Məhkəmə qərarları › İş №3(060)-1244/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1244/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1244/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Oruc qızının, X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Qubadlı rayonu, Tinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 tərəfindən 07 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2067/16 saylı, 02.09.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 19200 manat məbləğində borc pulun alınaraq X3 ödənilməlidir. Bu günədək o, cəmi 4300 manat pul ödəmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2067/16 saylı, 02.09.2016-cı il tarixli icra sənədinə əsasən ondan 19200 manat məbləğində borc pulun alınaraq X3 ödənilməlidir. Borcdan 4300 manat ödədiyini, maddi imkanı aşağı olduğuna görə borcunu tam ödəyə bilməmişdir. Fərdi əməklə məşğul olduğunu, hər ay hissə-hissə ödəməyə çalışacağını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olduğunu bildirdi. Məhkəmədən barəsində xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə tələbkar X4 bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2067/16 saylı, 02.09.2016-cı il tarixli icra sənədinə əsasən ondan 19200 manat məbləğində borc pulun Şəxs alınaraq ona ödənilməlidir. Şəxs borcdan bir qismini ödədiyini və qalıq borcu tam ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmədən Şəxs cəza verilməsini xahiş etdi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən himayəsində bir azyaşlı uşağının olmasıdır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs fərdi əməklə məşğul olmasına və qətnamənin hissə-hissə ödənilməsi və ya möhlət verilməsi barədə qərardad olmamasına və yuxarıda göstərilən icra sənədi üzrə borcdan uzun müddət keçməsinə baxmayaraq az miqdarda ödəniş etdiyindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar