Məhkəmə qərarları › İş №3(060)-1247/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1247/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1247/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, "xxxx" Firmasının nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilətərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Firması 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 10063,50 (on min altmış üç ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında "xxxx" Firmasının nümayəndəsi X4 bildirmişdir ki, pul ödənilib, bu barədə gömrük bəyannaməsi də var. Əlavə 200000-lük malda göndərilib. 1 malda çatışmamazlıq olub, lakin digərlərində tam gəlib. Hazırda tərtib olunan protokol bankın səhvi nəticəsində yaranmışdır. Bu barədə banka məlumat verilsə də, bank öz səhvini etiraf etməmişdir. Qeyd olunan mallar ayrı-ayrı yox, eyni müqaviləylə gəlib. Bəyannamələrdə bütün mallar hamısı tam qeyd olunub. Ona görə də "xxxx" Firmasının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, hüquqi şəxs "xxxx" Firması tərəfindən 200000 (iki yüz milyon) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. - Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Firması 200000 (iki yüz min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır, bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Firması tərəfindən xx.xx.2023-cü il tarixində 200000 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin vəsaitdən hesabına alınan malların 10063,50 ABŞ dollarından ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaitini geri qaytarılmamışdır. Məhkəmə iclasında "xxxx" Firmasının nümayəndəsi və vəkili xaricə köçürülmüş valyuta vəsaitlərinə görə müvafiq malların idxal edilməməsinin və ya pul vəsaitlərinin qaytarılmamasının onların iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini və bank tərəfindən belə bir yalnışlığa yol verdiyini bildirmişdir. Lakin, həmin halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Firmasının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ doları olduğundan cərimənin məbləği ABŞ dolları ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Firması (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10063,50 (on min altmış üç ABŞ dolları əlli sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2012 (iki min on iki) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bairbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar