Məhkəmə qərarları › İş №3(060)-1249/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1249/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1249/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, İcra sənədi üzrə tələbkar - Zərərçəkmiş şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, subay, “xxxx” MMC-də metal töküçü köməkçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 09 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8277/2019 saylı, 12.11.2019-cu il tarixli icra sənədi üzrə yığılmış 7.200,00 manat aliment borcunu üzürsüz səbəbdən ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1249/2021 saylı 09 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1249/2021 saylı 09 aprel 2021-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-292/2021 saylı 19.05.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 3(060)-1249/2021 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün 08.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 22 iyun 2021-ci il tarixə təyin edilmişdir Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, 12.11.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən 13 may 2019-cu il tarixdən Şəxs 12.12.2008-ci il təvəllüdlü X2, 27.11.2009-cu il təvəllüdlü X3 və 29.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs Abdulla qızının xeyrinə tutulmalıdır. Bu günə qədər borclu şəxs tərəfindən aliment borcundan cəmi iki dəfə, hər dəfə 360 manat olmaqla tələbkarın xeyrinə ödəniş edilmişdir. Hazırda Şəxs icra sənədi üzrə 7200 manat aliment borcu yaranmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, 12.11.2019-cu il tarixli icra sənədinə əsasən 13 may 2019-cu il tarixdən Şəxs 12.12.2008-ci il təvəllüdlü X2, 27.11.2009-cu il təvəllüdlü X3 və 29.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmalıdır. Borclunun ona 7200 manat aliment borcu olduğundan onun barəsində inzibati protokol tərti olunmuşdur. İşə baxılan ərəfədə o 400 manat ödəniş etmiş və söz vermişdir ki, hər ay ödəniş edəcəkdir. Buna görə də o məhkəməyə icraata xitam verilməsi barədə ərizə vermişdir. Lakin bundan sonra o və yaxınları ona hədə qorxu gələrək, təhqir edərək alimenti ödəməyəcəyini bildirmişdirlər. Hal-hazırda yığılmış aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Buna görə də Şəxs qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, 12.11.2019-cu il tarixli icra sənədinə əsasən 13 may 2019-cu il tarixdən 12.12.2008-ci il təvəllüdlü X2, 27.11.2009-cu il təvəllüdlü X3 və 29.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ondan Zərərçəkmiş şəxs Abdulla qızının xeyrinə tutulmalıdır. İndiyədək borcundan iki ayı tam olaraq ödəyə bilmişdir. Uzun müddət işsiz olduğundan aliment borcunu tam ödəyə bilməmişdir. Bundan başqa tələbkar ona uşaqlarını görməyə şərait yaratmır. Aliment borcunu tam ödəyə bilmir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-292/2021 saylı 19.05.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyi, tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın, borclunun izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki işlə bağlı qərarındakı hüquqi mövqeyini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 iyun 2021-ci il tarixdən, saat 16:55-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar