ərazinin yaxınlığında DİN BDYPİnin yol patrul xidmətinin baş inspektoru Elnur İmanov idarə etdiyi “Kamaz 53212” yük markalı **-SD-*** dövlət qeydiyyatlı avtomobili heç bir səbəb olmadan saxlayaraq daşıdığı yükün çox olmasını ona bildirmiş, başqa bir yol polis əməkdaşına zəng edərək oraya tərəzi gətirmələrini bildirmişdir. O, etiraz edərək yaxınlıqda Yol Polis İdarəsinin çəkini düzgün olaraq ölçən tərəzinin olduğunu, həmin yerə getmələrini söyləsə də, inspektor imtina etmişdir. Yoxlama aparan zaman o, tərəziyə dair sənədləri (elektron tərəzinin standartlara uyğun olması barədə sertifikat, düzgün işləməsi barəsində arayış və həmin tərəzinin son Meteorologiya və Patent Agentliyinin son yoxlanması haqqında arayış) tələb etsə də, ona heç bir sənəd təqdim olunmamışdır. Ona daha sonra tərəzinin sertifikasiyadan keçməsi barədə sənəd təqdim olunmuş, həmin sənəddə tərəzinin Cənubi Koreya istehsalı olduğu qeyd olunsa da, onun avtomobilini ölçən tərəzinin İtaliya istehsallı olduğunu müəyyən etmişdir. Tərəzi ilə ölçmə aparılan zaman yükün çəkisinin 27147 kiloqram olması məlum olunmuşdur. O, protokol və qərardan şikayət edəcəyini bildirdikdə ona qərarı yol patrul xidməti avtomobilinə quraşdırılmış bort kompyuterdən çıxarmaqla deyil, “402” saylı otaqdan vermişlər. Bundan sonra onun şikayəti əsasında xx.xx.2024-cü il tarixdə yenidən yoxlama aparılmış, həmin vaxt yükün çəkisinin 26810 kq olması məlum olmuşdur. O, etiraz etmiş, xx.xx.2024-cü il tarixdə yenidən ölçmə aparılan zaman yükün çəkisinin bu dəfə 26480 kiloqram olması məlum olmuşdur. Göründüyü kimi hər dəfə yoxlama aparılan zaman yükün çəkisi fərqli olmaqla azalmışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Ehtiram Məmmədov ona ünvanlanmış suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, onun idarə etdiyi “Kamaz 53212” yük markalı **-SD-*** dövlət qeydiyyatlı yük maşını 3 oxludur. Qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli qərarı ilə onun avtomobili yüklə birlikdə çəkisi 26 ton müəyyən edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini, material üzrə yenidən araşdırma aparılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsiniə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Ehtiram Məmmədovun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ-nin əməkdaşları tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırılma aparılmamışdır. İXM-nin 353.2-ci maddəsinə İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə-fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İş materiallarına əlavə edilmiş nə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda, nə də xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarda törədilməsi ehtimal olunan inzibati xətanın aşkar edilməsində istifadə edilmiş xüsusi texniki vasitəsi haqqında yuxarıda qeyd olunmuş göstərilməli olan məlumatlar öz əksini tapmamışdır. İXM-nin 127-1.1-ci maddəsinə görə Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-nin tələblərindən də göründüyü kimi İXM-nin 353.2-ci maddəsində qeyd olunan inzibati xətanın aşkar edilməsi üçün mütləq qaydada xüsusi texniki vasitədən (elektron tərəzi) istifadə olunmalıdır. Hazırkı vəziyyətdə törədilməsi ehtimal olunan inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitəyə dair məlumatların göstərilməməsi qəbul edilmiş qərarı şübhə altına almış olur. İXM-nin 127-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Məhkəmə iclasında Ehtiram Məmmədov yol patrul xidməti inspektorundan müvafiq sənədləri tələb etdiyini bildirsə də, ona çəkidə istifadə olunmayan tərəziyə dair sənədlərin təqdim olunduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar araşdırılmadan iş materiallarında olan sənədlərlə inzibati xəta hadisəsinin həqiqətən də olub-olmamasını müəyyən etmək qeyri mümkündür. Həmin faktın araşdırılması ilə bağlı BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar